Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-687/2021 11.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abqora Restaurant & Wine Cluba qarşı “torpağın qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abqora Restaurant & Wine Cluba qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhər Bələdiyyəsinin 09 fevral 2010-cu il tarixli 05 nömrəli qərarı ilə ona məxsus Şamaxı rayonu Meysəri kəndində yerləşən 400 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı rayonu Meysəri kəndində xüsusi mülkiyyətində 400 kv.metr torpaq sahəsi var. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə nə qədər izah etmək istəsə də başa sala bilməmişdir ki, onun torpaq sahəsində də heç bir iş görməsin və torpaq sahəsini boşaltsın. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi alınmış orada restoran tikilmişdir. Həmin torpaq sahəsinin ona satılması Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şamaxı rayon Şöbəsinin rəyi ilə məqsədə müvafiq bilinmişdir. Şamaxı şəhər Bələdiyyəsinin 09 fevral 2010-cu il tarixli 05 nömrəli qərarı ilə Şamaxı rayonu Meysəri kəndində yerləşən 400 kv.metr torpaq sahəsi ona satılmışdır. Xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 400 kv.metr torpaq sahəsi cavabdeh tərəfindən tutulmuş və öz nüfuzlarından istifadə edərək onun əmlakını talamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, torpağa görə rüsum yoldaşı tərəfindən 2005-ci ildə ödənilib. Lakin maddi imkanları olmadığından 2010-cu ildə torpaq sahəsinin alınması üçün müraciət etmiş və torpaq sahəsi ona verilmişdir. İddia ərizəsi verilərkən ona torpaq sahəsinin satılması barədə qərarı tapmasa da sonradan evdən tapmışdır. Şamaxı Bələdiyyəsinin 09 fevral 2010-cu il tarixli 05 nömrəli qərarını məhkəməyə təqdim edərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 13 dekabr 2005-ci il tarixli 08 saylı qəbzdən görünür ki, İlqar Əhmədov tərəfindən Şamaxı rayon Bələdiyyəsinin hesabına torpaq alqı-satqısına görə 300.000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 09 fevral 2010-cu il tarixli 05 saylı Şamaxı rayon Bələdiyyəsinin qərarından çıxarışdan görünür ki, Şamaxı bələdiyyəsinin alqı-satqı predmeti olan 400 kv.metr və ya 0,04 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin kommersiya qeyri-yaşayış tikintisi məqsədi ilə satılması üçün açıq hərrac və müsabiqənin keçirilməsi, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması, mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon (şəhər) şöbəsindən xahiş edilməsi, Bələdiyyənin açıq torpaq hərracı və müsabiqə vasitəsi ilə satmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi idarəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şamaxı rayon Şöbəsinin rəyindən görünür ki, 400 kv.metr torpaq sahəsinin yaşayış və kommersiya məqsədi ilə satılması ilə bağlı hərracın və müsabiqənin keçırılməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasına DT-XK-nin Rayon şöbəsi etiraz etmir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin rəyindən görünür ki, Şamaxı rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi vətandaş İddiaçı fərdi yaşayış evi tikmək üçün ona Şamaxı ərazisində 400 kv.metr torpaq sahəsi ayrılıb satılmasına etiraz etmir. İş materiallarında olan Şamaxı rayon Meysəri bələdiyyəsinin məktubundan görünür ki, İddiaçı Meysəri bələdiyyəsi tərəfindən heç bir torpaq sahəsi satılmamış, Meysəri bələdiyyəsinin arxivində İddiaçı torpaq satılması barədə heç bir məlumata rast gəlinməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 07 sentyabr 2021-ci il tarixli, 257 nömrəli məktubundan görünür ki, Şamaxı rayon bələdiyyəsinin 09 fevral 05 saylı 2010-cu il tarixli qərarında İddiaçı adına torpaq sahəsi verilməsi aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı Şamaxı rayonu Meysəri kəndində yerləşən 400 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsini tələb etsə də həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddiaçının Şamaxı rayonu Meysəri kəndində 400 kv.metr torpaq sahəsinə dair hər hansı bir hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Abqora Restaurant & Wine Cluba qarşı “torpağın qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Abqora Restaurant & Wine Cluba qarşı “torpağın qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-687/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-687/2021
11.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver