Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-882/2024 01.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı regional “ASAN Xidmət” X2 tərəfindən onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə qeydə alınmış 309 saylı nikah qeydinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2023-ci ildə Şamaxı regional “ASAN Xidmət” X1 nikah qeydə alınmışdır. Nikahları qeydə alınsa da, toyları olmamış və o, gəlin köçməmişdir. Nikahları qeydə alınan vaxtdan bir ay sonra, ailələri arasında münasibət kəskin şəkildə pozulduğundan onların ailə olaraq (ər-arvad olaraq) birgə yaşamaqları gələcəkdə mümkünsüz olmuşdur. Onunla Cavabdeh arasında rəsmi nikah qeydi bağlansa da faktiki olaraq heç vaxt ər-arvad kimi yaşamamışlar. Nikahları formal xarakter daşıyır. Hesab edir ki, nikahları etibarsız sayılmalıdır. Məhkəməyə müraciət etdiyi vaxta kimi qeyd olunan səbəblər aradan qaldırılmamışdır. Bu səbəbdən də həmin nikah onun qanuni hüquqlarını və maraqlarını məhdudlaşdıraraq pozur. Gələcəkdə onun Cavabdeh ilə birlikdə ailə həyatını davam etdirməyini mümkünsüz hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, nikahları bağlananadək hər ikisinin evlənmək niyyəti olmuşdur. Lakin nikahları bağlandıqdan sonra ailələri arasında olan münasibət kəskin şəkildə pozulduğundan onların ailə olaraq birgə yaşamaqları gələcəkdə mümkünsüzdür. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 564589 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 26 iyul 2023-cü il tarixdə Şamaxı regional “ASAN Xidmət” X1 nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “İsgəndərov”, arvada “İsgəndərova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 26 iyul 2023-cü il tarixdə tarixdə nikahlarını müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirmişlər. Nikahları rəsmiləşdirilərkən hər iki tərəfin ailə qurmaq niyyəti olmuş, nikah rəsmiləşdirildikdən sonra ailələri arasında münasibətlər pisləşmişdir. Hazırda iddiaçı, ailələri arasında olan anlaşılmazlıq səbəbindən nikahlarının etibarsız hesab olunmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında nikah qanunvericiliyin tələblərinə əməl edilməklə bağlandığından və iddiaçı tərəfindən nikahın etibarsız sayılması üçün qanunla müəyyən edilmiş əsaslardan hər hansı birinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin məhkəmə araşdırması zamanı da nikahın etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərcaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsində nikahın etibarsız sayılması üçün əsaslar dəqiq olaraq göstərilmiş və hazırki iş üzrə həmin əsasların mövcudluğu öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-882/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-882/2024
01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver