Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-10/2022 10.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X6 və X1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, X6 və X1 Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1, X6 və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonunun Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan, Cavabdeh tərəfindən zəbt edilmiş 7,48 hektar torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və Cavabdeh vurulmuş zərərə (əldən çıxmış fayda) görə 19448 (on doqquz min dörd yüz qırx səkkiz) manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı1, X6 və X1 nümayəndəsi (vəkili) Vəkil məhkəməyə tələbin azaldılmasına dair ərizə təqdim edərək Şəki rayonunun Qayabaşı kəndində yerləşən, cavabdehlərin xüsusi mülkiyyətlərində olan 7,48 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçılar İddiaçı1, X6 və X1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslərə Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 4 nəfər ailə üzvlərinə 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adına Torpağa Mülkiyyət Hüququna X18 hazırlanaraq verilmişdir. Bildirmişdir ki, qeyd edilən Dövlət Aktına əsasən onlara 7.48 ha və 0.60 ha olmaqla iki ayrı-ayrı hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi onlara verildikdən sonra bir neçə il istifadə etmişlər. 2003-cü ilin yanvar ayında ailə üzvlərindən birinin xəstələnməsi ilə əlaqədar pula ehtiyacları olmuşdur. Həmin vaxtdan başlayaraq iddiaçılar qohumları və həmkəndliləri, hazırki iş üzrə Cavabdeh 2003-cü ilin iyun ayınadək hissə-hissə olmaqla 3500 (üç min beş yüz) manat borc pul almışlar. 2003-cü ilin iyun ayında taxıl biçilən zaman məhsulu sataraq digər borclarını ödəmişlər. Lakin cavabdeh qohumları olduğu üçün onun borcunu sonra verəcəklərini bildirdikdə o narazılıq etmiş, bu səbəbdən torpağın mülkiyyət sənədini verərək borc bitənədək 7.48 ha torpağı əkib-becərməsini bildirmişlər. İki ildən sonra, yəni 2005-ci ildə torpağın mülkiyyət sənədlərini qaytarmağı cavabdehdən tələb etdikdə o, iddiaçıların ailə başçısı olan İddiaçı1 etiraz etmiş, hələ borcun bitmədiyini bildirmişdir. Növbəti ildə yenidən cavabdehə müraciət etdikdə arvadını (hazırki iş üzrə İddiaçı1 bacısı qızını) onların evlərinə göndərmiş və torpağı qaytarsalar ciddi problemlər yaradacağını bildirmişdir. İddiaçı1 bacısı da bir müddət gözləməyi və kürəkəninə güzəşt etməyi iddiaçılardan xahiş etmişdir. Beləliklə 2007-ci ildən başlayaraq hər il taxıl biçilən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə iddiaçıların torpaqlarını qaytarmaqdan yayınmışdır. Nəhayət onlar bu yaxınlarda mülkiyyətlərində olan torpaq sahələrinə görə DƏDRX-dən Çıxarış almışlar. Torpaq sahəsini şumlatmaq istədikdə isə cavabdeh onlara mane olmuşdur. İddiaçılar onların mülkiyyətində olan torpaq sahəsindən çıxmağı cavabdehə təklif etsələrdə cavabdeh buna razı olmamışdır. Bildirmişdir ki, 2007-ci ildən keçən 15 il ərzində cavabdeh qərəzli olaraq iddiaçıların mülkiyyətində olan torpaq sahəsini onlara qaytarmaqdan imtina edir, həmçinin iddiaçıları mülkiyyətlərində olan torpaq sahəsindən maneəsiz istifadə etmələrinə imkan vermir. Bununla da iddiaçıların qanunla qorunan mülkiyyət hüquqları kobüd şəkildə pozulur. Qeyd etmişdir ki, cavabdeh iddiaçılara məxsus hazırkı mübahisələndirilən torpaq sahəsini güya onlardan alqı-satqı yolu ilə almasını iddia etmiş və həmin torpaq sahəsi ilə bağlı aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan Şəki rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(075)-1393/2020 saylı qətnaməsi ilə Cavabdeh “Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna X18na əsasən İddiaçı1, X6, Hüseynova (Heydərova) Nabat Məhərrəm qızı və X1 xüsusi mülkiyyətində olan 7,482299 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında 28 fevral 2003-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə həm Apellyasiya instansiyası, həm də Ali Məhkəmədə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı1, X6 və X7 iddiaçıların nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında vermiş olduğu izahata oxşar olan eyni məzmunlu izahat verməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 28 fevral 2003-cü il tarixdə Şəki rayon Qayabaşı kəndi ərazisində yerləşən JN: 0040 (kod ********) saylı Torpağa mülkiyyət hüququna X18na əsasən İddiaçı1, İddiaçı2, Hüseynova (Heydarova) Nabat Məhərrəm qızı və İddiaçı3 xüsusi mülkiyyətində olan 7,482299 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini pulunu tam ödəməklə onlardan satın almışdır. 28 fevral 2003-cü il tarixdə torpaq sahəsinin dəyəri olan 19250000(on doqquz milyon iki yüz əlli min) AZN pul məbləğini İddiaçı1 və ailə üzvlərinə tam şəkildə ödəmişdir. Torpaq sahəsinin dəyərini ödədikdən sonra İddiaçı1 və ailə üzvləri torpaq sahəsini və torpaq sahəsinə dair onlarda olan JN: 0040 (kod ********) saylı Torpağa mülkiyyət hüququna X18nın əslini ona təhvil vermişlər. Həmin torpaq sahəsi qeyd edilən tarixdən onun faktiki istifadəsindədir. Bildirmişdir ki, İddiaçı1 onun həyat yoldaşının X5 dayısı, digər torpaq mülkiyyətçiləri isə onun ailə üzvləri olmaları səbəbindən o, qeyd edilən torpaq sahəsinin satın almasına baxmayaraq torpaq sahəsinin rəsmi sənədlərdə onların adlarına qalmasına əhəmiyyət verməmişdir. 2014-cü ildə İddiaçı1 yanına gələrək qızı Nabata sosial müavinət təyin edilməsi işi üçün JN: 0040 (kod ********) saylı Torpağa mülkiyyət hüququna X18nın əslinin lazım olduğunu bildirdi və həmin sənədi ona verməsini xahiş etdi. O da qohumluğa və torpağı satın aldıqdan sonra keçən 11 il ərzində heç vaxt torpaq sahəsini mübahisələndirmədiklərinə arxayın olaraq heç bir şeydən şübhələnmədən dövlət aktının əslini İddiaçı1 vermişdir. 22 dekabr 2014-cü il tarixdə Heydərova (Hüseynova) Nabat Məhərrəm qızı qeyd edilən torpaq sahəsinin özünə aid hissəsini notariat qaydasında rəsmi müqavilə əsasında atası İddiaçı1 bağışlamışdır. Müqavilə bağlandıqdan sonra İddiaçı1 bağlanmış müqavilənin bir nüsxəsini və Dövlət Aktının notariat qaydasında təsdiq edilmiş surətini ona vermiş və bir daha nə vaxt istəsə torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Torpaq sahəsini əvvəllər öz adına sənədləşdirməyə özü də tələsməmiş, İddiaçı1 və ailə üzvləri inandığından onların nə vaxtsa torpaq sahəsini onun adına rəsmiləşdirməkdən imtina edəcəklərini güman belə etməmişdir. Bildirmişdir ki, son bir neçə ildə isə qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədilə İddiaçı1 müraciət edərək torpaq sahəsini adına rəsmiləşdirilməsi üçün onlarda olan müvafiq sənədlərlə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini xahiş etmişdir. İddiaçı1 və ailə üzvləri bu yaxınlaradək torpaq sahəsini ona satmış olmalarını, torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də müxtəlif səbəblər göstərərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün müvafiq notariat konturuna gələrək alqı-satqı müqaviləsinə imza etməkdən yayınmışlar. Onlar torpaq sahəsini ona satmalarını ümumiyyətlə inkar edərək torpağı guya ona müddətsiz icarə verdiklərini, icarə müddətinin artıq başa çatdığını deyərək torpaq sahəsini geri götürmək istəyirlər. O, qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ 28 fevral 2003-cü il tarixdə tam icra etmişdir. İddiaçı1 və ailə üzvləri isə satıcı kimi öz üzərlərinə düşən öhdəlikdən, yəni müvafiq torpaq sahələrini onun adına rəsmiləşdirmək üçün notariat kontoruna gələrək müvafiq alqı-satqı müqaviləsinə imza etmirlər. Hesab etmişdir ki, qeyd edilən mübahisəli torpağı aldığından həmin torpaq sahəsi ona məxsusdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh vəkili X8 da Cavabdeh ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı1, X6 və X1 Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, işdə olan 06 avqust 2020-ci il tarixli, AA seriyalı, 518427 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yerləşən, ümumi ölçüsü 7,48 ha olan torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. İşdə olan Şəki rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(075)-1393/2020 saylı qətnaməsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Əİ tərəfindən 18.08.2020-ci il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış üzrə Şəki rayonu Qayabaşı kəndində yerləşən 7,48 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 (2/4 hissə), X6 (1/4 hissə) və X7 (1/4 hissə) adlarına daşınmaz əmlakın dövlət reystrində 204 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şəki rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(075)-1393/2020 saylı qətnaməsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Əİ tərəfindən 18.08.2020-ci il tarixdə verilmiş **********04 reyestr nömrəli çıxarış üzrə Şəki rayonu Qayabaşı kəndində yerləşən 0,60 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 (2/4 hissə), X6 (1/4 hissə) və X7 (1/4 hissə) adlarına daşınmaz əmlakın dövlət reystrində 204 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şəki şəhər İHB-nin Qayabaşı kənd İD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2020-ci il tarixli, 511 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Qayabaşı kənd sakini İddiaçı1 həqiqətən də Şəki rayonu, Qayabaşı kəndində yaşayır və onun ailə üzvləri arvadı X9, oğlu X7 və gəlini X10r. İşdə olan Şəki şəhər İHB-nin Qayabaşı kənd İD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli, 510 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Qayabaşı kənd sakini İddiaçı1 həqiqətən də Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatdadır. İşdə olan Şəki Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(075)-1393/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh “Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna X18na əsasən İddiaçı1, X6, Hüseynova (Heydərova) Nabat Məhərrəm qızı və X1 xüsusi mülkiyyətində olan 7,482299 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında 28 fevral 2003-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(107)-506/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 18 noyabr 2020ci il tarixli, 2(075)-1393/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Ali Məhkəmənin 11 oktyabr 2021-ci il tarixli, 2(102)-5027/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-506/2021 nömrəli, 24 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iddiaçıların, cavabdehin izahatları ilə müəyyən olundu ki, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılara Şəki rayonu Qayabaşı kəndi ərizisində 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Dövlət Aktına əsasən həmin torpaq sahəsi 7.48 ha və 0.60 ha olmaqla iki ayrı-ayrı yerlərdə olmuşdur. Bununla bağlı iddiaçılara JN-0040 KOD 40402048 saylı Torpağa mülkiyyət X17 Aktı verilmiş və iddiaçılar sonradan həmin torpaqlara dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən 18 avqust 2020-ci il tarixli, reyestr nömrəsi **********81 olan çıxarış da almışlar. İddiaçılar qeyd edilən mübahisəli torpaq sahəsini cavabdehdən aldıqları borc pul qarşılığında bir neçə il əkib becərməsi üçün ona verməsini iddia etmişdir. Cavabdeh isə qeyd edilən torpaq sahəsin iddiaçılardan aldığını bildirmiş və həmin torpaq sahəsi ilə bağlı iddiaçılarla aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan Şəki rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(075)-1393/2020 saylı qətnaməsi ilə Cavabdeh “Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna X18na əsasən İddiaçı1, X6, Hüseynova (Heydərova) Nabat Məhərrəm qızı və X1 xüsusi mülkiyyətində olan 7,482299 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında 28 fevral 2003-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması” tələbinə dair iddiası təmin edilməmiş, həmçinin həmin qətnamə həm Apellyasiya instansiyası, həm də Kassasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar iddialarını müdafiə etmiş, cavabdeh isə əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılara Şəki rayonu Qayabaşı kəndi ərizisində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Əİ tərəfindən 18.08.2020-ci il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış üzrə 7,48 ha və **********04 reyestr nömrəli çıxarış üzrə isə 0,60 ha torpaq sahəsi verilmişdir. Hər iki torpaq sahələri iddiaçıların paylı mülkiyyətlərindədir. Lakin məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, **********81 nömrəli çıxarış üzrə iddiaçılara verilmiş 7,48 ha torpaq sahəsi hal-hazırda cavabdeh tərəfindən istifadə edilir. Yəni iddiaçılar qeyd edilən paylı mülkiyyətlərində olan 7.48 ha torpaq sahəsindən istifadə edə bilmirlər. Buna görə məhkəmə hesab edir ki, iddiaçılar onlara məxsus birgə mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını və həmin torpaq sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdırlar. Bütün yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 18.08.2020-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışla İddiaçı1 (2/4 hissə), X2 (1/4 hissə) və X3 (1/4 hissə) Şəki rayonunun Qayabaşı kəndində verilmiş 7,48 ha torpaq sahəsindən çıxarılmalı və Cavabdeh qeyd edilən torpaq sahəsinin boşaldaraq iddiaçılar İddiaçı1, X2 və X3 təhvil verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu tələb edilmədiyindən onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 18.08.2020-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışla İddiaçı1 (2/4 hissə), X2 (1/4 hissə) və X3 (1/4 hissə) Şəki rayonunun Qayabaşı kəndində verilmiş 7,48 ha torpaq sahəsindən çıxarılsın və Cavabdeh qeyd edilən torpaq sahəsinin boşaldaraq iddiaçılar İddiaçı1, X2 və X3 təhvil versin. İddia ərizəsi üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-10/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-10/2022
10.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver