Məhkəmə qərarları › İş №2(074)-684/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-684/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-684/2021 31.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat borcun, maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 1000 manat və 30 manat dövlət rüsümünun alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Malik Bayramov küçəsində yerləşən 10 saylı evdə 16.07.2017 yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi zamanı ev və ev əşyaları yanaraq məhv olmuşdur. Evin təmiri ilə bağlı Şamaxı rayon İcra Hakimyətinin başçısına evin yanması ilə əlaqədər ona kömək olunmasını xahiş etmişdir. Şamaxı rayon İcra Hakimyəti tərəfindən ona 1500 manat pul verilmişdir. Həmin pulu evin dam örtüyünün dəyişməsi üçün və dam örtüyü almaq məqsədi ilə xərcləmək istəyirmiş, lakin Şamaxı rayonu, 1-ci Çaylı kənd sakini Cavabdeh ona bildirib ki, cavabdeh FHN-da iş icraçılığında işləyir və onun evinin dam örtüyünə nə lazımdırsa hamısını gətirəcək və dam örtüyün vuraraq ona təhfil verəcək, bunun müqabilində 1500 manat pul istəmişdir. O, cavabdehlə razılaşmış və pulu cavabdehə vermişdir, lakin cavabdeh bu günə kimi heç bir iş görməmiş və pulu ona qaytarmamışdır. O da məcbur olub, bu baradə Şamaxı rayon Polis şöbəsinə müraciət etmişdir. Ona bu işin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdirlər. Onun Cavabdeh alınmış qəbzdən görünür ki, Cavabdeh ona 1500 manat borcu var və bu həftə ərzində yəni 20 yanvar tarixinə kimi ödəyəcək. Həmin qəbzi imzalamışdır. O, Cavabdeh 1500 manat pul vermişdir ki, onun evinin dam örtüyün tam təmir etmək üçün bütün materialları gətirsin və onun evinin dam örtüyünü təmir etsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, o, cavabdehə 2020-ci ilin mart ayında 1500 manat məbləğində borc vermişdir. Cavabdeh ona evi üçün lazım olan materialları ona verecəyinə dair vəd vermişdir, lakin cavabdeh ona olan borcunu qaytarmamışdır. Gündən-günə tikinti materialları bahalaşmış və o, maddi ziyana düşmüş, bu hallara görə isə ailəsinin yanında mənəvi əzab çəkmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.01.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1500 manat borcu var və bu həftə ərzində yəni 20 yanvar tarixinə kimi ödəyəcək. İş materiallarında olan 27.07.2019-cu il tarixli, 37/ə-219 saylı Şamaxı rayon DYMXnin arayışından görünür ki, həqiqətən Şamaxı şəhəri, Malik Bayramov küçəsində yerləşən İddiaçı məxsus 10 saylı evdə 16.07.2017 yanğın hadisəsi baş vermiş və yanğın hadisəsi zamanı ev və ev əşyaları yanaraq məhv olmuşdur. İş materiallarında olan 19.05.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Şamaxı rayon Məhkəməsinə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 1500 manat məbləğində pul vermiş, lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və borcu qaytarmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi borc pul məbləğini tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının veridyi pulun cavabdeh tərəfindən uzun müddət ərzində qaytarılmaması iddiaçıya ziyan vurmuşdur. Buna görə də cavabdehdən ziyan borc məbləğinin beş faizi həcmində tutulmalıdır. İddia tələbinin mənəvi zərərin tutulmasına dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırki halda, cavabdeh tərəfindən iddiaçının həmin vəziyyətində evini təmir etdirmək üçün olan pulunun uzun müddət ərzində qaytarılmaması nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi mübahisəsizdir. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 400 (dörd yüz) manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh borclu olduğu 1500 manat, maddi ziyana görə 87,5 manat və mənəvi ziyana görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borclu olduğu 1500 manat, maddi ziyana görə 87,5 manat və mənəvi ziyana görə 400 manat, cəmi 1987,5 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar