Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-847/2024 04.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X36 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Vəkil, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması” faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olmuşdur. Onun doğumu Dmanisi rayonu Qızılkilsə kənd xalq deputatları Soveti tərəfindən xx.xx.1987-ci il tarixdə 40 nömrəli aktla qeydiyyata alınmış və buna müvafiq olaraq, Vİİ-Tİ (ТИ) seriyalı, 459358 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. xx.xx.1990-cı il tarixdə ailə üzvləri ilə birlikdə daimi yaşamaq məqsədilə, Azərbaycana gələrək, Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşmış və həmin vaxtdan etibarən daimi olaraq, Azərbaycan Respublikasının ərazisində yaşayır. 1995-ci ildə Şamaxı rayon Kərkənc kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 2003-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Lakin, orta təhsilini tam başa vurmadığ üçün, orta təhsil haqqında sənəd almamışdır. Daha sonra təhsilini heç yerdə davam etdirməmişdir. X5 xx.xx.1956-cı il tarixdə Gürcüstanın Dmanisi rayonunun Sindilər kəndində anadan olub. Gürcüstan SSR-nin vətəndaşı olub, 2005-ci ildə SSRİ nümunəli pasportlar Azərbaycanda qüvvədən düşdükdən sonra, anası nə Gürcüstan dövləti tərəfindən, nə də Azərbaycan dövləti tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmişdir. O, xx.xx.2021-ci il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində vəfat edib. Anası vəfat edəndə onun sadəcə SSRİ nümunəli pasportu var idi, bu səbəbdən də onun ölümü dövlət qeydiyyatına alınmayıbdır. X6 xx.xx.1954-cü il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olubdur. Atası Gürcüstan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonunun Kərkənc kəndində yaşayır, pensiyaçıdır. X2 xx.xx.1977-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonunun Mədrəsə kəndində yaşayır. X3 xx.xx.1979-cu il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. O, hazırda Bakı şəhəri Hövsan qəsəbəsində yaşayır. X4 xx.xx.1981-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi adlanan yerdə yaşayır. X1 xx.xx.1984-cü il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olubdur. Bacısının hazırda hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Onun sadəcə doğum haqqında şəhadətnaməsi var və bu səbəbdən də o, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Bacısı hazırda ünvan 1 ünvanında yaşayır. O, 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir, Gürcüstan Respublikasının isə vətəndaşı hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Bundan başqa, Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01/296482 nömrəli arayışından da görünür ki, o, Gürcüstan Respublikasının vətəndaşı hesab edilmir. Hazırda onun 36 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün, o, BMT QAK tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyrimüəyyən vəziyyətdə Azərbaycanda yaşayır. xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə yardım edilməsini xahiş etmişdir. DMX müraciətinə xx.xx.2024-cü il tarixli, 3-37/2-N-2209-26-1-08-3634/2024 nömrəli məktubla cavab verərək göstərmişdir ki, 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasına gələrək, burada daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. 1990-cı ildən etibarən Azərbaycan Respublikasının ərazisində daimi yaşasa da, qeydiyyatsız yaşadığı üçün, onun Azərbaycanda daimi yaşadığını təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də, bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. Eyni zamanda, doğulduğu ölkənin də vətəndaşı hesab olunmur. Baxmayaraq ki, heç bir ölkənin vətəndaşı deyil, onun vətəndaşlığı olmayan şəxs statusunu təsdiq edəcək sənədi də yoxdur. Azərbaycanda daimi yaşamağını və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədi olmadığı üçün, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün, vəsatət qaldıra bilmir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşaması və vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. Bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. 1990-cı ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Hazırda onun 1990-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranıbdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X12 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Vəkil ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Gürgüstan SSR, Dmanisi rayonu Şindilər kəndində doğulmuş, X6, anası X11r. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxı rayonu Kərkənc kənd tam orta məktəbin 26 iyul 2023-cü il tarilxi 68 saylı arayışından görünür ki, 03 iyun 1987-ci il təvəllüdlü Ərizəçi 1995ci ildə Azərbaycan Respublikası Şamaxı rayonu Kərkənc kənd orta məktəbin İ sinfinə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 02 avqust 2023-cü il tarixli Şamaxı rayon Kərkənc kənd XDS İcraiyyə Komitəsinin təsərrüfatbaşına kitablarından arxiv çıxarışından görünür ki, Ərizəçi atası X8 təsərrüfatında qeydiyyatdadır, ailə tərkibi - ailə başçısı X18, həyat yoldaşı X13, oğlanları X21, X19, X20, qızları 1984-cü il təvəllülüdlü X9 və 1987-ci il təvəllüdlü Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-372-N-9246-xx-xx- 27422/2023 saylı arayışından görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs - xx.xx.1987-ci il təvəllüdlü Afida Nəsibova (himayə sənədi № ***-*******00) Dövlət Miqrasiya Xidməti tərəfindən 01 may 2023-cü il tarixindən 30 aprel 2024-cü il tarixədək Şamaxı rayonu Kərkənc ərazi dairəsi, Kərkənc kəndində olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlqədar icraatın nəticələrinə dair 14 oktyabr 2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, 03 iyun 1987-ci il təvəllüdlü Ərizəçi 355993/m nömrəli 10 oktyabr 2022-ci il tarixli müraciətinə baxılaraq, onun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri Baş İdarəsinin 02 aprel 2024-cü il tarixli, 3-37/2-N-2209-26-1-08- 3634/2024 saylı məktubunda göstərilir ki, “xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz araşdırlılmış və Sizin Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmadığınız müəyyən edilmişdir. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışı ilə aidiyyəti üzrə məlumat verilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq, bu Qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügen Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında, 2006cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək, burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasına gələrək, burada daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün, Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz”. İş materiallarında olan himayə sənədindən görünür ki, Nasibova Afida BMTQAK-in Azərbaycandakı nümayəndəliyi hökümət orqanlarından adı göstərilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaratmasını və məcburi geri qaytarılmasının qarşısını almağı xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış, Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin 21 dekabr 2013-cü il tarixli, 01/296482 nömrəli məktubunda göstərilir ki, “Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə öz ehtiramını ifadə edir və sizin xx.xx.2023-cü il tarixli № 3-16-14/2-13192/2023 müraciətinizə cavab olaraq bildiririk ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatlarına görə, Ərizəçiovna (xx.xx.1987-ci il təvəllüdlü) Gürcüstan vətəndaşı deyildir”. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olmuşdur. Onun doğumu Dmanisi rayonu Qızılkilsə kənd xalq deputatları Soveti tərəfindən xx.xx.1987-ci il tarixdə 40 nömrəli aktla qeydiyyata alınmış və buna müvafiq olaraq Vİİ-Tİ (ТИ) seriyalı, 459358 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. xx.xx.1990-cı il tarixdə ailə üzvləri ilə birlikdə daimi yaşamaq məqsədilə, Azərbaycana gələrək, Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşmış, həmin vaxtdan etibarən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Hazırda ərizəçi vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Bundan başqa, üçüncü bir ölkənin vətəndaşlığını da əldə etməmiş və bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İş materialları ilə sübut olunur ki, Ərizəçi heç bir dövlətin vətəndaşı deyil və 1990-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə, göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, 03 iyun 1987-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Şindilər kəndində doğulmuş Ərizəçi 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 03 iyun 1987-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Şindilər kəndində doğulmuş Ərizəçi 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-847/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-847/2024
04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver