Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-681/2022 12.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisi) “mirasın qəbul etmə faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi “mirasın qəbul etmə faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Məlhəm kəndində yerləşən X5 adına olan Torpaq üzərində Mülkiyyət hüququna dair JN-223 saylı 41007028 kodlu Dövlət aktına əsasən 0,72 ha torpaq sahəsindən və Torpağın mülkiyyətə verilməsinə dair JN-144A saylı Şəhadətnaməyə əsasən 0,07 ha həyətyanı torpaq sahəsindən ibarət olan miras əmlakın onun tərəfindən bütövlükdə faktiki olaraq qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun ögey anası X18 02 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. Ondan Məlhəm kəndində torpaq sahələri və ev miras qalmışdır. Ögey anası Gülsənəm ölməmişdən əvvəl öz əli ilə vəsiyyətnamə yazaraq evini, həyətyanı sahəsini və 0,72 ha pay torpağını ona vəsiyyət etmişdir. O, həmin əmlaklara vərəsəlik şəhadətnaməsi almaq üçün Şamaxı regional “Asan xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş, ona bildirilmişdir ki, mirası qəbul etmə müddətinin uzadılmasına və ya mirası qəbul etmə faktının müəyyən olunmasına dair məhkəmə qərarı olarsa miras əmlaka dair ona vərəsəlik şəhadətnaməsi verilə bilər. O, hələ kiçik yaşlarında olarkən anasını itirmiş, atası yenidən evlənmişdir. Birgə nikahlarından uşaqları olmamışdır. Onu ögey anası Gülsənəm saxlamışdır. Atası 1977-ci ildə vəfat etmişdir. Bundan sonra da ögey anası onun himayəsində yaşamış, 02 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. Dəfn mərasimi, yas mərasimləri ilə əlaqədar bütün xərclər tərəfindən çəkilmişdir. Ögey anası Gülsənəm vəfatından sonra ondan miras ev və torpaq sahələri qalmışdır. Ölməmişdən əvvəl həmin evi və torpaq sahələrini ona vəsiyyət etmişdir. Lakin ev hələ dövlət qeydiyyatına alınmamışdır. O, notariat orqanına rəsmi olaraq ərizə verməsə də faktiki olaraq miras əmlakları qəbul etmiş, hazırki vaxta kimi evi, torpaq sahələrini faktiki olaraq o, idarə edir. Həmin evdə yaşayır, həyətyanı torpaq sahəsindən, pay torpağından istifadə edir, torpaq vergilərini, evin kommunal xərclərini o ödəyir. İşıq, qaz onun adınadır. Yəni, bir sözlə miras əmlakı tam şəkildə faktiki olaraq o qəbul etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşdirmə verərək, Şamaxı rayonu Məlhəm kəndində yerləşən X5 adına olan Torpaq üzərində Mülkiyyət hüququna dair JN-223 saylı 41007028 kodlu Dövlət aktına əsasən 1.03 ha torpaq sahəsindən və Torpağın mülkiyyətə verilməsinə dair JN-124A saylı Şəhadətnaməyə əsasən 0,07 ha həyətyanı torpaq sahəsi və Məlhəm kəndində yerləşən inventar nömrəsi 155 olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın onun tərəfindən bütövlükdə faktiki olaraq qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, o, Ərizəçi qonşusudur. Ələddinin anası vəfat etmişdir. Atası ikinci dəfə evlənmişdir. Ögey anası X5 heç kimi yox idi. Onların uşaqları da olmadı. Qadın öləndən sonra evdə Ələddin və ailəsi yaşayıb, torpaqlardan da o, istifadə edib. Ələddinin başqa bacı qardaşı olub, lakin onlarda rəhmətə gediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, Ələddinlə qonşudur. X10 tanıyır. Onun heç kimi yox idi. Ələddinin anası öləndən sonra atası Gülsənəmlə evləndi, lakin evliliklərindən övladları olmadı. Şamaxı rayonu Məlhəm kəndində yerləşən evin kimin olmasını bilmir, lakin həmin evdə Ələddin özü yaşayır. Ailəsindən qalan torpaqlardan da o, istifadə edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Şamaxı Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosses iştirakçılarının dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan ИЖ № 390374 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı ildə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuşdur. X4, anası X19r. İş materiallarında olan İ-ЖГ № 326751 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X2 nikahları xx.xx.1976-cı il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Bağrov, arvada Bağırova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Şamaxı rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X23 xx.xx.1977-ci il tarixdə ölmüşdür. İş materiallarında olan V-ЖГ 312559 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 041488 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 614755 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 905199 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2000-ci il tarixli vəsiyyətnamədən görünür ki, X1 rayonu Məlhəm kəndində yerləşən evini, xırda mülkiyyətləri həyətyanı sahəni və 72 sot pay torpağını Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2/1377 saylı Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisinin məktubundan görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə tarixdə vəfat etmiş X5 qanunvericiliklə nəzərdə tutulmuş vərəsələrinin sırasına daxil olmadığı üçün vərəsəlik işinin rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə Şamaxı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X30 xx.xx.2019-cu il tarixli 403 saylı arxiv çıxarışından görünür ki, Şamaxı RİH - nin Məlhəm kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Məlhəm kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Məlhəm kənd sakini X7 təsərrüfatında həyətyanı torpaq sahəsi 0,10 ha, yaşayış tikintisi altına 0,01 ha qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X30 xx.xx.2021-ci il tarixli 199 saylı arxiv çıxarışından görünür ki, Şamaxı RİH-nin Çuxuryurd İƏD üzrə nümayəndəliyinin 1977-1979-ci illərin Çuxuryurd kəndi üzrə Qaytanlanmış təsərrüfat başına kitablarında kənd sakini şəxsi hesab №-si 586 olan X15 təsərrüfatında həyətyanı torpaq sahəsi 0.10 ha, tikinti altına 0.02 ha qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 38 saylı Şamaxı rayon Məlhəm bələdiyyəsinin arayışından görünür ki, X15 Məlhəm bələdiyyəsinin Məlhəm kəndi ərazisində yerləşən əmlak və torpaq sahəsinə dair vergilər Ərizəçi tərəfindən ödənilmişdir. İş materiallarında olan JN-124A KOD 41017028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X13 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-223 KOD 41017028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X13 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə 1.03 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan RPA********** saylı daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Şamaxı rayonu Məlhəm kəndində yerləşən yaşyış evini sığorta etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 50 saylı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Məlhəm kənd İƏD-si üzrə nümayəndəliyinin arayışından görünür ki, Ərizəçi Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Məlhəm kənd İƏD-si üzrə nümayəndəliyində yaşayır. Ailə tərkibi X24, X14, X33, X16 ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 58 saylı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Məlhəm kənd İƏD-si üzrə nümayəndəliyinin arayışından görünür ki, X18 02 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi Şamaxı rayonunun Məlhəm kəndin yaşamış və qeydiyyatda olmuşdur. Mərhumənin vəfatından sonra heç bir varisi qalmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2054 saylı Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisinin məktubundan görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X5 adına vərəsəlik işinin açılması və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şamaxı rayonu, Məlhəm kəndində yerləşən fərdi yaşayış evi X13 məxsusdur. Məhkəmə iclasında müəyyən olundu ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə X13 Şamaxı rayonu Məlhəm kəndində 0.07 hektar və 1.03 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-124A KOD 41017028 saylı və JN-223 KOD 41017028 torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. Eyni zamanda Şamaxı rayonu, Məlhəm kəndində yerləşən fərdi yaşayış evi X13 məxsusdur. X23 xx.xx.1979-cu il tarixdə, X18 isə xx.xx.2000-ci il tarixdə ölmüşdür. X3 miras qalmış əmlak faktiki olaraq Ərizəçi tərəfindən qəbul olunmuşdur. Şamaxı rayon Məlhəm bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 38 saylı arayışından görünür ki, X15 Məlhəm bələdiyyəsinin Məlhəm kəndi ərazisində yerləşən əmlak və torpaq sahəsinə dair vergilər Ərizəçi tərəfindən ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsələrin miras əmlakı faktiki qəbulu üçün onların mirasa sahib durmaları, əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün tədbirlər görmələri, mirasın saxlanması və xərclərinin ödənilməsi işlərini həyata keçirməlidirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 10.2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-124A KOD 41017028 və JN-223 KOD 41017028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ərizəçinin ögey anasına məxsus olan X23 və X3 miras qalmış Şamaxı rayonu Məlhəm kəndində yerləşən fərdi yaşayış evinin və Şamaxı rayonu Məlhəm kəndində yerləşən 1.03 hektar və 0.07 hektar torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-124A KOD 41017028 və JN-223 KOD 41017028 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X3 miras qalmış Şamaxı rayonu Məlhəm kəndində yerləşən 0.07 hektar və 1.03 hektar torpaq sahəsinin və Şamaxı rayonu Məlhəm kəndində yerləşən inventar nömrəsi 155 olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-681/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-681/2022
12.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver