Məhkəmə qərarları › İş №2(074)-631/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-631/2022

25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-631/2022 25.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi, Şamaxı rayon Notariat ofisi) “hüquqi əhəmiyyətli faktın təsdiqi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın təsdiqi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xalası oğlu X2 ilə qohumluq faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndində isə izah edilir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.2-cı bəndinə isə izah edilir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Qeyd edilən qanunvericilik normalarına və Ali Məhkəmənin Plenumunun qərarına əsaslanaraq məhkəmə qeyd edir ki, ərizəçi hazırki faktın müəyyən edilməsinin ona xalası oğlu X1 öz evini ona bağışlamaq üçün lazım olduğunu bildirmişdir. Lakin Notariat ofisi tərəfindən xalası oğlunun öz evini ona bağışlamasını rəsmiləşdirməkdən imtina etməsinə dair heç bir sübut ərizəyə əlavə edilməmişdir. Halbuki “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.6-cı bəndində qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Ərizəçi “hüquqi əhəmiyyətli faktın təsdiqi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar