Məhkəmə qərarları › İş №2(074)-688/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-688/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-688/2023 17.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonunun Qızmeydan kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin 0,24 ha həyətyanı torpaq sahəsinə dair onunla və Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində yerləşən Cavabdeh məxsus 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 yaşayış otaqlı, 33,6 kv.m. yaşayış olmaqla, 51,2 kv.m. ümumi sahədən ibarət olan fərdi yaşayış evini Şamaxı RİH-nin Qızmeydan kəndi üzrə İcra nümayəndəliyində 1999-cu ildə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra, Cavabdeh həmin kənddən köçüb daimi yaşamaq üçün Rusiyaya getmişdir. Həmin vaxtdan fərdi yaşayış evi və onun yerləşdiyi 0,24 ha torpaq sahəsi faktiki istifadəsindədir. Şamaxı Rayonlararası Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin ev adına qeydiyyata alınmış və xx.xx.2002-ci il tarixdə 286 nömrəli qeydiyyat yəsiqəsi verilmişdir. Fərdi yaşayış evini və onun yerləşdiyi 0,24 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2023-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ərizəsinin icrasından imtina olunmuşdur. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun Qızmeydan kəndi ərazisindən əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,24 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarına əsasən, evin əvvəlki mülkiyyətçisi Cavabdeh adına JN-088A, kod 41003005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi 0,24 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsinin onun adına qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi 0,24 ha torpaq sahəsinə dair alqısatqı müqaviləsi təqdim edəcəyi təqdirdə, əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılması göstərilmişdir. Azərbaycan Respublikasında 1996-cı ildə torpaq islahatı aparılan zaman, Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən Qızmeydan kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında evin keçmiş mülkiyyətçisi Cavabdeh adı daxil edilmişdir. Cavabdeh adı İslahatın siyahıda texniki səhv olaraq X8 kimi göstərildiyinə görə, JN-088A, kod 41003005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də X8 kimi göstərilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyətyanı torpaq sahəsinə şəhadətnamə tərtib edərkən, evin və onun yerləşdiyi 0,24 ha torpaq sahəsi 1999-cu ildə ona satıldığını nəzərə almamış və həyətyanı torpaq sahəsinə mülkiyyət şəhadətnaməsini evin köhnə mülkiyyətçisinin adına tərtib olunmuşdur. Evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətinə alqı-satqı yolu ilə keçməsinə baxmayaraq, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə müvafiq dövlət məmurlarının səhvi nəticəsində evin köhnə mülkiyyətçisinin adına işlənilmişdir. 1994-cü ildə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 34-cü maddəsinə əsasən, tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə mülkiyyət hüququ da keçir. Həmin hüquq norması hal-hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 88-ci maddəsində də öz təsdiqini tapmışdır. Ona görə də hesab edir ki, evinin yerləşdiyi torpaq sahəsi də, onun mülkiyyətinə keçmiş və onun üzərində mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X5 izahatında bildirdi ki, alqı-satqı müqaviləsinə əsasən, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən ümumi sahəsi 51,2 kv.m. olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 2002-ci ildə İddiaçı adına qeydə alınsa da, həmin evin yerləşdiyi torpaq sahəsi Cavabdeh mülkiyyətində qalmışdır. Bu səbəbdən, evin yerləşdiyi 0,24 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X11 ifadələrində bildirdilər ki, onlar uzun illərdir ki, Şamaxı rayonunun Qızmeydan kəndində yaşayırlar. Vaxtilə həmin kənddə yaşamış Cavabdeh özünə məxsus evini və torpaq sahəsini 1999-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satmış və həmin vaxtdan əmlak İddiaçı istifadəsində olmuşdur. Cavabdeh isə torpaq sahəsini və üzərində olan evi satdıqdan sonra, Rusiyaya köçüb getmişdir. Qeyd olunan tarixdən sonra, Cavabdeh görməmişdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin rabitə orqanının “bu ünvanda yaşamır” qeydi ilə zərf geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Eyni zamanda, həmin Məcəllənin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-088A saylı, 41003005 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə 0,24 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şamaxı RİHB-nın Astraxanovka (Qızmeydan) kənd icra nümayəndəsi tərəfindən xx.xx.1999-cu il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus olan 0,24 ha torpaq sahəsində yerləşən iki otaqdan ibarət bir mərtəbəli yaşayış evini, təsərrüfat tikililəri ilə birlikdə İddiaçı satmışdır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən bir mərtəbəli, iki yaşayış otaqlı, 33,6 kv.m yaşayış sahəsindən, 51,2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi Şamaxı rayon Astraxanovka kənd İHN-nın 02 nömrəli sərəncamı ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Şamaxı rayon Qızmeydan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 93 saylı arayışına əsasən, Şamaxı rayonu Qızmeydan kənd sakini X4 adlı şəxs olmamış, hazırda da yoxdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-088A saylı 41003005 kodlu şəhadətnamə də, Cavabdeh məxsusdur. İslahat vaxtı texniki səhv olaraq şəhadətnamədə adı X4 kimi yazılmışdır. İş materiallarında olan Şamaxı rayon Qızmeydan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı arayışına əsasən, Şamaxı rayon Qızmeydan kəndi ərazisindən Cavabdeh əldə etdiyi fərdi yaşayış evi və onun yerləşdiyi 0,24 ha həyətyanı torpaq sahəsi 1999-cu ildən İddiaçı sahibliyindədir və həmin torpaq sahəsinə dair vergi ödənişlərini Bələdiyyənin hesabına vaxtlı-vaxtında ödəmişdir. İş materiallarında olan Şamaxı rayon Qızmeydan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 94 saylı arayışına əsasən, Şamaxı rayonu Qızmeydan kənd sakini Cavabdeh 1999-cu ildə həmin kənddə yerləşən evini və torpaq sahəsini İddiaçı adlı şəxsə sataraq, elə həmin ildə Rusiyaya köçüb getmişdir. Ondan sonra onun harada yaşaması barədə məlumat yoxdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-ci il tarixli № **********75 saylı məktubundan görünür ki, Şamaxı rayon Qızmeydan kəndi ərazisində 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsinə dair ərizənizə və həmin əmlaka aid sənədlərə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Şamaxı rayon Qızmeydan kəndi ərazisindən əldə etdiyiniz fərdi yaşayış evinin yerləşdiyi 0,24 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarına əsasən, evin əvvəlki mülkiyyətçisi X6 adına JN-088A, kod 41003005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi 0,24 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini sizin adınıza qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi 0,24 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi təqdim edəcəyiniz təqdirdə, əmlakın üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı vahid əmlak kimi Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində yerləşən Cavabdeh məxsus 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 yaşayış otaqlı, 33.6 kv.m. yaşayış, 51.2 kv.m. ümumi sahədən ibarət olan fərdi yaşayış evini Şamaxı RİH-nin Qızmeydan kəndi üzrə İcra nümayəndəliyində 1999-cu ildə təsdiq olunmuş alqısatqı müqaviləsinə əsasən almışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra, Cavabdeh həmin kənddən köçüb, daimi yaşamaq üçün Rusiyaya getmişdir. Həmin dövrdən halhazıradək qeyd olunan torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən fasiləsiz olaraq iddiaçı istifadə etmişdir. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mübahisə edilən hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 34-cü (hazırda qüvvədə olan 88-ci maddə) maddəsinə əsasən, tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə mülkiyyət hüququ da keçir. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “...Əvvəlki MM-in 43-cü maddəsinin İ hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsiəqdinetibarsızlığına səbəb olur. Əvvəlki MM-in 39-cu maddəsinin mahiyyətinə görə evin alqı-satqı müqaviləsi əqddir və belə əqdlərin notariat formasının məcburiliyi həmin Məcəllənin 230-cu maddəsində təsbit olunmuşdur. Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır”. Həmin Qərarda həmçinin qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir”. Məhkəmə, fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya satılmasına dair Şamaxı RİH-nin Qızmeydan kəndi üzrə İcra nümayəndəliyində 1999-cu ildə təsdiq olunmuş alqı-satqı müqavilədə fərdi yaşayış evinin bütövlükdə göstərilməsini, kənd yerlərində fərdi yaşayış evlərinin üzərində yerləşdiyi torpaq sahəsi istisna olmaqa satılmasının praktikada tətbiq edilmədiyindən alıcının fərdi yaşayış evini bu qaydada əldə etməsinin ağlabatan olmadığını, eləcə də fərdi yaşayış evi satıldığı vaxtdan cavabdehin fərdi yaşayış evini və torpaq sahəsini alıcıya təhvil verərək başqa ünvana köçüb getməsini nəzərə alaraq, müqavilə tərəflərinin torpaq sahəsinin də satılmasında razılığa gəlmələrini, lakin bunun alqı-satqı müqaviləsinin məzmununa daxil etmədikləri nəticəsinə gəlir. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh evlə birlikdə torpaq sahəsinin də satılmasına dair iradə ifadə etdiyindən, torpaq sahəsindən və tikilidən ibarət daşınmaz əmlakı iddiaçıya sataraq, ona təhvil verərək, 24 il əvvəl başqa ünvana köçüb getməklə, torpaq sahəsini satmaqla bağlı iradəsini bir daha nümayiş etdirdiyindən, iddia tələbi təmin edilməli, 0,24 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayonunun Qızmeydan kəndində ümumi sahəsi 51,2 kv.m. olan fərdi yaşayış evinin yerləşdiyi 0,24 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında alqısatqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar