Məhkəmə qərarları › İş №2(075)-1373/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1373/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1373/2020 21.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2136 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki şəhərində fəaliyyət göstərən tikinti materialları mağazasında işləyir. 2019-cu ilin sentyabr ayında Cavabdeh ona müraciət edərək ev təmiri üçün 2636 manat dəyərində nisyə tikinti materialları almışdır. Həmin pulun 500 manatını vaxtında ödəmiş, qalan borcu qısa müddətə qaytaracağını bildirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, dəfələrlə cavabdehə müraciət etsə də, etdiyi xəbərdarlıqlar heç bir nəticə verməmiş, sonuncu bu günədək borcunu qaytarmamışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Şəki ŞRPŞnə müraciət etmiş, lakin tələb mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, həqiqətən də İddiaçı 2019-cu ilin sentyabr ayında ev təmiri üçün 2636 manat dəyərində nisyə tikinti materialları almış, həmin pulun 500 manatını qaytarmış, qalıq 2136 manat borcu maddi imkanı olmadığından qaytara bilməmişdir. Borcu ödəməkdən yayınmır. Həmin borcu hissə-hissə ödəyəcəkdir. Buna görə də məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı Cavabdeh 2636 manat dəyərində nisyə tikinti materialları vermişdir. Cavabdeh həmin məbləğin 500 manatını qaytarmış, qalan məbləği isə bu günədək ödəməmişdir. Bu səbəbdən də İddiaçı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh isə iddianı qəbul etmişdir. Mülki proses tərəflərinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh barəsində Şəki ŞRPŞ-yə etdiyi şikayəti üzrə araşdırma aparılmış, Cavabdeh Şəki ŞRPŞdə verdiyi izahatında həqiqətən də İddiaçı 2636 manat miqdarında nisyə tikinti materialları aldığını, həmin borcun 500 manatını yanvar ayında ödədiyini bildirmiş, hazırda 2136 manat borcu olduğunu etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2136 (iki min bir yüz otuz altı) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar