Məhkəmə qərarları › İş №2(075)-1337/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1337/2020

13.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1337/2020 13.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X6, Maraqlı şəxs nümayəndəsi Mirzəliyeva Aynurə Nurməmməd qızının iştirakları ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1981-ci ildə Şəki rayonu Aşağı Göynük kəndində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi (doğum akt qeydində ata qrafasında X15, ana qrafasında X2 qeydi edilməklə) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X15 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olması, atasının X15, anasının isə xxx qızı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 1981-ci ildə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş, həmin kənd xəstəxanasında doğulmağına dair tibbi şəhadətnamə verilmiş və daha sonra Aşağı Göynük kənd sovetliyi tərəfindən xx xxxxxx 1981-ci il tarixli, Vİİ-7KE seriyalı, 424501 №-li doğum haqqında şəhadətnamə verilmişdir. O, həmin doğum haqqında şəhadətnamə əsasında AZE 16712593 seriyalı şəxsiyyəti təsdiq edən sənəd almışdır. xx xxxxx 2005-ci ildə X16 ilə ailə həyatı quraraq Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Göynük kənd İcra Nümayəndəliyində nikaha daxil olmuş və bu barədə AZ-İ seriyalı, 151899 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Bundan başqa müvafiq olaraq şəxsiyyətini təsdiq edən sənəd əsasında ona xx xxxxxx 2011-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Müvafiq dövlət orqanları tərəfindən verilmiş yuxarıda qeyd etdiyi sənədlər məhz ona məxsus doğum haqqında şəhadətnamədən törəmişdir. Həmin doğum haqqında şəhadətnamənin verilməsinə isə xx xxxxxx 1981-ci ildə Şəki rayonu Aşağı Göynük kənd xəstəxanasında doğulmağına dair verilmiş tibbi şəhadətnamə əsas olmuşdur. Doğum haqqında tibbi şəhadətnamədə anasının adı Münəvvəl, soyadı Əhmədova, ata adı Məmməd, atasının adı Əmiraslan, soyadı Əhmədov, ata adı isə Əsəd qeyd olunmuşdur. Lakin bütün bunlara baxmayaraq Maraqlı şəxs doğum akt qeydinin bərpa olunmasından imtina etmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə Maraqlı şəxsnə ərizə ilə müraciət edərək bütün zəruri sənədləri təqdim etmiş, doğum akt qeydinin bərpa olunmasını xahiş etmişdir. Lakin Maraqlı şəxs imtinaya səbəb kimi doğum akt qeydinin olmadığını əsas gətirmişdir. Doğum haqqında şəhadətnaməsindəki uyğunsuzluqlara görə hazırda müəyyən çətinliklərlə üzləşmişdir. Doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X15 ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X4 göstərdi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olması, atasının X15, anasının isə xxx qızı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirdi ki, ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X3 göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin atası X15 ilə yaxındır. X15 ərizəçidən başqa dörd övladı olmuşdur. Ərizəçi uşaqlarından ən böyüyüdür. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X21 digər şahid X1 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X26 göstərdi ki, ərizəçi onun qardaşı oğludur. Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuşdur. Qardaşının adı “Əmiraslan” olsa da, ərizəçinin ata adı müxtəlif sənədlərdə “Əmirosman” kimi qeyd edilmişdir. Onlar doqquz uşaq olmuşlar və “Əmirosman” adlı qardaşları olmamışdır. İşdə olan xx xxxxxxxx 1980-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X15 ilə X5 arasında xx xxxxxxxx 1980-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmişdir. Ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İşdə olan Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuşdur. İşdə olan Ərizəçi məxsus AB seriyalı, 577199 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. İşdə olan Ərizəçi məxsus AO seriyalı, ******* nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, Ərizəçi Əmiraslan oğlu xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. İşdə olan xx xxxxx 2005-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Əmiraslan oğlu ilə X7 arasında xx xxxxx 2005-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İşdə olan xx xxxxx 2005-ci il tarixdə doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 2004-cü il təvəllüdlü X17 atası Ərizəçi Əmiraslan oğlu, anası X8r İşdə olan Şəki şəhər İHB-nin Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 891 nömrəli arayışdan görünür ki, X6 övladları aşağıdakılardır: Ərizəçi Əmiraslan oğlu, X18, X14, X9 və X10. İşdə olan Maraqlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 05/Q-297/15 nömrəli arayışdan görünür ki, Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilmədiyindən doğum faktının qeydə alınması mümkün olmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasənməhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci bəndinə görə hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə görə uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçilərə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçilər tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onlar tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin nümayəndəsinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuşdur. Üzürlü səbəblərdən doğum haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olması, atasının X15, anasının isə xxx qızı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələbləri və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 (on) manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olması, atasının X15, anasının isə xxx qızı olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar