Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-714/2025 10.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, cavabdeh Şamaxı "xxxx" MMC-nin nümayəndəsi X1 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabeh Şamaxı "xxxx" MMC-yə qarşı əmrin ləğv olunması tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Şamaxı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, 20 saylı əmrinin ləğv edilməsi və onun həmin tarixdən öz əvvəlki işinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2018-ci ildən əmək müqaviləsi ilə onu fəhlə kimi işə qəbul etmiş və heç bir ay tamam olmamış - xx.xx.2018-ci il tarixdə 20 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əsassız olaraq işdən azad etmişdir. Sonradan cavabdeh tərəfindən etiraf olunmuşdur ki, onun bu formada işdən azad edilməsi yanlışlıq nəticəsində baş vermişdir. xx.xx.2018-ci il tarixdə 20 saylı əmrlə əsassız formada işdən azad ediləndən sonra, cavabdeh və digər təşkilatların heç biri onu işə qəbul etmirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çox pis formada yanlışlıq edilərək, işdən azad edilməsi bir ləkə kimi, onun üzərində qalmışdır. Cavabdeh Şamaxı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu yanlışlığın üzərindən götürülməsinə çalışsa da, bu mümkün olmamışdır. Odur ki, köməklik məqsədilə, Azərbaycan Respublikasının X5 Xidmətinə ərizə ilə müraciət etmişdir. X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin 19 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, onlar cavabdeh Şamaxı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona verdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qərarını ləğv edə bilməzlər və onların belə səlahiyyəti yoxdur. X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin 19 sentyabr 2024cü il tarixli məktubunda göstərilmişdir ki, sözügedən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qərarı müəssisədə Həmkarlar Təşkilatının razılığı alınmaqla verilməli idi, lakin Həmkarlar Təşkilatının razılığı alınmamışdır. Lakin, müddət çox keçdiyinə görə, heç bir tədbir görə bilmirlər. Ona görə də, bunun üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı "xxxx" MMC-nin onun barəsində qəbul etdiyi xx.xx.2018-ci il tarixli, 20 saylı əmrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şamaxı "xxxx" MMC-nin nümayəndəsi X1 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin nümayəndəsi X4 iddia tələbini qəbul edərək, Şamaxı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli, 20 nömrəli əmrin ləğv olunmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materillarından görünür ki, işçi İddiaçı ilə işəgötürən Şamaxı "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı fəhlə işinə qəbul edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şamaxı "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 20 nömrəli əmrinə əsasən, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xitam verilmişdir. İş materiallarında olan X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin İddiaçı ünvanlanmış məktubda göstərilir ki, Şamaxı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmədiyiniz halda, sizinlə əmək müqaviləsi bağlanılması, cəmiyyətin işəgötürəninin xx.xx.2018-ci il tarixli, 20 saylı əmrinə əsasən, əmək müqavilənizə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi və buna aydınlıq gətirilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanladığınız şikayət xarakterli müraciətiniz Xidmətin Dağlıq Şirvan regional şöbəsində araşdırılmışdır. Şamaxı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubdan və məktuba əlavə olunmuş sənədlərdən müəyyən edildi ki, sizinlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işəgötürəni arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi əsasında fəhlə işinə qəbul edilmisiniz və sizinlə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq altsistemi”ndə qeydiyyata alınmışdır. Lakin, işə gəlmədiyinizə görə sizinlə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinin tələbləri pozularaq, müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının qabaqcadan razılığı alınmamışdır. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, inzibati xəta tərkibi yaranmışdır. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 maddəsinə müvafiq olaraq, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verildiyi üçün, təqsirkar şəxsi inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. İşdən azad olunma əmrinin ləğv edilməsi tələbinizlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”yə əsasən, Xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə xitam maddəsinin (xitam bildirişinin) dəyişdirilməsi və ləğv edilməsi Xidmətin vəzifəsi olaraq müyyən edilməmişdir. Muraciətinizdə qeyd olunan məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işə götürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Mülki işin materiallarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin o, işdən azad edilərkən, əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl, işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq rəsmi xəbərdar edilməmiş, həmçinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Həmçinin, müəyyən olundu ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Belə ki, Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf edildiyindən, təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Şamaxı "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 20 nömrəli əmri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Şamaxı "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 20 nömrəli əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-714/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-714/2025
10.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver