Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1028/2021 24.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: Ərizəçi, Cavabdeh: ƏƏSMN-nin tabeliyində DSMF-nun nümayəndəsi (əvvəlki məhkəmə iclaslarında iştirak etmiş digər nümayəndələr X5 və X8) X3 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh ƏƏSMN-nin tabeliyində DSMFPHŞ-in Şəki şəhər Filialına qarşı əmək fəaliyyəti ilə bağlı hüquqi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki şəhərində, Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayon Üzümçülük sovxozunda 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək fəhlə işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi izahat verərək göstərmişdir ki, o, 1955-ci ildə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuşdur. Orta məktəbi 1970-ci illərin əvvəllərində (1971-1972) bitirmiş, 1970-ci ildən 1975-ci ilədək o zamanlar mövcud olan Şəki rayonu Oxud kənd «1 May» kolxozunda kolxozçu işləmişdir. 1975-ci ildə həqiqi hərbi xidmətə getmiş və 1977-ci ildə hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci ildən etibarən 1984-cü ilədək Şəki şəhərində yerləşən Kimya Birliyində sürücü işləmişdir. 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək törətmiş olduğu cinayətə görə cəza çəkmişdir. Belə ki, 1984-cü ildə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə 1 nəfərin ölümünə səbəb olduğundan barəsində cinayət işi başlanılmış və məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1984-cü ilin avqust ayında cəzasının icrası ilə əlaqədar əvvəlcə Gəncə şəhərinə, oradanda Bakı şəhəri, Qaradağ rayonuna aparılmışdır. Ona təyin olunmuş cəzasının təxminən 1.6 ilini Qaradağ rayonunda yerləşən CÇM-də çəkmişdir. Təxminən 1986-cı ilin fevral ayının axırlarında cəzasının qalan hissəsini çəkmək üçün Ağdama aparılmış və 20.11.1987-ci ilədək vaxtilə Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Göstərmişdir ki, Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə təxminən 1986-ci ilin fevral ayından həmin müəssisədən buraxılana qədər, yəni 20.11.1987-ci ilədək Ağdam rayonunun Papravənd kənd «Qarabağ» üzümçülük sovxozunda müxtəlif işlərdə fəhlə işləmişdir. Belə ki, qeyd edilən müəssisədə cəza çəkdiyi müddətdə Qarabağ üzümçülük sovxozunda dəryazla ot biçmiş, ot quruduqdan sonra onları daşıyıb gətirib sovxoz ərazisində tayalara yığmış, cücə, donuz və mal fermalarının tikintisində işləmiş, ümumiyyətlə üzümçülük sovxozunda fəsili olaraq müxtəlif təsərrüfatlarda fəhlə olaraq işləmişdir. Göstərmişdir ki, işlədiyi müddətdə yaxşı və nümunəvi işinə görə sovxoz rəhbərliyi tərəfindən təltif də edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra Şəkiyə qayıtmiş və 1988-ci ildən 2001-ci ilədək yenədə işləməyə bşlamışdır. Bütün bunlar ilə əlavə etdiyi əmək kitabçasından çıxarıla da təsdiq olunur. Göstərmişdir ki, pensiya yaşına çatdıqdan sonra yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin əmək stajı 25 ildən az olduğu üçün ona pensiyanın təyin edilməsi mümkün olmamışdır. Ona ünvanlanmış məktubda bildirilmişdir ki, 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək işlədiyi illərə görə əmək haqqının verilməsi barədə arayış təqdim edərsə ona yaşa görə əmək pensiyasının təyin ediməsi mümkün olacaqdır. O, Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işləməsini təsdiq edən arayışın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmiş, lakin sonuncu 03.07.2020-ci il tarixli məktubla bildirmişdir ki, 04.07.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilməmişdir. Buna görə də onun müraciətinin icrası mümkün olmamışdır. Hüquqlarını bərpa etmək və Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə eyni zamanda həmin vaxt mövcud olmuş Ağdam rayonunun Qarabağ üzümçülük sövxozunda işləməsi hüquqi faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmişdir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə onlara sovxozda işləməyə şərait yaradılırdı. Belə ki, gündüzlər işləyir, gecələr isə müəssisədə qalırmışlar. Göstərmişdir ki, onun pensiyaya çıxması üçün 4 ay 15 gün müddət çatışmır. Halbuki, o, Ağdamda mövcud olmuş Qarabağ üzümçülük sovxozunda bu müddətdən də artıq işləmişdir. İddianı müdafiə edir. İddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən cavabdeh ƏƏSMN-nin tabeliyində DSMF-nun nümayəndəsi X6, həmçinin bundan əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndələr iddiaya etiraz edərək göstərmişlər ki, iddiaçı Ərizəçi Ağdam rayonu Papravənd Qarabağ üzümçülük sovxozunda 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək fəhlə işləməsi faktının təsdiq edilməsi üçün onunla həmin müəssisədə cəza çəkən ən azı iki şahid olmalıdır. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə birlikdə Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəzaçəkən şahidlərin əmək kitabçasında onların qeyd edilən sovxozda işləməsi də qeyd olunmalıdır. Lakin şahidlərin müəyyən zaman kəsiyində Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində iddiaçı ilə birlikdə cəza çəkməsi müəyyən olunsa da onların, həmçinin iddiaçının işləyibişləməməsi əmək kitabçası ilə müəyyən olunmur. Buna görə də hesab etmişdir ki, iddia əsaslı deyildir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclsaında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ərizəçi tanıyır. Belə ki, 29.07.1985-ci ildən 18.11.1987-ci ilədək vaxtilə Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş və Ağdam rayonunun Papravənd üzümçülük sövxozunda müxtəlif təsərrüfatlarda Salamla birlikdə işləmişdir. Göstərmişdir ki, 1985-ci ilin iyul ayında barəsində hökm çıxarılmış və cəzasını çəkmək üçün əvvəlcə onu Gəncəyə, sonra Bayıla aparmışlar. Gəncədə 20-25 gün, Bayılda 7-8 gün qalmış, daha sonra, təxminən 1985-ci ilin sentyabr ayında Ağdama gətirilmiş və orada cəza çəkdiyi dövrdə üzümçülük sovxozunda müxtəlif təsərrüfatlarda işləmişdir. Belə ki, qeyd edilən müəssisədə cəza çəkdiyi müddətdə Qarabağ üzümçülük sovxozunda ot yığımında, onların tayalara vurulmasında, cücə, donuz və mal fermalarının tikintisində fəhlə olaraq işləmişdir. Göstərmişdir ki, xatırlamasına görə Salam müəssisəyə ondan sonra gəlmişdir. Salamla təxminən 1 ildən çox, 2 ilə yaxın bir yerdə cəza çəkmişdir. O, həqiqətən Salamın Ağdam rayonunun Papravənd üzümçülük sövxozunda müxtəlif təsərrüfatlarda işləməsinin şahidi olmuşdur. Məhkəmə iclsaında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 1984cü ildən 1986-cı ilədək Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Orada Salamla birlikdə donuz və toyuq fermalarının tikintisində işləmişdir. O, tikintidə traktor işlətmişdir. Salam Ağdama ondan sonra gəlmişdir. O, 1986-cı ildə cəzasını çəkib qurtarmış, Salam isə orada qalmışdır. Salamla təxminən 9 ay birlikdə cəza çəkmişdir. O, həqiqətən Salamın Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə Ağdam rayonunda yerləşən Qarabağ üzümçülük sövxozunda müxtəlif təsərrüfatlarda işləməsinin şahidi olmuşdur. Mülki iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. İşdə olan SSR-nın Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21.11.1987-ci il tarixli DS seriyalı, 097823 nömrəli B formalı arayışdan görünür ki, 18 avqust 1955-ci il təvəllüdlü Ərizəçi 15 avqust 1984-cü il tarixdən 20 noyabr 1987-ci il tarixədək azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Həmin arayışdan görünür ki, Ərizəçi Ağdam rayon məhkəməsinin 20.11.1987-ci il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. İşdə olan SSR-nın Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 30.12.1986-cı il tarixli QU seriyalı, 067703 nömrəli B-İL formalı arayışdan görünür ki, X4 21 dekabr 1984-cü il tarixdən 29 oktyabr 1986-cı il tarixədək azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Həmin arayışdan görünür ki, X1 rayon məhkəməsinin 29.10.1986-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. İşdə olan SSR-nın Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 19.11.1987-ci il tarixli DS seriyalı, B formalı 096140 nömrəli arayışdan görünür ki, X10 29 iyul 1985-ci il tarixdən 18 noyabr 1987-ci il tarixədək azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Həmin arayışdan görünür ki, X2 rayon məhkəməsinin 18.11.1987-ci il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. İşdə olan “Почетная Грамота”-nın təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi nümunəvi intizamına və yaxşı işinə görə “Qarabağ” üzümçüluk sovxozunun direktoru tərəfindən təltif edilmişdir. İşdə olan NZ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 20 may 1975-ci il tarixdən 10 iyun 1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan 1097 və İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1970-1975, 1988-1991, 1977-1984, 1987-2001-ci illərdə müxtəlif yerlərdə işləmişdir. İşə əlavə edilmiş ƏƏSMN-nin tabeliyində DSMF-nun SÖT üzrə Mərkəzi Filialının 29.09.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Ərizəçi ümumi iş stajı 24 il 9 ay olmaqla 25 ildən az olması göstərilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 09.04.2021-ci il tarixli 2-1(107)-173/2021 saylı Qərardadının məzmunundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03.07.2020-ci il tarixli məktubu ilə iddiaçı Ərizəçi bildirilmişdir ki, 04.07.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilinməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 1984-cü ildə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə 1 nəfərin ölümünə səbəb olduğundan barəsində cinayət işi başlanılmış və məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçı 1984-cü ilin avqust ayında cəzasının icrası ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonuna aparılmış və təyin olunmuş cəzasının təxminən 1.6 ilini Qaradağ rayonunda yerləşən CÇM-də çəkmişdir. İddiaçı 1986-cı ilin fevral ayının axırlarında cəzasının qalan hissəsini çəkmək üçün Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə aparılmış və 20.11.1987-ci ilədək orada cəza çəkmişdir. İddiaçı Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə 1986ci ilin fevral ayından həmin müəssisədən buraxılana qədər, yəni 20.11.1987-ci ilədək Ağdam rayonunun Papravənd kəndində yerləşən «Qarabağ» üzümçülük sovxozunda ot biçini və yığımında, cücə, donuz və mal fermalarının tikintisində və mövsümi olaraq müxtəlif işlərdə fəhlə işləmişdir. İddiaçı pensiya yaşına çatdıqdan sonra yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin əmək stajı 25 ildən az olduğu üçün ona pensiyanın təyin edilməsi mümkün olmamışdır. Ona ünvanlanmış məktubda bildirilmişdir ki, 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək işlədiyi illərə görə əmək haqqının verilməsi barədə arayış təqdim edərsə ona yaşa görə əmək pensiyasının təyin ediməsi mümkün olacaqdır. Buna görə də iddiaçı Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işləməsini təsdiq edən arayışın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmiş, lakin 03.07.2020-ci il tarixli məktubla ona bildirmişdir ki, 04.07.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilinməmişdir. Buna görə də iddiaçı Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə eyni zamanda həmin vaxt mövcud olmuş Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi hüquqi faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 1.2-ci bəndinə əsasən məhkəmələrə izah olunur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə görə lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 1.6-cı bəndinə əsasən isə məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Göründüyü kimi iddiaçı Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə eyni zamanda həmin vaxt mövcud olmuş Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi təsdiq edən sənədləri başqa cür əldə edə bilmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən iddiaçıya verilmiş 03.07.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, 04.07.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilinməmişdir. İddiaçının Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi özünün izahatı ilə yanaşı, onunla bir yerdə cəza çəkən iki şahidin ifadəsi, həmçinin həmin dövrdə iddiaçıya verilmiş “Почетная Грамота” ilə təsdiq edilir. Lakin araşdırma zamanı müəyən olundu ki, iddiaçı Ağdam rayonunda yerləşən 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək olan dövrü deyil, 01 mart 1986-cı il tarixdən 20 noyabr 1987-ci il tarixədək olan dövrü əhatə etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən Ərizəçi 01 mart 1986-cı il tarixdən 20 noyabr 1987-ci il tarixədək Ağdam rayonunda yerləşən 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi hüquqi faktı müəyyən edilməlidir. İddiaçı Ərizəçi ödədiyi 10 manat dövlət rüsumunu tələb etmədiyinə görə dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət e t d i: İddia qismən təmin edilsin. İddiaçı Ərizəçi 01 mart 1986-cı il tarixdən 20 noyabr 1987-ci il tarixədək Ağdam rayonunda yerləşən 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1028/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1028/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver