Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-907/2021 02.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “doğum faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 07.10.2002-ci il tarixdə Sabir qəsəbə icra nümayəndəliyinin Acıdərə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, 13 iyul 1993-cü il tarixdə X5 ilə rəsmi nigahla ailə həyatı qurmuşlar. Dəyanət, Natiq və Narıngül adlı üç övladları var. Narıngül onun axırıncı övladlarıdır. Şəxsiyyət vəsiqəsi yoxdur. Hazırda ona şəxsiyyət vəsiqəsi alınmalıdır. Ona şəxsiyyət vəsiqəsi almaq istəyiblər lakin bildirilib ki, onun doğum qeydi aparılmadığından ona şəxsiyyət vəsiqəsinin verilməsi qeyri mümkündür. Qeydiyyat Şöbəsinə müraciət etmiş, orada doğum qeydinin olmadığı və hazırda doğum qeydinin aparılmasının mümkün olmadığı və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Qızları Narıngül 07.10.2002-ci il tarixdə Acıdırə kəndi ərazisində qışlaq sahəsində ev şəraitində doğulmuşdur. Onlar daima çobançılıqla məşğul olduqlarından onun adını qeyd etdirməmişlər. Narıngül məktəbə də getməyib. Bu səbəbdən də indiyə kimi onun adı qeyd olunmamış qalmışdır. Onları tanıyanlar, qonşular da təsdiq edə bilərlər ki, qızları X3 həqiqətən də 07.10.2002-ci il tarixdə Sabir qəsəbə icra nümayəndəliyinin Acıdərə kəndində ev şəraitində anadan olmuşdur. X2, anası Ərizəçidır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Digər uşaqlarının doğum qeydi mövcuddur, ancaq 07.10.2002-ci il tarixdə anadan olan qızları Narıngülün doğum qeydi mövcud deyil. Şahidlər də bunu təsdiq edirlər. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi uşaqlıqdan tanıyır. Xalasının qızıdır və 2003-cü ildən baldızıdır. X3 qışlaqda anadan olmuşdur. Narıngülün sənədləri olmadığından məktəbə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi anasıdır. O, Narıngülün doğumunda iştirak etmişdir. Narıngül evdə doğulmuşdur. Qızı ailəsi ilə birlikdə çobanlıqla məşğul olduqlarından ona şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, X3 onun qardaşının qızıdır. Narıngül evdə doğulmuş və qardaşının ailəsi çobanlıqla məşğul olduğundan onun doğum haqqında sənədlərini almamışlar. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan X9, X8, X6, Ərizəçi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qəndaf və həyat yoldaşı Şirinbalanı yaxşı tanıyırlar, 07.10.2002-ci il tarixdə onların bir qızı dünyaya gəlmişdir. Hazırda o, Narıngül deyə çağırılır. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Sabir qəsəbə İƏD-si üzrə nümayəndəliyinin tərəfindən verilmiş 23.07.2021-ci il tarixli, 381 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Sabir qəsəbəsində yaşayır. İş materiallarında olan V-ЖГ 437548 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X10 arasındakı nikah 13.07.1993-cü il tarixdə Şamaxı rayon VVAQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13.07.1993-ci il tarixdə 135 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Bünyatov”, arvada “Bünyatova” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 15.07.2021-ci il tarixli № 05/Q-667/15 saylı məktubundan görünür ki, Qobustan rayonu, Acıdərə kəndində 07.10.2002-ci il tarixdə ev şəraitində doğulmuş uşaqlarının doğumunun qeydə alınması barədə ərizəsinə baxıldığı, lakin doğum faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunmuş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi tərəfindən 07.10.2002-ci il tarixdə Sabir qəsəbə icra nümayəndəliyinin Acıdərə kəndində ev şəraitində Narıngül adlı qız uşağı doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla valideynlərinin himayəsində yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağın şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 07.10.2002-ci il tarixdə Sabir qəsəbə icra nümayəndəliyinin Acıdərə kəndində bir qız uşağını doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-907/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-907/2021
02.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver