Məhkəmə qərarları › İş №2(074)-914/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-914/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-914/2021 07.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “doğum faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 24 yanvar 2014-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində doğulması faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildə X2 ilə qeyri-rəsmi nikahla evlənmışdır. Nikahlarını 26 iyul 2021-ci il tarixdə rəsmiləşdirmişlər. 3 övladları var. Adları Əli, Hüseyn, Zəhradır. İlk olaraq 24.01.2014-cü il tarixdə bir oğlu dünyaya gəlib. Uşaq ev şəraitində dünyaya gəlib. Adını Əli qoyublar. Lakin indiyə kimi onun doğumu qeydə alınmamışdır. Belə ki, rəsmi nikahları olmadığından tibbi şəhadətnaməsi də yoxdur və bu səbəbdən onun adı qeydə alınmamışdır. Lakin doğuşda iştirak edən yaxınları hamısı bilirlər ki, həqiqətən də onun 24.01.2014-cü il tarixdə ev şəraitində bir oğlu dünyaya gəlmişdir. Hal- hazırda sağ və salamatdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Oğlu Əlinin 24.01.2014-cü ildə tibb müəssisəsindən kənarda doğulmasını şahidlər də təsdiq edirlər. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun qayınının gəlinidir. Uşaq imkansızlıqdan ev şəraitində doğulmuşdur.Ərizəçi bütün uşaqlarının doğumunda iştirak etmişdir. Sağlam uşaqlar olduqları üçün həkimə aparmayıblar. Bir yerdə yaşayıblar və o, uşaqlara qulluq edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi qonşusudur. Onun uşaqları hamısı ev şəraitində doğulmuşdur. Uşaqların baxılmasına köməklik etmişdir. Uşaqlar qışlaqda böyüyüblər. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.06.2021-ci il tarixli X1, X3 və Ərizəçi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ərizəçi Şamaxı rayonu, Quşçu kəndində onların iştirakı ilə ev şəraitində 24.01.2014-cü il tarixdə bir oğlan uşağı dünyaya gətirmişdir. Onlar buna şahiddirlər. Doğulmuş oğlan uşağının adı Əlidir və hal-hazırda sağ və salamatdır. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Quşçu kənd İƏD-si üzrə nümayəndəliyinin 08.07.2021-ci il tarixli 320 saylı arayışından görünür ki, Ərizəçi Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olmasına baxmayaraq hal- hazırda Şamaxı rayonu, Quşçu kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 02.07.2021-ci il tarixli 08/Q-620/15 saylı Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 24.01.2014-cü ildə ev şəraitində bir oğlan uşağının doğumunun qeydə alınması barədə müraciətinə baxılmış, doğum faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina edilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan AZ-İİ № 423865 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi arasındakı nikah 26.07.2021-ci il tarixdə Şamaxı regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26.07.2021-ci il tarixdə 240 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi tərəfindən 24.01.2014-cü il tarixdə Şamaxı rayonu, Quşçu kəndində ev şəraitində Əli adlı oğlan uşağı doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla valideynlərinin himayəsində yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağın şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 24.01.2014-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində bir oğlan uşağını doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar