Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-717/2021 29.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 21 may 2021-ci il tarixdə Şamaxı regional “Asan” xidmət mərkəzinin qeydiyyat şöbəsində 137 nömrə ilə qeydə alınmış nikah qeydinin etibarsız hesab olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində valideynləri ilə birlikdə yaşayır. Əslən Şamaxı rayonu Göylər kəndindəndir. Cavabdehlə uzaq qohumluğu var. Amma o, şəhərdə cavabdeh isə kəndə yaşayıb. Əvvəldən bir-birlərini qətiyyən tanımamışlar. Amma valideynləri cavabdehin valideynlərini tanıyır. Bir il əvvəl valideynləri təkidlə onu Göylər kəndindən bir qohumlarının qızı ilə evləndirmək istədiklərini bildirmişlər. O, əvvəl razı olmamış, bu şəkildə evlənmək istəmədiyini bildirmiş, lakin çox təkiddən sonra razılaşmışdır. Atasıgil elçi getmiş, “hə” alınmış, 2021-ci ilin mart ayında nişan olmuş, birinci dəfə cavabdehi nişanda görmüş, aprel ayında ayrı-ayrılıqda tibbi müayinədən keçmişlər. 21.05.2021-ci il tarixdə yenə valideynlərinin təkidi ilə nikah bağlamaq üçün Şamaxı regional “Asan” xidmət mərkəzinin qeydiyyat şöbəsinə gəlmiş və nikahları bağlanmışdır. Valideynləri də yanlarında olmuş, nikahdan sonra cavabdeh anası və bacısı ilə birlikdə öz evlərinə, o, da atası ilə öz evinə qayıtmışdır. Evə gələndən sonra xeyli fikirləşmiş, tanımadığı və aralarında heç vaxt hansısa qarşılıqlı istəyin olmadığı üçün gələcəklərinin heç də yaxşı görünmədiyi qənatinə gəlmişdir. Qəti qərara gəlmişdir ki, toyları olmadan bu işə son vermək lazımdır. Evlənmək niyətinin olmadığını anasına və atasına bildirmiş, onu məcbur etdiklərini qeyd etmişdir. Bu barədə cavabdehin valideynləri ilə danışmış, məlum olmuşdur ki, bu nikah cavabdehin də ürəyincə olmamış, o, da valideynlərinin sözü ilə razılıq vermişdir. Cavabdehlə bu formal nikaha dərhal son vermək barədə razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, tərəflər arasında faktiki olaraq ər-arvad münasibətləri olmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X4 iddianı qəbul edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçı ilə valideynlərinin vasitəsilə tanış olmuşdur. Cavabdeh iddiaçı ilə nikaha daxil olmaq niyyəti olmamışdır. O, valideyninin təsiri ilə nikaha daxil olmuşdur. Buna görə də iddianı qəbul edirlər. Nümayəndə iddianın təmin olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 423758 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasındakı nikah 21.05.2021-ci il tarixdə X9 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21.05.2021-ci il tarixdə 137 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Adgözəlov”, arvada “Adgözəlova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər 21 may 2021-ci il tarixdə valideynlərinin təkidi ilə nikaha daxil olmuş, onların ailə qurmaq niyyəti olmamışdır. Tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 21.05.2021-ci il tarixdə Şamaxı regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 137 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 21.05.2021-ci il tarixdə X9 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21.05.2021-ci il tarixdə 137 nömrə ilə akt qeyd ilə rəsmiləşdirilmiş nikah bağlandığı gündən etibarsız sayılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-717/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-717/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver