Məhkəmə qərarları › İş №2(075)-1469/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1469/2020

23.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1469/2020 23.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 oğlu və İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 7.48 ha hissəsinin boşaldılaraq onlara təhvil verilməsi, cavabdeh tərəfindən vurulmuş zərərə (əldən çıxmış fayda) görə 11968 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar tərəfindən verilmiş vəsatət təmin edilərək Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 iddia ərizəsində tələbilərini onunla əsaslandırmışlar ki, Şəki rayonu X1 qərarı ilə onların 4 nəfər ailə üzvünə 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adlarına xx xxxx 1998-ci il tarixli, JN-0017 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Qeyd edilən Dövlət Aktına əsasən onlara 7.48 ha və 0.60 ha olmaqla, iki hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi onlara verildikdən sonra on ildən çox istifadə etmişlər. 2009-cu ilin avqust ayında ailə üzvlərinin pula ehtiyacı olmuşdur. Həmin vaxtdan başlayaraq həmkəndliləri, hazırkı iş üzrə Cavabdeh1 2009-cu ilin sonunadək hissə-hissə olmaqla 4000 (dörd min) manat borc pul almışlar. 2010-cu ilin iyun ayında taxıl biçilən zaman Cavabdeh1 onlardan borcunu tələb etmiş, lakin imkanı olmadıqlarından ödəyə bilməmişlər. Bundan sonra Cavabdeh1 borcu hissə-hissə ödəməyi təklif etmiş, onlar imkanları olmadığından borc bitənədək 7.48 ha torpağı əkib-becərməsini bildirmişlər. Üç ildən sonra, yəni 2012-ci ildə torpağın mülkiyyət sənədlərini qaytarmağı cavabdehdən tələb etdikdə o, etiraz etmiş, hələ borcun bitmədiyini bildirmişdir. Növbəti il yenidən cavabdehə müraciət etdikdə yenidən etiraz etmiş və torpağı qaytarsalar ciddi problemlər yaradacağını bildirmişdir. Beləliklə, 2012-ci ildən başlayaraq hər il taxıl biçən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin sonuncu hər dəfə müxtəlif bəhanələrlə torpağı qaytarmaqdan yayınmışdır. Nəhayət, bu yaxınlarda mülkiyyətlərində olan torpaq sahəsini şumlamaq istədikdə Cavabdeh1 buna mane olmuşdur. Onlar iddiaçıya mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağı təklif etsələr də, sonuncu buna razı olmamışdır. 2012-ci ildən keçən 8 il ərzində cavabdeh onlara xeyli zərər vurmuşdur. Belə ki, bir hektar torpaqdan 20 sentner olmaqla məhsul götürülür. Taxılın qiymətinin bir kiloqramı 20 qəpikdən götürdükdə 20 sentner üçün 400 manat gəlir əldə etmək mümkündür. Həmin vəsaitin 50%-ni xərclərə çıxdıqda bir ildə hər hektardan ən azı 200 manat xalis gəlir götürülür. Beləliklə bir ildə 7.48 hektar torpaqdan əldə olunan gəlir 1496 manat təşkil edir. Cavabdehlər tərəfindən 8 il ərzində onlara vurulmuş zərər cəmi 11968 manat təşkil edir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərə göstərdi ki, o, xx xxxxxx 2004-cü il tarixdə Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 xüsusi mülkiyyətində olan cəmi 8.08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, ayrı-ayrı yerlərdəki üç torpaq sahəsini pulunu tam ödəməklə onlardan satın almışdır. xx xxxxxx 2004-cü il tarixdə 8.08 ha torpaq sahəsinin dəyəri olan 20 200 000 (iyirmi milyon iki yüz min) AZM [4040 (dörd yüz qırx) manat] pul məbləğini iddiaçılara tam şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsi Şəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 xüsusi mülkiyyətlərinə verilmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adlarına xx xxxx 1998-ci il tarixli, JN:0017 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanmışdır. Torpaq sahəsinin dəyərini ödədikdən sonra iddiaçılar torpaq sahəsini və torpaq sahəsinə dair onlarda olan JN:0017 (kod 40402048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini itirdiklərini bildirərək həmin sənədin surətini ona təhvil vermişlər. Həmin torpaq sahəsi qeyd edilən tarixdən onun faktiki istifadəsindədir. Torpaq sahələrini əvvəllər öz adına sənədləşdirməyə özü də tələsməmiş, iddiaçılara inandığından onların nə vaxsa torpaq sahələrini adına rəsmiləşdirməkdən imtina edəcəklərini güman etməmişdir. Son vaxtlarda qeyd edilən torpaq sahələrini öz adına rəsmiləşdirmək məqsədilə iddiaçılara müraciət edərək onlarda olan müvafiq sənədlərlə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini xahiş etmişdir. İddiaçılar bu yaxınlaradək torpaq sahəsini ona satmaqla torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də, torpaq aktının əslinin olmadığını səbəb göstərərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığını demişlər. Son günlərdə ona məlum olmuşdur ki, iddiaçılar ona satdıqları torpaq sahələrinə dair yeni mülkiyyət hüququ tanıyan sənədlər əldə etmişlər. Sonuncular hazırda torpaq sahələrini ona satdıqlarını inkar edərək torpaq sahəsini geri götürmək istəyirlər. O, qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ xx xxxxxx 2004-cü il tarixdə tam icra etmişdir. Torpaq uzun müddətdir ki, onun istifadəsində və sərəncamındadır. Torpaq sahəsini satın aldığından iddiaçıların ona qarşı hər hansı iddiaları qanunsuz və əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslıdır. İşdə olan JN:0017 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 8.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 8.08 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 adlarına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmin torpaq sahəsinin 7.48 ha hissəsinin cavabdehlər tərəfindən istifadə olunması müəyyən edilmişdir. İddiaçılar həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddianı müdafiə edir. Cavabdehlər isə torpaq sahəsinin iddiaçılar tərəfindən 2004-cü ildə onlara satıldığını bildirərək iddianı qəbul etməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, JN:0017 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçılara məxsus 8.08 ha kənd təsərrüfatlı torpaq sahəsinin 7.48 ha hissəsi cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə olunur. Torpaq sahəsi iddiaçıların mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin istifadəsinə iddiaçılar tərəfindən verilməmişdir. Cavabdehlər torpaq sahəsinin iddiaçılar tərəfindən onlara satıldığını bildirsələr də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bir sözlə, cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədirlər. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindən azad edilməli, həmin torpaq sahəsi boşaldılaraq iddiaçılara təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən vurulmuş zərərə (əldən çıxmış fayda) görə 11968 manat pulun alınaraq onlara verilməsini xahiş etsələr də, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPMin 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdehlər tərəfin üzərinə düşür. İddiaçılar onlara 11968 manat zərər (əldən çıxmış fayda) vurulduğunu sübut etməlidir. İddiaçılar tərəfindən isə onlara 11968 manat miqdarında maddi ziyan (zərər) vurulmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş, Şəki rayonu Qayabaşı kəndində yerləşən 8.08 ha torpaq sahəsinin zəbt edilmiş 7.48 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Şəki rayonu X1 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş, Şəki rayonu Qayabaşı kəndində yerləşən 8.08 ha torpaq sahəsinin zəbt edilmiş 7.48 ha hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar