Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-940/2021 17.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun müəyyən olunması və evə köçürülmə” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan A.Əhmədov küçəsi ev 55) yerləşən Cavabdeh2 adına olan evə istifadə hüququnun müəyyən olunması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 29 avqust 1992-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. ünvan 2 ünvan A.Əhmədov küçəsi ev 55) gəlin köçmüş və həmin vaxtdan da ayrılana kimi həmin evdə yaşamışdır. Həmin ev Adilin atası Cavabdeh2 adınadır. 17 yanvar 2019-cu il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlər hələ boşanmadan bir neçə ay əvvəl onu evdən çıxarmışlar.Amma əmlakları,mebelləri indiyə kimi həmin evdədir. O, müvəqqəti olaraq Şamaxı şəhəri, Qədirli küçəsi 55 saylı mənzildə yaşamağa məcbur olmuşdur. O, boşanmadan sonra 2021-ci ilin fevralında ümumi mülkiyyətdə olan əmlaklarının o cümlədən ünvan 3 ünvan A.Əhmədov küçəsi ev 55) yerləşən evin bölünməsi və ona çatan hissənin verilməsi üçün məhkəmədə iddia qaldırmış, lakin ev dövlət qeydiyyatına alınmadığından məhkəmə iddiasını 01.06.2021-ci il tarixli qətnaməsilə rədd etmişdir. 1992-ci ildən həmin evdə yaşamağı nəzərə alınmaqla evdən istifadə hüquqları müəyyən olunmalı və evə köçürülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X2 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh2 gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməsədə, Cavabdeh1 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03.07.2019-cu il tarixli AZ-İ 315135 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03.07.2019-cu ildə 65 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli 2(074)- 389/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinə qarşı “ümumbirgə mülkiyyətdə olan əmlakın bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin vəkil Əlisə Abdullayevə ünvanlandığı 26.07.2021-ci il tarixli № m/515 saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvan A.Əhmədov küçəsi ev 55) yerləşən fərdi yaşayış evi Cavabdeh2 adınadır. Həmin yaşayış evinə iyul 1978-ci il tarixdə texniki pasport hazırlanmışdır. İş materiallarında olan Şamaxı Regional “Asan Xidmət” X3 tərəfindən verilmiş 29.06.2021-ci il tarixli № 640 nömrəli arayışından görünür ki, xx.xx.1971-ci il tarixində Şamaxı şəhərində anadan olmuş İddiaçı iki uşağı 09.07.1993-cü il təvəllüdlü Cavabdeh2 Adil oğlu və 11.03.1995-ci il təvəllüdlü X5 vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 15.09.2021-ci il tarixli **********41 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvan Ağamirzəli Əhmədov küçəsi ev 55) fərdi yaşayış evinə iyul 1978-ci il tarixdə texniki pasport hazırlanmış və həmin ev hal-hazırda Cavabdeh2 adınadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 29 avqust 1992-ci ildə Cavabdeh1 ilərəsmi nikaha daxil olaraq ünvan 3 ünvan A.Əhmədov küçəsi ev 55) yerləşən, cavabdehin atası Cavabdeh2 məxsus evə köçmüşdür. Cavabdeh1 ilə birgə nikahından olan uşaqları da həmin evdə doğulmuşdur. Cavabdehlər iddiaçını evdən çıxarmışlar. 17 yanvar 2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh1 arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlər iddiaçının mübahisəli evə qayıdıb yaşamasına imkan vermirlər. Cavabdeh2 adına olan fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının mübahisəli evə köçüb yaşamağa başladığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı 29.08.1992-ci ildə gəlin köçdüyü vaxtdan 2019-cu il tarixədək yaşadığı, ünvan 3 ünvan A.Əhmədov küçəsi ev 55) yerləşən Cavabdeh2 adına olan fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, iddia tələbi istifadə hüququnun tanınması hissəsində rədd edilməli, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvan A.Əhmədov küçəsi ev 55) yerləşən Cavabdeh2 adına olan fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-940/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-940/2021
17.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver