Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1007/2021 08.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 795 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Tərtər rayonu Kəbirli kəndində yaşayır. Tərtər şəhəri, Nizami küçəsi, bina 40 b, mənzil 4də əlavə evi vardır. Özü heç bir yerdə işləmədiyindən Nizami küçəsində yerləşən evin kirayə pulu ilə dolanır. Bir neçə müddət bundan əvvəl bir nəfər hərbçi ondan evini kirayə verməsini istəmişdir. O da sonuncu ilə razılaşmışdır. Cavabdeh hərbçi olmasını, gənc ailəuşağının olmasını nəzərə alıb evi dəyərindən aşağı qiymətə ona kirayə vermişdir. Ancaq Cavabdeh evin kirayəsini vaxtı-vaxtında verməmişdir. Bu səbəbdən də 2020-ci ilin mayın ayının 19-a qədər cavabdehin ona 480 manat borcu yaranmışdır. O, cavabdehin hərbçi olduğunu nəzərə alıb həmişə güzəşt etmiş, sonuncu evdə ailəsi ilə birlikdə qalmışdır. Lakin Cavabdeh bunun əksinə olaraq onu aldatmaq niyyətilə 1 il müddətdir ki, yüz dənə yalan danışır. Aldığı əmək haqqını müxtəlif yerlərə xərcləməsinə baxmayaraq kirayə borcunu vermir. Cavabdeh evin kirayə pulu ilə yanaşı evdə qaldığı müddətdə yaranmış qaz və işıq pulunııda ödəmədiyindən kommunalı da o özü ödəmişdir. Bu barədə olan qəbzləri məhkəməyə təqdim edir. Cavabdeh 2021-ci ilin mart ayının 25-də gizli şəkildə evi boşaltmış, açarı qonşuya verərək evi tərk etmişdir. Cavabdeh dəfələrlə deməyinə baxmayaraq ev kirayəsini vermir. Cavabdehin ona ev kirayəsinə görə 1060 manat və kommunal xərclərə görə isə 35 manat borcu qalmışdır. Cavabdeh ona bu borclarından bu ilin mart ayının əvvəllərində Milliön vasitəsilə 300 manat pul göndərmişdir. Cavabdehin hazırda ona cəmi 795 manat borcu qalmışdır. Cavabdeh ona borclu olmasını cavabdehin qardaşı və atası da bilir. Dəfələrlə onlarla da telefonla danışıb pulu istəsə də xeyri olmamışdır. O, Vətən Müharibəsi ilə əlaqədar 3 aylıq ev kirayəsini cavabdehdən tələb etmir. Lakin Cavabdeh onu dəfələrlə aldatdığından, evi xəbərsiz boşaldıb qaçdığından, o, pulunu ala bilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh onun evində 5 il kirayə qalmışdır. Cavabdeh onun evinə müvəqqəti qeydiyyata düşmüş, hər ay dövlətdən 180 manat kirayə puluna yardım almışdır. Həmin 5 ildə ona çoxlu yalanlar danışmışdır. Evin kirayə qiyməti 160 manat olsa da, cavabdehə yazığı gəldiyindən evi 120 manata kirayə vermişdir. Hətta sonuncu dəfə cavabdeh ona zəng edərək borc istədikdə 40 manat göndərmişdir ki, yeməyə çörəyi, içməyə qəndi olsun. Lakin hazırda həmin 40 manatı belə tələb etmir. Vətən müharibəsi dövründə cavabdehə mütəmadi kontur göndərmiş, üç aylıq kirayə haqqını almamış, ona ata qayğısı göstəmişdir. Lakin cavabdeh onun bu yaxşılıqlarından nəticə çıxarmamış, 2021-ci ilin mart ayının 25-də evi gizlicə boşaldıb qaçmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehin ona borcunun olmasını sonuncunun öz xətti ilə yazılmış əlyazma sübut edir. Belə ki, cavabdeh 19 may 2020-ci il tarixdə 480 manat, sonradan 795 manat borcu olduğunu etiraf etmişdir. Əgər məhkəmə iclasına cavabdeh özü də gəlsə idi, bunu təsdiq edərdi. Lakin bilir ki, cavabdeh yalançı olduğundan məhkəmə iclaslarına gəlməyəcəkdir. Bundan başqa cavabdehin ona məxsus evdə yaşadığını qonşular təsdiq edə bilər. Həmçinin qeyd etdi ki, hazırda məhkəməyə aralarında bağlanmış kirayə müqaviləsini təqdim edə bilmir. Ona görə ki, bunun üçün lazımi sənədləri hər il cavabdehə vermiş, bütün sənədləşmələri cavabdeh həyata keçirmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh kirayəyə verdiyini, sonuncunun ona kirayə haqqından və evin kommunal xərcindən cəmi 795 manat borcu qaldığını göstərmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh məhkəmə iclasına gəlməməklə iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, tələblə bağlı etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı 795 manatın cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, İddiaçı Cavabdeh 795 manat pulun alınaraq ona verilməsini tələb etsə də, cavabdehin ona hər hansı pul borcunun olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə 19 may 2020-ci il tarixdə Cavabdeh tərəfindən yazıldığı iddia edilən “...480 manat borcum yığılıb və razılaşma yolu ilə hər ay 160 manat verməklə borcumu tam ödəyəcəyimi bu izahatımla təsdiq edirəm” əlyazması əlavə edilsə də, həmin əlyazmanın həqiqətən cavabdeh tərəfindən və ya digər şəxs tərəfindən yazılmasının və imzalanmasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə tərəfindən həmin əlyazmanın cavabdeh tərəfindən yazıldığı qəbul olunsa belə 19 may 2020-ci il tarixdən sonra cavabdehin iddiaçıya heç bir ödəniş etməməsi və hazırda 795 manat borcunun olması ilə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «Cavabdeh borclu olduğu 795 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1007/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1007/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver