Məhkəmə qərarları › İş №2(075)-1294/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1294/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1294/2020 05.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,mülkiyyətində olan Şəki şəhəri, Çingiz Mustafayev 598(keçmiş Şəki şəhəri, D.Bünyadzadə, ev5) saylı evdən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və onun ailə üzvlərinin Şəki şəhəri, Çingiz Mustafayev 598(keçmiş Şəki şəhəri, D.Bünyadzadə, ev5) saylı evdən əşyaları ilə birlikdə öz vəsaitləri hesabına çıxarılmaları; hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiyməti 46500 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən vəsatin tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru da öz növbəsində hərracın keçirilməsini təmin etmək məqsədilə aidiyyəti sənədləri “X2 Mərkəzi” MMC-yə göndərmişdir. “X2 Mərkəzi” MMC əmlakın satılması məqsədilə hərrac təşkil etmişdir. xx xxxxxx 2020-ci il tarixdə hərrac yekunlaşmış və əmlakı Cavabdeh1 32550 manata satın almışdır. Alqı-satqının nəticələri tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmişdir. xx xxxx 2020-ci il tarixdə ev alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış və onun hüquqları xx xxxx 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsinə görə (11 və 13cü bəndlər) satıcı Cavabdeh1 əmlakı xx xxxx 2020-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi, həmçinin xx xxxx 2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər hal-hazıradək həmin ünvanda qeydiyyatdadırlar. Həmçinin, Cavabdeh3 və onun ailə üzvləri də həmin ünvanda yaşayırlar. Dəfələrlə xəbərdarlıq olunaraq evin boşaldılması və qeydiyyatdan çıxmaq tələb olunsa da heç bir nəticə əldə olunmamışdır. Cavabdehlərin həmin evdə qeydiyyatda olmaları mülkiyyətçi kimi iddiaçının mülkiyyətində olan həmin fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə maneəçilik yaradır. Cavabdehlərin həmin evdə pasport qeydiyyatında qalmaları və yaşamaları üçün hər hansı bir hüquqi əsas yoxdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdi ki, Cavabdeh1 onun həyat yoldaşıdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiymətinin 46500 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. Hərracın nəticələrinə əsasən evi Cavabdeh1 almış və alqı-satqı müqaviləsi əsasında hazırkı iddia tələbi üzrə iddiaçıya satmışdır. Hazırda faktiki olaraq həmin evdə yaşamırlar. Evdən istifadə hüquqlarının itirilməsinə etirazı yoxdur. Lakin iddia tələbini hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 500 manatın onlardan tutulması hissəsində qəbul etmir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərdi ki, iddia tələbində göstərilən fərdi yaşayış evi onun ata yurdudur. Həmin evin 2/3 hissəsi bacısı Cavabdeh1, 1/3 hissəsi isə mərhum atası X1 adına qeydiyyata alınmışdır. Sonradan məhkəmə tərəfindən əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. Qətnamə ilə razı deyil. Əmlak hərracda satıldıqdan sonra ona payına müvafiq olaraq 7000 manat pul çatmışdır. Həmin məbləğdə pul ilə hər hansı fərdi yaşayış evinin alınması mümkün deyil. Başqa yaşayış yeri yoxdur. Hesab edir ki, həmin ev atasına məxsus olduğundan onu heç kəs çıxarmaqda haqlı deyil. Həmçinin, iddia tələbini hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 500 manatın ondan tutulması hissəsində də qəbul etmir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 (2/3 hissə) və İbadullayeva (Mustafayeva) Şəfəq Əhməd qızının (1/3 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 (1/3 hissə) və İbadullayeva (Mustafayeva) Şəfəq Əhməd qızının (1/3 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsininn 2(075)-866/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiyməti 46500 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “X2 Mərkəzi” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, Y-30 saylı “Hərracın nəticələri haqqında” protokoldan görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında yerləşənfərdi yaşayış evi açıq hərracda ilkin satış qiyməti 46500 manat müəyyən edilməklə satışa çıxarılmış, 32550 manata Cavabdeh1 tərəfindən alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş **********91-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ona məxsus olan Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evini 20000 manata İddiaçı satmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş **********91-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 1) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ASAN-Şəki tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 1ünvanında yerləşən fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadırlar: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3. Məhkəmə mülki proses tərəflərinin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1 (keçmiş ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilməklə, hal-hazırda İddiaçı adınadır. Bununla bağlı iddiaçının adına ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 tərəfindən xx xxx 2020-ci il tarixli, **********91-10301 reyestr nömrəli çıxarış verilmişdir. ünvan 1 (keçmiş ünvan 2 nömrəli fərdi yaşayış evindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pasport qeydiyyatından çıxmadıqlarından İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə iclasında araşdırılmış sübutlarla ünvan 1 (keçmiş ünvan 2 nömrəli mənzilin İddiaçı mülkiyyətində olması və cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatına olması müəyyən edildi. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Həmin normaların tələblərinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin mülkiyyətçisi, İddiaçı ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onların bu istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə baxışında yuxarıda sadalanan üç şərtin yerinə yetirilməsi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qaninvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. Hazırkı işin halları baxımından məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsini qeyd etsə də, iddianın əsasından da görünür ki, o, əslində cavabdehin evdən qeydiyyatdan çıxarılmasını təmin etmək üçün mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasınrn Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiası rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi mənzil qanunvericiliklə müəyyən edilmış qaydada iddiaçının mülkiyyətindədir. Yəni mülkiyyətçi olan İddiaçı qeyd olunan mübahisəli mənzilin qanuni sahibidir. Cavabdeh3 isə qeyd edilən mənzildə qeyri-qanuni olaraq yaşayır və onun həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu pozur, onun toxunulmazlığına xələl gətirir. Buna görə də Cavabdeh3 İddiaçı məxsus ünvan 1 (keçmiş ünvan 2 saylı evdən əşyaları ilə birlikdə öz hesabına çıxarılmalıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 (keçmiş ünvan 2 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 (keçmiş ünvan 2 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 500 manatın cavabdehlərdən alınaraq ona verilməsini xahiş etsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 (keçmiş ünvan 2 saylı evdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 (keçmiş ünvan 2 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilir. Cavabdeh3 ünvan 1 (keçmiş ünvan 2 saylı evdən əşyaları ilə birlikdə öz hesabına çıxarılsın. 10 manat dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar