Məhkəmə qərarları › İş №2(074)-675/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-675/2025

25.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-675/2025 25.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabeh Cavabdeh qarşı “bir hissəsi mülkiyyətində olan daşınmaz əmlaka, payının naturada ayrılıb verilməsi tələbinə dair“ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olmaqla, 1/4 hissəsinin mülkiyyətçisi olduğu ünvan 1 ünvandakı fərdi yaşayış evinin və həyətyanı sahənin ona düşən hissəsinin naturada ayrılıb, özünə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il tarixdə Cavabdeh Əliağa oğluna qarşı “evin bölünməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-cil il tarixli, 2(074)-568/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 350/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin xx.xx.2021-cil il tarixli, 2(074)-568/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin hər iki məhkəmə qətnamələrdə babası Əliağa Məmmədovdan miras qalmış sözügedən mübahisəli evə mərhum anası X3 adına vərəsəlik açılmasını və yalnız bundan sonra yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbinin təmin olunmasının mümkünlüyü ona bildirilmişdir. İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olduğu ev üçün miras əmlakın dörddə bir hissəsi qədər pay almağına dair vərəsəlik işi açılmışdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-668/2023 saylı qətnaməsindən görünür ki, məhkəmə tərəfindən iddia tələbi qismən təmin edilərək, ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köcürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-291/2024 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-668/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi 2-22 18557 olan, xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 3 ünvanındakı ümumi sahəsi 132.6 kv metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,0484 olan ha olan həyətyanı sahənin 1/4 hssəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Bildirir ki, ünvan 6 ünvanındakı ümumi sahəsi 32.6 kv metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.0484 ha olan həyətyanı sahənin 1/4 hissəsi onun xüsusi mülkiyyətinə verilməsinə və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin mənzilə köçürülməsinə baxmayaraq, Cavabdeh Əliağa oğlu onun həmin mənzildə yaşamasına imkan vermir. Ona görə də, uzun müddətdir ki, kirayələrdə qalmışdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-668/2023 saylı qətnaməsi ilə o, ünvan 6 ünvanına köçürülsə də, cavabdeh buna imkan verməyərək, həmin evin yan tərəfində tikilmiş tövləyə oxşayan və yaşayış üçün heç bir şəraiti olmayan əlavə yardımçı tikilinin içərisində yaşaya biləcəyini qətnaməni icra edən icra məmurlarına bildirmişdir. Halbuki, bunu da Cavabdeh söz xatirinə deyirdi. Əslində də o, buna da, qadağa qoymuşdur. Lakin o, həmin yaşayış sahəsinin 1/4 hissəsinin mülkiyyətçisi olduğuna görə, qeyri-qanuni tikilidən yox, qanuni hesab edilən yaşayış sahəsindən ona düşəsi payının naturada ayrılaraq, özünə verilməsini istəyir. Bu məqsədlə xx.xx.2025-ci il tarixdə Cavabdeh Əliağa oğluna pretenziya qaydasında müraciət göndərib ondan könüllü olaraq, ona düşəsi daşınmaz əmlak payınını bölüb özünə verməsini, bu mümkün olmadıqda isə, ona düşən əmlakına uyğun 30000 (otuz min) manat pulu nağd şəkildə ona verməsini xahiş etmişdir. Bu halda, o, ünvan 1 ünvanındakı mənzilindən qeydiyyatdan çıxmaqla, orada bütün mülkiyyət hüququndan notarial qaydada imtina etməyə razı olduğunu yazmışdır. Əks halda, isə həmin mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə onun açıq hərracdan satışa çıxarılmasına dair məhkəməyə yeni iddia ərizəsi ilə müraciətlər edəcəyini cavabdehə bildirmişdir. Lakin 1 aydan çox vaxt keçməsinə baxmayaraq, Cavabdeh Əliağa oğlu pretenziya qaydasında ona ünvanladığı rəsmi müraciətinə məhəl qoymamışdır. Odur ki, məcbur olub iddia ərizəsi ilə 1/4 hissəsi mülkiyyətində olan ünvan 8 ünvanındakı fərdi yaşayış evinin və həyətyanı sahənin ona çatası hissəsinin naturada ayrılıb özünə verilməsi tələbinə dair məhkəməyə müraciət edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz etdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında 05 oktyabr 2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, 21 avqust 1963-cü il tarixdə vəfat etmiş X1 vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 31 avqust 2003-cü il tarixdə vəfat etmiş qızı X2 1/4 hissəsi üzrə vərəsəsi - ünvan 9 ünvanında qeydiyyatda olan İddiaçı və miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2025-ci il tarixli 10/3664 nömrəli ekspert rəyində göstərilir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin konfiqurasiyasını, tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini, paylara uyğun sahələri, otaqların yerdəyişmə vəziyyətini, yardımçı tikililərin sayını nəzərə alaraq, fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin tərəflər arasında paylara uyğun texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən olunmuşdur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 21 avqust 1963-cü il tarixdə vəfat etmiş X1 vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 31 avqust 2003-cü il tarixdə vəfat etmiş qızı X2 1/4 hissəsi üzrə vərəsəsi ünvan 10 ünvanında qeydiyyatda olan İddiaçı və miras əmlakdan tam hissədə pay almalıdır. İddiaçının mübahisələndirdiyi evə köçürülməsi təmin edilmiş, hazırda evdən payının naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə, mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçıdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payının naturada ayrılıb, ona verilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. İddiaçı 100 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar