Məhkəmə qərarları › İş №2(074)-751/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-751/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-751/2021 19.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmmədhüsen qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X5 arasında Şamaxı rayonu, Nağarxana kəndində yerləşən fərdi yaşayış evinin 1200 kv.metr həyətyanı torpaq sahəsinin X2 satılması barədə 22 iyul 2005-ci il tarixli № 244904 saylı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X1 Şamaxı rayonu Nağaraxana kəndində 0,12 ha torpaq sahəsi olan fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evini torpaq sahəsi ilə birikdə 22 iyul 2005-ci il tarixli № 244904 saylı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş vəkalətnaməyə əsasən onun adından çıxış edən X7 29 may 2001-ci il tarixli 2/856 saylı qeydəalma vəsiqəsinə və Şamaxı rayonlararası texniki inventarlaşdırma bürosunun 22 iyul 2005-ci il tarixli 33 nömrəli arayışına əsasən Cavabdeh1 Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 1200 kv.metr torpaq sahəsi olan ümumi sahəsi 258,7 kv.metr, yaşayış sahəsi 78,3 kv.metr olan üç otaqlı fərdi yaşayış evini X3 satmışdır. Bu alqı-satqı müqaviləsi reyestrdə 4Ə/3/810 nömrə ilə qeydə alınmışdır. Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 856 saylı Qeydiyyat Vəsiqəsinə əsasən həmin evə və fərdi yaşayış evinə mülkiyyəti qeydə alınmışdır. Lakin Cavabdeh2 həmin torpaq sahəsinə hər hansı bir subyektiv hüququ olmadığı halda ləğv edilmiş DTXK-nın Şamaxı rayon Şöbəsi tərəfindən Cavabdeh2 adına JN-444A, KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Halbuki, həmin 0,12 ha torpaq sahəsi fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olmuş və alqı-satqı müqaviləsi ilə mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsaslıdır. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 Məhəmmədhüsen qızı və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 856 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 22 iyul 2005-ci il tarixli № 244904 saylı alqısatqı müqaviləsi əsasında Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 258,7 kv.m, yaşayış sahəsi 78,3 kv.m olan üç otaqlı fərdi yaşayış evi X1 adına qeydə alınmışdır. İş materiallarında olan 22 iyul 2005-ci il tarixli № 244904 saylı alqı-satqı müqaviləsi müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən verimiş vəkalətnaməyə əsasən onun adından çıxış edən X7 29 may 2001-ci il tarixli 2/856 saylı qeydəalma vəsiqəsinə və Şamaxı rayonlararası texniki inventarlaşdırma bürosunun 22 iyul 2005-ci il tarixli 33 nömrəli arayışına əsasən Cavabdeh1 Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 1200 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 258,7 kv.m, yaşayış sahəsi 78,3 kv.m olan üç otaqlı yaşayış evini X3 satmışdır. İş materiallarında olan JN-444A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon AİK-nın 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Cavabdeh2 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ № 480544 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03.05.2011-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 258,7 kv.metr, yaşayış sahəsi 78,3 kv.metr olan üç otaqlı fərdi yaşayış evi Cavabdeh1 məxsus olmuşdur. Cavabdeh1 22 iyul 2005-ci il tarixli 244904 saylı müqaviləyə əsasən 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 258,7 kv.metr, yaşayış sahəsi 78,3 kv.metr olan üç otaqlı yaşayış evini 122.200.000 (yüz iyirmi iki milyon iki yüz min) manata X3 satmış, torpaq sahəsini və üzərindəki tikilini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişdir. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən halhazıradək qeyd olunan torpaq və üzərində yerləşən evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə, 3 otaqlı fərdi yaşayış evinin cavabdeh tərəfindən ********* manata iddiaçıya satılmasına dair 22 iyul 2005-ci il tarixli 244904 nömrəli müqavilədə fərdi yaşayış evinin 0,12 ha həyətyanı torpaq sahəsinin bütövlükdə göstərilməsini, kənd yerlərində fərdi yaşayış evlərinin üzərində yerləşdiyi torpaq sahəsi istisna olmaqa satılmasının praktikada tətbiq edilmədiyindən alıcının fərdi yaşayış evini bu qaydada əldə etməsinin ağlabatan olmadığını, eləcə də fərdi yaşayış evi satıldığı vaxtdan cavabdehin fərdi yaşayış evini və torpaq sahəsini alıcıya təhvil verərək başqa ünvana köçüb getməsini nəzərə alaraq, müqavilə tərəflərinin torpaq sahəsinin də satılmasında razılığa gəlmələrini lakin bunun alqı-satqı müqaviləsinin məzmununa daxil etmədikləri nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh evlə birlikdə torpaq sahəsinin də satılmasına dair iradə ifadə etdiyindən, torpaq sahəsindən və tikilidən ibarət daşınmaz əmlakı iddiaçıya sataraq ona təhvil verərək, 16 il əvvəl başqa ünvana köçüb getməklə torpaq sahəsini satmaqla bağlı iradəsini bir daha nümayiş etdirdiyindən, iddia tələbi təmin edilməli, torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlamış hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə X5 arasında Şamaxı rayonu, Nağarxana kəndində yerləşən fərdi yaşayış evinin 1200 kv.m həyətyanı torpaq sahəsinin X3 satılması barədə 22 iyul 2005-ci il tarixli № 244904 saylı alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar