Məhkəmə qərarları › İş №2(074)-724/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-724/2021

11.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-724/2021 11.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri Pirdirəki küçəsi 12 ünvanında yerləşən X1 adına olan yaşayış evinə istifadə hüquqları verilməklə həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 1993-cü ildə evlənmişdir. 22 noyabr 2000-ci il tarixdə tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşağı var. Hər ikisi yetkinlik yaşına çatmışlar. Evlənən vaxtdan münasibətləri yaxşı olmamışdır. Şamaxı şəhəri Pirdirəki küçəsi 12-də yerləşən, Elşənin atası Sədullaya məxsus evdə yaşamışlar. 1993-cü ildən həmin evdə yaşasada onu evin qeydiyyatına aldırmamışlar. Dəfələrlə bu barədə aralarında söz-söhbət yaransa da heç bir nəticəsi olmamışdır. Ev kitabını ona verməmişlər. Məcbur olub Şamaxı şəhəri, R.Rza küçəsi 33 saylı mənzilin qeydiyyatına alınmış, hansı ki, bir gün də olsun o evdə yaşamamışdır. 2012-ci ilə kimi həmin evdə yaşamışdır. 2012-ci ildə onu məcburi olaraq evdən çıxarmışlar. Elşən qeyri rəsmi evləndiyi qadınla həmin evdə yaşamağa başlamışlar. Sonra onu da evdən çıxartmışdır. Uşaqları ona bildirmişlər ki, boşanmasınlar, ataları ilə danışacaqlar və onları barışdıracaqlar, sonra hamı bir yerdə yaşayacaqlar. Müvəqqəti olaraq qardaşının yanında yaşayır. Qardaşı da içib sərxoş olur. Hər gün tələb edir ki, evdən çıxsın. Keçən ilə kimi fikirləşirdi ki, bəlkə uşaqlar onları barışdırar, evlərinə qayıdarlar. Amma belə olmadı. 5-6 ay olar ki, başqa bir qadın evə gətirib. İndi də boşanmaq üçün iddia qaldırıb. Amma cavabdehlə boşanmaq istəmir. Qardaşı da deyir ki, ümid edirdi ki, barışarsınız, evinizə qayıdarsınız ona görə razı olurdu ki, müvəqqəti çətinlikdir, dözər. İndi isə görür ki, Elşən barışmaq istəmir, onu da ömrünün axırına kimi öz evində saxlayası deyil. Tələb edir ki, evdən çıxsın. Çarəsiz qalmışdır. Həmin evdə 1993-cü ildən yaşamışdır. Həmin evdə yaşamaq hüquqları var. Odur ki, Şamaxı şəhəri Pirdirəki küçəsi 12 ünvanında yerləşən X1 adına olan yaşayış evinə istifadə hüquqları verilməklə həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahat verib bildirdi ki, iddiaçı ilə barışmaq istəmiş, lakin o, barışmaq istəməmişdir. İddiaçı onların yaşayış tərzini bəyənmədiyi üçün özü evdən getmiş və cehizinidə özü ilə aparmışdır. Ev atasının adınadır. Lakin atası öləndən sonrada o və anası həmin evdə yaşamışdır. Hesab edir ki, iddiaçının həmin evə istifadə hüququ tanına bilməz, lakin onun həmin evdə gəlib yaşamasına etiraz etmir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmamalıdır. İş materiallarında olan fərdi yaşayış evinə dair ev kitabından görünür ki, ünvan 1 yaşayış evi X2 məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdehlə 1993-cü ildə evlənmişdir. 22 noyabr 2000-ci il tarixdə tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları var. Şamaxı şəhəri Pirdirəki küçəsi 12-də yerləşən, cavabdehin atası Miriyev Sadullaya məxsus evdə yaşamışlar. 1993-cü ildən həmin evdə yaşasada onu evin qeydiyyatına aldırmamışlar. İddiaçı əri ilə münasibətləri pozulduğu vaxtadək uşaqları ilə birgə həmin ünvanda yaşamışdır. Cavabdeh iddia tələbini qismən etriraf edərək iddiaçının müəyyən müddət həmin ünvanda yaşamasını bildirmiş və onun ünvan 1 yaşayış evinə köçürülməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia üzrə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh ilə ailə qurduğu 1993-cü il tarixdən daimi yaşadığı və sonuncunun çıxarması və səbəbindən yaşamadığı mübahisəli evdən başqa daimi yaşayacaq yeri olmadığından, eləcə də əmlaka başqa şəxsin sahibliyinə yol verməmək yalnız mülkiyyətçinin hüququ olduğundan, cavabdehin isə mübahisəli evə dair mülkiyyətçi hüquqları olmadığından, onun başqa yaşayış sahəsi olmayan iddiaçını evdən çıxarması, qayıdıb yaşamalarına maneə olmaları qanunsuz və mənafeyi üstün tutmalı, həmçinin cavabdeh iddiaçının həmin mənzilə köçürülməsinə etiraz etmir. Odur ki, iddiaçı ünvan 1 yaşayış evinə köçürülməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ əmələ gəlmədiyindən, iddia tələbi istifadə hüququnun tanınması hissəsində rədd edilməli, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 yaşayış evinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar