Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-91/2024 12.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X25 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 nümayəndəsi qismində və öz adından Nümayəndə1 və X3 nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakı ilə, Ərizəçi1, X7 və Nümayəndə1 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Nümayəndə1 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ataları X2 miras qalmış ünvan 1 ünvanında yerləşən evə və həyətyanı torpaq sahəsinə dair vərəsəlik üzrə miras əmlakı qəbul etmə müddətinin uzadılması və mirası faktiki qəbul etmə faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, ataları X11 xx.xx.2003-cü il tarixdə, anaları X14 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atalarından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Qeydiyyatları həmin ünvana olmasa da, ataları vəfat etdiyi vaxtdan, hətta ondan əvvəl də, həmin evdə ayrıca otaqları olmuşdur. Bakıdan şəhərindən Şamaxı rayonuna gələndə, öz otaqlarında qalmışlar və indiyə qədər də belə olmuşdur. Onlar miras qoyanın övladlarıdır və birinci növbə vərəsələridirlər. Atalarının vəfatından sonra, onlar öz aralarında razılaşmışlar ki, ata evindən hamı bərabər şəkildə istifadə etsin. Onlar Bakı şəhərində yaşasalar da, yay aylarında istirahətə Şamaxıya ata evinə gəlib, orada istirahətlərini keçirmişlər. Bir neçə il olar ki, qardaşları Şahin Rusiyadan qayıdıbdır. Əvvəllər evlə bağlı elə də, problemləri olmamış, lakin son vaxtlarda Şahin problem yaratmağa başlamışdır. Bu səbədən, onlar həmin evə dair vərəsəlik şəhadətnaməsi almaq üçün X24 Xidmət Mərkəzinin notariat ofisinə müraciət etmiş, lakin mirası qəbul etmək üçün müəyyən olunmuş müddət keçdiyindən və mirası faktiki olaraq qəbul etməkləri barədə kifayər qədər sübutlarının olmaması əsasında, müraciətlərin qəbul olunmasından imtina olunmuşdur. Daha sonra ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Nümayəndə1 məhkəməyə ərizənin həcminin azaldılması barədə ərizə təqdim edərək, yalnız mirası faktiki qəbul etmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə baxışında ərizəçilər Ərizəçi1 nümayəndəsi qismində və öz adından Nümayəndə1 və X3 nümayəndəsi Nümayəndə2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X20 bildirdi ki, ərizəçilər Ərizəçi1, X7 və Nümayəndə1 onun qonşularıdır. Valideynləri vəfat etdikdən sonra, onlardan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həmin şəxslər öz ailələri ilə birlikdə yaşamış və təsərrüfatı idarə etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 şahid X20 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər X24 Xidmət Mərkəzinin notariat ofisinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəməyə gəlməmişdirlər. Məhkəmə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, miras qoyan X8 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1958-ci ildə doğulmuş, atası X9, anası X12r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X4 arasında xx.xx.1985-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1968-ci ildə doğulmuş, atası X9, anası X12r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Sübhanova (Cabarova) Rəna Xanmirzə qızı xx.xx.1955-ci ildə doğulmuş, atası X9, anası X12r. İş materiallarında olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Notariat əməliyyatı aparmaqdan imtina haqqında qərardan görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş X6 məxsus olan ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsələr Ərizəçi1, X7 və Nümayəndə1 əmlakı faktiki qəbul etməməklə, miras əmlakın qəbul müddətini buraxdığına görə imtina olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şamaxı şəhəri, Vidadi Məmmədov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi ərizəçilərin atası X6 məxsus olmuş, X8 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, həmin şəxsin ölümündən sonra miras qalmış həmin əmlakı hazırki iş üzrə ərizəçilər Ərizəçi1, X7 və Nümayəndə1 faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş və qəbul etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9 maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Qeyd olunanları əsas tutaraq məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, mirasdan imtina etməyən vərəsələr Ərizəçi1, X7 və Nümayəndə1 mirası qəbul etmiş vərəsələr hesab edilməli və X1 miras qalmış Şamaxı şəhəri, Vidadi Məmmədov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair ərizəçilər Ərizəçi1, X7 və Nümayəndə1 tərəfindən mirası qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış Şamaxı şəhəri, Vidadi Məmmədov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair ərizəçilər Ərizəçi1, X7 və Nümayəndə1 tərəfindən mirası qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-91/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-91/2024
12.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver