Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-934/2021 17.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Şamaxı rayon İcra Hakimiyyəti və Şamaxı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 28 oktyabr 2001-ci ildə ölüm faktının müəyyən edilməsi və atası Şıxaliyev Zahid Zakir oğlunun isə himayəsində olmamağı barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsidir. Onun təhsili ödənişlidir. O, illik bakalavr ali təhsil ödənişini ödəyə bilmir. Belə ki, o, bir valideynini (anasını) itirdiyindən, digərinin isə himayəsində olmadığından, özü də əyani şöbə üzrə tələbə və deməli işsiz olduğudan illik təhsil haqqısının ödənişi qeyri-mümkün olmuşdur. Bu barədə oxuduğu ali təhsil müəssisəsinin rəhbərliyinə müraciət edərək ona köməklik göstərmələrini xahiş etmişdir. Oradan ona bildiriblər ki, valideynlərindən birinin vəfat etməsi, digərinin isə himayəsində olmamağı haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyinə təqdim etsə həmin illik təhsil haqqı ödənişləri dövlət hesabına olacaqdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanununa görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Şamaxı rayon İHB-nın Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 217 saylı, 13 iyul 2021-ci il tarixli arayışdan görünür ki, onun anası X3 vəfat etdikdən sonra nənəsi X4 himayəsində yaşamışdır. Anası vəfat etdikdən bir müddət sonra atası Şıxaliyev Zahid oğlu başqa qadınla rəsmi nikaha daxil olmuşdur. Odur ki, atası indiyədək onunla maraqlanmamış, ona maddi köməklik etməmiş və bu əsaslarda o, heç vaxt öz valideynlik vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən o uzun müddətdir ki, valideyn himayəsindən məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Buna görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və nümayəndələrinin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. Anası rəhmətə gedib. Atası isə Sumqayıta işləməyə getmiş və ora da evlənmişdir. Atası onunla çox az maraqlanıb. Ona nənəsi və babası baxıblar. İndi isə əmisi baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi anası rəhmətə gedib. Nənəsi və babası baxıblar. Babası rəhmətə gedəndən sonra isə, əmisi baxıb. Atasını tanımır anası rəhmətə gedəndən sonra onu görməyib. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Hacı Zeynalabdin qəsəbəsi nümayəndəliyinin 15.09.2021-ci il tarixli 622 saylı arayışından görünür ki, 03.04.1977-ci ildə anadan olmuş vətəndaş Şıxaliyev Zahid Zakir oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Məlhəm kənd İƏD-si üzrə nümayəndəliyinin 13.07.2021-ci il tarixli 218 saylı arayışından görünür ki, xx.xx.2001ci il təvəllüdlü Ərizəçi Şamaxı rayonu, Məlhəm kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Məlhəm kənd İƏD-si üzrə nümayəndəliyinin 13.07.2021-ci il tarixli 217 saylı arayışından görünür ki, Ərizəçi anası X3 vəfat etdikdən sonra nənəsi X4 himayəsində yaşamışdır. İş materiallarında olan 15.09.2020-ci il tarixli 20/030445 saylı etibarlılıq müddəti 05.07.2023-cü il tarixinədək olan tələbə biletinin notarial təsdiqli surətindən görünür ki, Ərizəçi Azərbaycan Memarlıq və İnşaat Universitetinin “ST və MKS” fakültəsində “elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alır. İş materiallarında olan 30.10.2001-ci il tarixli AZ № 085736 saylı ölüm şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, X3 28.10.2001-ci il tarixdə ürək, qan-damar çatışmazlığı, doğuş zamanı olan qanaxma, çanaq dibi əzələlərinin, sidik yollarının cırılması səbəbindən vəfat etmişdir. İş materiallarında olan AZ-İ № 113918 saylı doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə Şamaxı rayonunun Məlhəm kəndində anadan olmuş, atası Şıxaliyev Zahid Zakir oğlu, anası isə X2r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi üçün anası X1 28 oktyabr 2001-ci ildə ölməsi faktı iş materiallarında olan ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapdığından və himayədə olmama faktının müəyyən edilməsi qanunvericilkdə nəzərdə tutulmadığından ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi anası X1 28 oktyabr 2001-ci ildə ölüm faktının və atası Şıxaliyev Zahid Zakir oğlunun isə himayəsində olmaması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-934/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-934/2021
17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver