Məhkəmə qərarları › İş №2(075)-1217/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1217/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1217/2020 15.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İdiris oğlunun istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının adına qeydiyyata alınmışdır. Həmin mənzildə iş üzrə cavabdehlər olan Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Cavabdehlər həmin mənzildə qeydiyatda olsalar da, onlar uzun müddətdir ki, həmin evdə yaşamırlar. Çünki, o, həmin mənzili 2004-cü il tarixdə alqı-satqı yolu ilə almış və oğlu, yəni İddiaçı bağışlamışdır. Hazırda sözügedən mənzil iddiaçının mülkiyyətindədir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdə qeydiyyatda olmaları onların mənzildən mülkiyyət hüquqlarından istifadə edilməsinə maneələr yaradır. Cavabdehlərin hal-hazırda həmin evdə qeydiyyatda qalmaları onun ev üzərində sahiblik, istifadə və sərəncam hüququnu məhdudlaşdırır. Göstərdi ki, cavabdehlərin harada olmasından xəbərləri yoxdur. Buna görə də cavabdehlərin mübahisəli ev üzərindəki istifadə hüquqları itirilmiş hesab edilməlidir. Buna görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli müqavilənin təsdiq edilmiş sürətindən görünür ki, Cavabdeh2 İdiris oğlu, ona məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 68 saylı mənzili X1. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X8 ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X6 verilmiş **********345-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 68 saylı mənzili İddiaçı bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 68 saylı fərdi yaşayış evi İddiaçı tam pay üzrə xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx.xx.2016cı il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 68 saylı fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, X8, X7, Cavabdeh1, Cavabdeh2 İdiris oğlu və X9 adlı şəxslər qeydiyyatdadırlar. İşdə olan Şəki şəhəri “Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 311 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan şəxslər, Cavabdeh2 İdiris oğlu və Cavabdeh1 2004-cü ildən bu ünvanda yaşamırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 68 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı mənzildən iş üzrə cavabdehlər Cavabdeh1 və X5 pasport qeydiyyatından çıxmadıqlarından İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf iddianı müdafiə edir, cavabdehlər isə məhkəmə iclasına gəlməyərək, iddiaua hər hansı münasibət bildirməmişlər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məjəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə iclasında araşdırılmış sübutlarla ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı mülkiyyətində olması, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatına olmaları, lakin həmin mənzildə heç yaşamamaları müəyən edildi. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Həmin normaların tələblərinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni cavabdehlər Cavabdeh1 və X2 mənzilin mülkiyyətçisi, İddiaçı ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onların bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə baxışında yuxarıda sadalanan üç şərtin yerinə yetirilməsi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və X2 Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 68 saylı mənzili iddiaçıya satdıqlarından onların həmin mənzildə istifadə hüquqları qalmamışdır. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qaninvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. Hazırkı işin halları baxımından məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsini qeyd etsədə, iddianın əsasından da görünür ki, o, əslində cavabdehlərin evdən qeydiyyatdan çıxarılmalarını təmin etmək üçün mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasınrn Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiası rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehlərin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehlərin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh1 və X5 iddiaçının mülkiyyətində olan Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 68 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu xərcini tələb etmədiyinə görə, həmin dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və X2 İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 68 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər Cavabdeh1 və X2 Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 68 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsum xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar