Məhkəmə qərarları › İş №2(074)-609/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-609/2022

05.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-609/2022 05.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən şərikli mülkiyyətdə olan evin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara uyğun şəkildə onunla cavabdeh arasında bölüşdürlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşməsinə dair məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən paylar məlum olan evin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara uyğun şəkildə onunla cavabdeh arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, vərəsəliklə bağlı valideynlərindən miras qalmış ünvan 1 ev 5/6 hissə ilə ona məxsusdur. 1/6 hissə isə qardaşı Cavabdeh məxsusdur. Namiqin cəmisi 1/6 hissəsi olmasına baxmayaraq o bütün evi zəbt edərək ailəsi ilə birlikdə orada yaşayır, o isə öz hissəsindən istifadə edə bilmir. Özü də 2-ci qrup əlildir. Əmlakından sərbəst şəkildə istifadə edə bilmir. Dəfələrlə Namiqə təklif etmişdir ki, ya ona düşən payı ödəyə evi bütövlükdə ona versin ya da o ona düşən hissənin pulunu versin və evi bütövlükdə ona versin. Lakin Namiq bununla razılaşmır və onu da evə yaxın buraxmır. Odur ki, məhkəmə qaydasında evin naturada bölgüsü ilə bağlı Şamaxı rayon məhkəməsinə müraciət etmişdim. Şamaxı rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış evin naturada bölgüsü mümkün olmamışdır. Bundan sonra məhkəmədə cavabdehə qarşı “Şərikli mülkiyyətdə olan evin qiymətləndirilməsi və əmlakdakı payına görə kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam veriməsi tələbinə dair” iddia qaldırmışdır. Məhkəmədə ekspertiza təyin olunmuş və ev qiymətləndirilmiş, bazar qiyməti 39100.00 manat, likvid dəyəri 35200.00 manat müəyyənləşdirilmişdir. Təklif etmişdir ki, ya Namiq onun 5/6 hissə payının pulunu ödəsin, mülkiyyət hüquqlarına xitam verilsin, ya da onun payına düşən pulu ödəyir, onun 1/6 hissə payına xitam verilsin. Namiq bunların heç birisinə razı olmamışdır. Məhkəmə xx.xx.2022-ci il tarixli qətnaməsilə iddianı rədd etmişdir. Belə olan halda istəyir ki, ev açıq hərracdan satılsın, əldə olunmuş vəsait paylara uyğun şəkildə onunla cavabdeh arasında bölüşdürülsün. Odur ki, ünvan 1 ünvanda yerləşən paylar məlum olan birgə mülkiyyətdə olan evin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara uyğun şəkildə onunla cavabdeh arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 iddia təəbinin əsaslı olduğunu bildirərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, iddia tələbilə razı deyildir. Belə ki, vərəsəliklə bağlı valideynlərindən miras qalmış Şamaxı şəhəri N.Nəcəfov küçəsi 78 saylı ev 1/6 hissə ilə ona məxsusdur. İddiaçı qardaşıdır. Ona pul lazım olduğundan bu iddia tələbini irəli sürmüşdür. İddia tələbi ilə razı deyil, belə ki, başqa yaşayış yeri yoxdur, ona da ev lazımdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan MA ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0092 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 5/6 hissə İddiaçı məxsusudur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(074)- 55/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X2, X3 və Həsənova Nəzakət Babaş qızına qarşı “evin naturada bölünməsi, evin hərracdan satılaraq paylara uyğun bölüşdürlməsi və cavabdehlərin qeydiyyatdan çıxarılmalarına dair” iddiası rədd edilmişdir. İş materiallarında olan Premium Qiymətləndirmənin xx.xx.2021-ci il tarixli № PRE/07/2021 saylı ekspert rəyinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 110,4 m2, yaşayış sahəsi 31,8 m2, köməkçi sahəsi 78,6 m2 təşkil edən fərdi yaşayış evinin və 0,0092 ha torpaq sahəsinin bazar dəyəri 39100,00 manat, likvid dəyəri 35200,00 manat təşkil edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(074)- 45/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 5/6 hissə İddiaçı və 1/6 hissə Cavabdeh məxsus olmaqla onların paylı mülkiyyətindədir. Evin naturada bölünməsi Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(074)-55/2021 saylı qətnaməsində qeyd olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 fevral 2021-ci il tarixli 10/3260 saylı ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflər arasında 5/6 və 1/6 paylar üzrə bölünməsi İnşaat Norma və Qaydaları” 2.08,01.89-un 1,1, 2,2, 2.4. və 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığından Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(074)-55/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Daha sonra iddiaçı “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmiş və cavabdeh kompensasiyaya razı olmadığından Şamaxı rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(074)-45/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin əmlakdan payının ayrılmasını istəsə də, cavabdeh buna razı olmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Ekspertin rəyi ilə evdən payın naturada ayrılması hissəsi mümkün deyildir. Eyni zamanda cavabdeh kompensasiya məbləğini qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən payli mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş MA ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,0092 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın, əldə olunmuş vəsait paylara uyğun 5/6 hissə İddiaçı, 1/6 hissə Cavabdeh payına uyğun şəkildə bölüşdürlməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş MA ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,0092 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın, əldə olunmuş vəsait paylara uyğun 5/6 hissə İddiaçı, 1/6 hissə Cavabdeh payına uyğun şəkildə bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar