Məhkəmə qərarları › İş №2(075)-1063/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1063/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1063/2020 09.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 manat borc, həmin məbləğə görə əldən çıxmış faydanın əvəzi olaraq 500 manat və dövlət büdcəsinə ödədiyi 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh mərhum atasına müraciət edərək pula ehtiyacı olduğunu, həmin borcu qısa müddətə qaytaracağını bildirmişdir. O, cavabdehlə razılaşmış, sonuncuya 750 manat borc vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, atası rəhmətə getməzdən əvvəl dəfələrlə cavabdehə müraciət etsə də, dəfələrlə etdiyi xəbərdarlıqlar heç bir nəticə verməmiş, sonuncu bu günədək borcunu qaytarmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, atası vəfat etdikdən sonra bacıları mirasdan onun xeyrinə imtina etmişlər. Atasının yeganə vərəsəsidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdiki, həqiqətən də İddiaçı mərhum atası X1 750 manat borc almışdır. Həmin borcun 250 manatını qaytarmış, qalıq 500 manat borcu maddi imkanı olmadığından qaytara bilməmişdir. Borcu ödəməkdən yayınmır. Həmin borcu hissə-hissə ödəyəcəkdir. Buna görə də məhkəmədən iddianın qismən, yəni 500 manat həcmində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı mərhum atası X4 Cavabdeh 750 manat borc vermişdir. Cavabdeh həmin məbləğin 250 manatını qaytarmış, qalan məbləği isə bu günədək ödəməmişdir. X4 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Bu səbəbdən də X2 vərəsəsi, hazırkı iş üzrə iddiaçı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh isə iddianı 500 manat borc hissəsində qəbul etmişdir. Mülki proses tərəflərinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1986-cı il təvəllüdlü İddiaçı atası X4, anası isə X3r. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 2V-812 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı miras əmlakdan pay almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi X2 vərəsəsi İddiaçı tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı 500 manat borc hissəsində etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. İddiaçı Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq 500 manat tələb etsə də, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərlə (əldən çıxmış fayda) bağlı hər hansı sübutunu, iddia tələbini sübuta yetirəcək və eləcə də cavabdehin həmin tələbinə aidiyyətini sübut edə biləcək hər hansı bir dəlilini məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 manat pul alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar