Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-789/2021 02.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qaraoğlan qızı və Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dəmirçi kənd ərazi üzrə nümayəndəliyinə qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Qaraoğlan qızı və Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dəmirçi kənd ərazi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında Şamaxı rayonu Dəmirçi kənd icra nümayəndəliyində 26.08.2006-cı il tarixdə 06 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə Dəmirçi kəndində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsini dəyişmək üçün Sumqayıt Regional "Asan xidmət" Mərkəzinə müraciət edib. Ona evli olduğu bildirilib, ancaq şəxsiyyət vəsiqəndə subay göstərir. O, yeni nişanlandığını, hələ nikahlarının qeydə alınmadığını bildirsə də, ona 2006-cı ildən evli olduğun bildiriblər. Qadının adı, soyadı X1r. "Asan xidmət" Mərkəzinə müraciət edib və nikah barədə arayış alıb. Arayışa görə o, 2006-cı ildən cavabdehlə evlidir, lakin onun bu nikah barədə indiyə kimi heç bir məlumatı olmamışdır. Sevdanın kim olduğunu bilmir. O, öyrənib ki, Azərbaycanda bir nəfər Cavabdeh1 var, o da Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatdadır. Təvəllüdü də 1973-cü ildir. Amma nikah qeydində təvəllüdü 14.03.1983-cü il göstərilib. Başqa bir məlumatı yoxdur. 2006-cı ildə onun evlənməyi çox qəribədir, çünki ilin aprel ayında onun nənəsi vəfat edib. Evlənmək üçün ən azı bir il gözləməli idi. Həmin vaxt onun 19 yaşı, Sevdanın isə 33 yaşı olub. O, belə bir şəxslə nikaha girməmişdir. Bu saxta bir nikahdır. Bağlandığı vaxtdan etibarsızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı onun qardaşıdır. Qardaşı heç vaxt evli olmayıb. Şəxsiyyət vəsiqəsini almağa gedən zaman evli olduğunu öyrənib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə ifadə verib bildirdi ki, 1996-cı ildən İddiaçı tanıyır. Yaxın dostdurlar. Fuad heç vaxt evli olmayıb. Məhkəmə iddiaçının izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.06.2021-ci il tarixli 05/Q-450/69 saylı arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasındakı nikah 26.08.2006-cı il tarixdə Şamaxı rayonu Dəmirçi kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26.08.2006-cı il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “ Əliyev”, arvada “ Əliyeva” soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər 26 avqust 2006-ci il tarixdə nikaha daxil olmuş, iddiaçının ailə qurmaq niyyəti olmamış, ümumiyyətlə cavabdehlə aralarında bağlanmış nikahdan məlumatı olmamışdır. Tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 Qaraoğlan qızı arasında 26.08.2006-cı il tarixdə Şamaxı rayonu Dəmirçi kənd icra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 Qaraoğlan qızı arasında 26.08.2006-cı il tarixdə Şamaxı rayonu Dəmirçi kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26.08.2006-cı il tarixdə 06 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-789/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-789/2021
02.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver