Məhkəmə qərarları › İş №2(074)-795/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-795/2025

21.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-795/2025 21.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, cavabdeh N.Tusi adına X2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər N.Tusi adına X6 və N.Tusi adına X2 baş direktoru X7 qarşı əmrin ləğv edilməsi və işəgötürənin cəzalandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər N.Tusi adına X6 və N.Tusi adına X2 baş direktoru X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N.Tusi adına X2 baş direktoru X9 tərəfindən verilmiş “Şəxsi işinə tikilməklə, ciddi xəbərdarlıq elan edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 190 nömrəli əmrinin ləğv edilməsi, qərəzçiliyə və ayrıseçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında, işəgötürənin cəzalandırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X2 baş direktoru X8 03 dekabr 2024-cü il tarixdə, 190 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, ona şəxsi işinə tikilməklə, ciddi xəbərdarlıq elan etmiş və əmək müqaviləsi üzrə nəzərdə tutulmayan VLF siqnallarının analizi ilə bağlı elmi-tədqiqat işinin aparılması ondan tələb edilmiş və nəzərinə çatdırılmışdır ki, əgər bu tələbi yerinə yetirməsə, qanunvericiliyə əsasən, ona qarşı daha ciddi tədbirlər görüləcəkdir. O, barəsində verilmiş əmrdə göstərilənlərlə razılaşmır. Belə ki, cavabdeh N.Tusi adına X2 baş direktoru Namiq Cəlilovun ona qarşı çoxsaylı qanunsuz əməlləri ilə əlaqədar, dəfələrlə aidiyyəti Dövlət orqanlarına və məhkəməyə müraciət etməsinə baxmayaraq, cavabdeh layiqincə cəzalandırılmadığına görə, belə cinayət xarakterli əməllərini daha da, kəskin şəkildə davam etdirməkdədir. 98 nömrəli, xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi onunla müddətsiz olaraq bağlanılmışdır. Əmək müqaviləsinin 1.2-ci bəndində göstərilibdir ki, o, rəsədxanada “Kosmik plazma və heliogeofıziki problemlər” şöbəsində elmi işçi vəzifəsindədir və müqavilənin 3.1-ci bəndində göstərilibdir ki, “iş rejiminə riayət edir, elmi-tədqiqat işləri, müşahidələrdə iştirak edir, ildə bir elmi məqalə çap etdirir, seminarlarda iştirak edir və ildə bir dəfə çıxış edir, keçirilən konfranslarda iştirak edir” - kimi əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. O, bir neçə ildir ki, Günəşdə baş verən fiziki hadisələrin - Günəş alışmalarının dinamikasının və onun Yer atmosferinə təsirlərinin öyrənilməsi müasir astrofizikanın ən aktual problemi olduğuna görə, qeyri-xətti və qeyri-stasionar zaman sıralarının riyazi işlənməsi üçün istifadə olunan müasir dinamik - fraktal tədqiqat və empirik modlara ayırma üsullarının tətbiqi ilə məşğul olur. Buna baxmayaraq, X5 baş direktoru Namiq Cəlilov onu tamamilə başqa bir sahə üzrə - astrofizika ilə əlaqəsi olmayan Yer atmosferinin zədqiqi uzrə işləməsinə məcbur edir. Eyni zamanda, ona təklif olunan işi yerinə yetirmək üçün bu vaxta kimi heç bir müşahidə materialı yoxdur. Belə ki, müşahidə qurğusu ilə işləyənlərin məlumatlarına görə, bu vaxta kimi alınan materialların bir hissəsi yanıb, qalan hissəsi isə itmişdir. Beləliklə, ilin sonunda müvafiq müşahidə materialları olmadan, yəni heçdən elmi nəticə ala bilməyəcəyinə görə, onu (müdriyyətin qərəzçilik və qanunazidd əməllərinə qarşı çıxanları) Namiq Cəlilov işdən azad etmək üçün zəmin yaratmaqdadır. N.Tusi adına X2 baş direktorunun 26 saylı, 03 dekabr 2024-cü il tarixli bildirişindən görünür ki, 2024-cü ilə dair onun illik elmi hesabatı X2 Elmi Şurasında qəbul edilməmişdir. Bunun da səbəbi odur ki, Elmi Şuranın sədri baş direktor Namiq Cəlilovun özüdür. Yəni, əmək müqaviləsi üzrə üzərinə müddətsiz olaraq götürdüyü öhdəliyə əməl etdiyi halda, Namiq Cəlilov vəzifəsindən sui-istifadə edərək, barəsində qərəzli qərar çıxartdırmışdır. Göründüyü kimi, baş direktor Namiq Cəlilovun 03 dekabr 2024-cü il tarixli, 90 saylı əmrində göstərilmişdir ki, o, məcburi qaydada onun diktəsi ilə naməlum VLF cihazı ilə elmi araşdırma aparmalıdır. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat elektron sənədindən görünür ki, o, baş nahiyyəsindən ciddi zədə almaqla, müddətsiz olaraq ikinci qrup əlildir. Sağlamlığının pozulmasının belə vəziyyətində astrofizika elminə aidiyyəti olmayan və əmək müqaviləsində nəzərdə tutulmayan bir VLF cihazını öyrənə bilməz. X15 özü, həm də, X3 heç kim bu VLF cihazının nəyə xidmət etdiyini bilmir. Onlar yalnız internet vasitəsi ilə VLF cihazı barədə ümumi şəkildə bir neçə kəlmə əzbərləyib, bu barədə anlayışı olmayan istənilən şəxsi aldadırlar. Sözügedən VLF cihazı 15 ildən çoxdur ki, X4 gətirildiyini deyirlər, amma indiyədək bundan astrofizika sahəsində hansı yeni elmi nəticələr alınması barədə heç bir rəsmi məlumat yoxdur. X11 və ona qarşı yönəltdiyi bir neçə nəfər əlaltılarının şifahi boş uydurmaları istisna olmaqla, bu cihazın astrofizika elə heç bir əlaqəsi yoxdur. X13 və onun əlaltılarının şifahi uydurmaları doğru olsa belə, həmin cihaz coğrafiya və anatomiya elmi sahəsində faydalı ola bilər. Bu da, o halda mümkündür ki, həmin cihazı düzgün işlədə bilən olsun, lakin ŞAR-da bu cihazdan başı çıxan yoxdur. Digər tərəfdən isə, heç bir elmi işçini əmək müqaviləsindən kənar işlərə məcbur etmək olmaz. Bu əmək qanunvericiliyi ilə qadağandır. ŞAR-ın baş direktoru Namiq Cəlilovun əsassız olaraq ona belə hədə-qorxu gəlməsi və onu əsassız olaraq təqib və təhdid etməsi haqsızlıqdır. Ona qarşı edilmiş belə haqsız və qərəzli münasibət əmrdə qeyd olunduğu kimi, yaxın vaxtlarda onu işdən azad etmək üçün bir bəhanədir. O, ixtisası üzrə peşəkar və qənaətbəxş hesab olunan mütəxəssisdir. İkinci qrup əlil olduğu halda, peşə fəaliyyəti üzrə haqsız olaraq şəxsi işinə tikilməklə, ona belə ciddi xəbərdarlıq verilməsi onun gələcək karyerasına və mənəviyatına yaraşmayan dözülməz bir qara ləkədir. O, kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizamlı bir işci kimi tanınmışdır. İşəgötürənlə onun arasında 2019-cu ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsində VLF cihazı ilə ŞAR-da elmi araşdırma aparacağı barədə üzərinə hər hansı öhdəlik götürməmiş və bu barədə işəgötürənlə arasında hər hansı razılaşmanın olmaması aydın görünür. Həmin müqavilədə ümumiyyətlə VLF cihazının adı yazılmamış və bu barədə işəgötürən onlara hər hansı iş tapşırmamışdır ki, bu əmək müqaviləsində əmək funksiyasına dair işlərin məcmusunda yoxdur. Ona görə də, işəgötürən Namiq Cəlilov şəxsi intriqa məqsədilə, ondan əmək müqaviləsinə uyğun gəlməyən işi məcburi qaydada tələb etməsi və bu əsasda əmr verərək, ona ciddi xəbərdarlıq edib, daha ciddi cəzalandıracağı ilə hədələməsi qanunla qadağandır və bu halda təqsirkar işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə uyğun qaydada məsuliyyətə cəlb olunur. O, bu məsələdə günahkar olmadığına görə hesab edir ki, ŞAR-ın rəhbərliyi tərəfindən verilmiş “şəxsi işinə tikilməklə, ciddi xəbərdarlıq elan olunması” əmri ləğv edilməklə yanaşı, ayrı-seçkiliyə və qərəzçiliyə yol verdiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndi əsasında işəgötürənin özü cəzalandırılmalıdır. Məhkəmə iclasında cavabdeh N.Tusi adına X2 nümayəndəsi Nümayəndə2 iddia tələbinin əsassız olduğunu bildirib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə ünvanladığı müraciətində, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 02 iyul 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X2 “Kosmik plazma və və Heliogeofiziki problemlər" şöbəsinə aparıcı elmi işçi təyin edilmişdir. İş materiallarında olan N.Tusi adına X2 03 dekabr 2024-cü il tarixli, 190 saylı əmrində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən ŞAR “kosmik plazma və Hidrogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi Şirin Hüseynova və elmi işçi İddiaçı yazılı olaraq ciddi xəbərdarlıq elan edilmiş, onlara həvalə edilmiş VLF siqnallarının analizi ilə bağlı elmi-tədqiqat işinin sürətli templə davamı, görülmüş işlər barədə mütəmadi olaraq şöbə müdirinə yazılı olaraq məlumat verilməsi tapşırılması əmr edilmişdir. İş materiallarında olan poçt göndəriş qəbzindən və poçt göndərişlərinin izlənilməsindən görünür ki, 03 dekabr 2024-cü il tarixli, 190 nömrəli əmri İddiaçı 08 dekabr 2024-cü il tarixdə almışdır. İş materiallarında olan cavabdeh N.Tusi adına X2 nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X1rşı “əmrin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə baxılır. İddiaçı iddia tələbində məhkəmədən onun barəsində intizam tənbehinin tətbiq edilməsinə dair 03 dekabr 2024-cü il tarixli 190 saylı əmrin ləğv edilməsini xahiş etmişdir. Bildirir ki, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə təqdim edilmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi əmr ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə SS916427839AZ nömrəli poçt qəbzi ilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçı həmin poçt göndərişini almışdır, (poçt qəbzi və çatdırma haqqında poçt qurumunun saytından çıxarış əlavə edilir). Demək iddiaçı artıq xx.xx.2024-cü il tarixdə hazırda mübahisələndirdiyi əmrin mövcud olmasından və hüquqlarının pozulmasından məlumatlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Yəni, iddiaçı üçün artıq xx.xx.2024-cü il tarixdən iddia müddətinin axımı başlamışdır. İddia ərizəsinə əlavə edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞA.MT43.2025-00074 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış”dakı məlumatlardan müəyyən olunur ki, iddiaçı mülki prosessual və mediasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə “Mediasiyanın tətbiqi barədə təklif’lə, daha sonra isə xx.xx.2025-ci il tarixdə ərizə ilə mediasiya təşkilatına müraciə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə görə, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə görə, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunun ona məlum olduğu xx.xx.2024-cü il tarixdən hesblanmaqla, qanunvericiliklə ona verilmiş 1 aylıq müddətinin 18 gününü ötürdükdən sonra, xx.xx.2024-cü il tarixdə “Mediasiyanm tətbiqi barədə təklif’lə çıxış etdiyindən, həmin vaxtdan onun üçün iddia müddətinn axımı dayanmış və iddia ilə məhkəməyə müraciət etmək üçün cəmi 13 günü qalmışdır. İddiaçıya icbari mediasiya prosesi ilə əlaqədar xx.xx.2025-ci il tarixli MŞA.MT43.2025- 00074 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış” təqdim olunduğundan, həmin tarixdən onun üçün iddia müddətinin axımı bərpa olunaraq davam etmiş və xx.xx.2025-ci il tarixdən yerdə qalan 13 günlük iddia müddətini hesablasaq, xx.xx.2025-ci il tarixi iddiaçı üçün iddia tələbinin irəli sürülməsi üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan 1 aylıq müddətin son günü olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-1-ci maddəsinəd görə, Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin qanunun 32.4.2-ci maddəsinə görə, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın (ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə), 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən Mediasiya prosesinə xitam verilir. İddia ərizəsinə əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə saat 13:59-da ilkin mediasiya üçün 60 manat ödəniş etmişdir. Bu ona dəlalət edir ki, artıq həmin tarixdə iddiaçının mediasiya sessiyasının baş tutmamasmdan məlumatı olmuşyə ona həmin arayış təqdim edilmişdir. Lakin, iddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni iddia müddətinin başa çatmasından 22 gün sonra imzalanmış, məhkəməyə isə xx.xx.2025-ci il tarixdə, yəni iddia müddətinin başa çatmasından 37 gün sonra təqdim edilmişdir. Bütün bunlar iddiaçı tərəfindən hazırkı iddia tələbinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürülməklə məhkəməyə müraciət edilməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 372.2-ci madəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Eyni məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X1rşı “əmrin ləğv edilməsi tələbinə dair” iddia ərazəsi qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə verildiyindən, iddia müddətini tətbiq etməklə, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin materiallarından görünür ki, iddiaçı 02 iyul 2019-cu il tarixdə X2 “Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinə aparıcı elmi işçi təyin edilmiş və ona 03 dekabr 2024-cü il tarixli, 190 saylı əmrlə ciddi xəbərdarlıq edilmişdir. 03 dekabr 2024-cü il tarixli, 190 saylı əmr iddiaçıya 08 dekabr 2024-cü il tarixdə təqdim edilmişdir. İddiaçı daha sonra xx.xx.2024cü il tarixdə hazırki iddia tələbi ilə bağlı Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı 03 aprel 2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər N.Tusi adına X6 və N.Tusi adına X2 baş direktoru X7 qarşı əmrin ləğv edilməsi və işəgötürənin cəzalandırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar