Məhkəmə qərarları › İş №2(074)-821/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-821/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-821/2021 07.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1310 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, rüsüm Sumqayıt şəhər Məhkəməsinda qaldırılacaq iddia ilə əlaqədar 24.05.2021-ci il tarixdə 30 manat ödənilmişdir. Lakin Şamaxı Rayon Məhkəməsində qaldırılan hazırkı iddia ilə əlaqədar Şamaxı Rayon Məhkəməsinin hesabına rüsumun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar