Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-15/2022 19.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3229 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar hazırki iş üzrə Cavabdeh evində usta işləmişlər. Onlarin tanışı olan Azər adlı şəxs qohumu Cavabdeh evinin təmiri ilə bağlı işlərin olduğunu onlara bildirmişdir. Bundan sonra Azər İşi yarımçıq qoymuş və Rəhimlə dalaşaraq çıxıb getmişdir. Onlar Cavabdehgildə işlədikləri işin pulunu ala bilməmişlər. Ümumi məbləğ 6309 manat olmuşdur. O, borcundan onlara 3080 manat ödəmişdir. Lakin yerdə qalan 3229 manatı bu günə kimi qaytarmamışdır. Cavabdeh Şəki Rayonlararası Mühafizə Xidmətində işləyir. Onlar pulun qaytarılması ilə bağlı həmin şübənin rəisi İlham Məmmədova müraciət etmişlər. Rəhimlə profilaktik söhbətlər aparılmışdır. O, onlara qısa müddət ərzində borcunu ödəyəcəyinə söz vermişdir. Lakin bu günə qədər pul ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında göstərdi ki, cavabdehin evndə usta kimi tikinti işləri aparmışlar. Görülən işlərin haqqını əvvəlcədən danışmamışlar. Gördükləri işlər bunlardır: 12 ədəd 0,37x0,38 metr ölçüdə 1,7 metr hündürlükdə çiy daşdan sütunlar hörülmüş, 0,20x0,40 metr ölçüdə, ümumi uzunluğu 44,34 metr olan içərisi armaturla lentvari beton (riger) hörülmüş, pillə eni 1,5 metr, pillə hündürlüyü 0,15 metr olan 12 ədəd armatursuz pilləkən qurulmaqla tökülmüş, həmin pilləkənin maili hündürlükdə qalxmaqla alt hissəsi daşla doldurulmuş, kənarları yuxarıya doğru çay daşları ilə hörülmüş, bundan başqa qalınlığı 0,15 metr olan ümumi sahəsi 13,44 kv.metr monolit beton tökülmüş, 0,30x0,20 metr ölçüdə 29,60 metr uzunluğunda armatursuz lentvari kəmər beton (riger) tökülmüş, 0,15x0,30 metr ölçüdə 12,1 metr uzunluğunda armatursuz lentvari kəmər beton (riger) tökülmüş, 30,5 kv.metr ölçülü divarın mişar daşı qoşa vəziyyətdə hörülmüş, 61,3 kv.metr ölçülü divar 0,29x0,19 ölçüdə kərpiclə eninə şəkildə hörülmüş, 23,2 kv.m ölçülü divar 0,29x0.19 ölçüdə kərpiclə uzununa şəkildə hörülmüş, 6,69 kv.metr ölçülü divar 0,29x0,19 ölçüdə kərpiclə qoşa şəkildə hörülmüş, işləmə sahəsi 172 kv.m olan adi dəmir şiferdən ibarət çardaq qurulmuş, bununla yanaşı dam örtüyü də vurulmuş, ümumi sahəsi 82 kv.metr olan kirəmitdən ibarət dam örtüyü də onlar tərəfinən sökülmüşdür. İş bitdikdən sonra cavabdehin onlara 6309 manat borcu yaranmışdır. Lakin cavabdeh onların pulunu kəsərək cəmi 3080 manat pul vermişdir. Hazırda cavabdehin onlara 3229 manat borcu yaranmışdır. Cavabdeh həmin evdə anası və nənəsi ilə birlikdə yaşayır. Evin pulunu cavabdehlə danışmışlar və pullarını cavabdehdən tələb edirlər. İddianı müdafiə edir, təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı2 və İddiaçı3 İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçılar onun anası və nənəsi ilə birlikdə yaşadıqları evdə tikinti işləri aparmışlar. Belə ki, iddiaçılar əvvəlcədən görülməli olan işlərə görə pul danışmamışlar, yalnız qeyd etmişlər ki, narahat olmayın pandimeya vaxtı olduğu üçün 5 manata gördükləri işi onlar üçün 2 manat görəcəklər. Təmir işləri başa çatdıqdan bir müddət sonra İddiaçı1 Adil oğlu, İddiaçı2, İddiaçı3 onun haqqında Şəki Rayon Məhkəməsinə müraciət edərək onun ustalara 3,229 pul borcu olduğu barədə iddia ərizəsi veriblər. Bildirmişdir ki, iddiaçılarla yanaşı özləri ilə birgə gətirdikləri X14 da 15-18 gün müddətində evlərində işləmişdir. Sonradan X1 narahatçılıq olduğunu bildirərək işdən ayrılmışdır. Göstərmişdir ki, iddiaçılar həmin iddianı onun evində təmir işləri görüb və onun iddiaçılara həmin işlərin görülməsi üçün danışdığı, razılaşdırılmış pulu vermədiyini əsas gətirərək qaldırmışlar. O, həmin ustaları evlərində işləyəndən sonra tanımışdır. İddiaçılarla onun təmir işlərinin görülməsi, qiymətləndirilməsi barədə heç bir danışığı, sövdələşməsi olmayıb və bu barədə üzərinə öhdəlik götürməmişdir. Evin təmirini iddiaçılarla anası danışmış, sövdələşmiş və ustalar anası ilə razılaşaraq işlərini yarıtmaz da olsa belə görmüşlər. Qeyd etmişdir ki, ustalar birinci gün işə başlayanda anası ustalara demişdir ki, görəcəkləri işlərin qiymətini və ümumi məbləği desinlər, bəlkə onun gücü yetməz, işləri gördürə bilməz. Amma həmin ustalar anasına demişlər ki, narahat olmasın, pandimeya dövrü olduğu üçün işləri yoxdur əvvəlki dövrdə 5 manata gördükləri işləri onlara 2 manata görəcəklər. Beləliklə iddiaçılar dəqiq qiymət demədən, anasının rəsmi müqavilə bağlayaraq işə başlamaları təklifinə məhəl qoymadan xx.xx.2020-ci il tarixində işə başladılar. İşə başlayan zaman ustalar onlara bildirmişlər ki, 4 nəfər işləyərək 20 günə işi təhvil verəcəklər. Amma iş 20 günə deyil, 48 günə təhvil verilmişdi. Nəhayət onlar 20 günə təhvil verilməli işi 48 günə, özüdə yarımçıq halda qurtardıqlarını dedilər və anasi ilə hesablaşmaya başladılar. Hesablaşmada anasının onlara görülən işlər üçün 3080 (üç min səksən) manat borcu olduğunu bildirdilər. Anası da elə həmin gün 15 iyul 2020-ci tarixində 3.080 manat pulu verdi, onlar pulu alıb halallaşaraq getdilər. Bundan 2 ay keçdikdən sonra İddiaçı2 anasından Şəki Rayon Prokurorluğuna müraciət edərək anası X16i onu aldatdığı barədə şikayət edərək, onların işinin qiyməti 6000 - 6500 manat olmalı olduğu halda, X16in onları aldadaraq 3.080 manat verməsini bildirmişlər. Göstərmişdir ki, iddiaçılar onları aıdadaraq pul almaları üçün müxtəlif yollara əl atmışlar. Belə ki, onu işlədiyi işdən, X18 çıxaracaqları ilə anasına hədə-qorxu gələrək təhdid etmişlər. Hətta rəislərinə müraciət edərək onun iddiaçılara borclu olduğunu, vermədiyi üçün işdən çıxarılmasını xahiş etmişlər. Rəisləri İlham müəllim iddiaçılara bildirmişdir ki, onun iddiaçılara borcu varsa, ya razılaşsınlar, ya da ki, məhkəməyə müraciət etsinlər. Bundan sonra iddiaçı Şəki Rayon Prokurorluğuna müraciət etmişdir. İddiaçının müraciəti əsasında onu və anasını Şəki Rayon Prokurorluğuna dəvət edərək, söhbət aparmışlar, onlar bildirmişlər ki, iddiaçıya heç bir borcları yoxdur, sadəcə iddiaçı anasından hədə-qorxu, təhdid, şantaj yolu ilə pul almaq istəyir. Abbas müəllim ona və anasına demişdir ki, təmir işləri aparılan evdə görülən işləri ölçülərək qiymətləndirilməsi üçün neytral usta mütəxəssiz dəvət edin, bundan sonra öz aranızda razılaşın. Onlar Abbas müəllimin təklifi ilə razılaşaraq, xx.xx.2020-ci il tarixində iddiaçılardan bir nəfər, İddiaçı2 özü ilə X4 adlı bir nəfər usta ilə onlara gəlmişdir və onların dəvət etdikləri tikinti mühəndisi X12 ilə ölçü və qiymətləndirmə aparmışlar, amma bütün ölçülərə və qiymətləndirməyə Asim müdaxilə etmiş, öz qiymətlərini diktə etdi. Bunlarla belə görülən işlər 6.000-6500 manat deyil 4.355 manat oldu. Beləliklə Asimin iddiasını nəzərə alsalar anasının ona 3.420 manat deyil, 1.275 manat borcu olduğu bəlli oldu. İddiaçıların iddialarının əsassız olduğu, müəyyən oldu. İddiaçı həqiqətən anasından şantaj yolu ilə 2.145 manat əlavə pul almaq istəyib. Bildirmişdir ki, iddiaçılar işə başlayanda yemək pulunu məbləğdən çıxılacağını razılaşıblar. Baxmayaraq ki, razılaşma bu qaydada olub, onuda çıxmayıb pulu bütövlükdə alıblar. Əgər 48 gün hər usta üçün 8 manat xərclənən yemək üçün pul ümumi məbləğdən çıxılardısa bu 1.296 manat təşkil edərdi. xx.xx.2020-ci il tarixində bu ölçülər, qiymətləndirmə aparıldıqdan və yemək xərclərini də Asimə izah edəndən sonra görülən işləri aktlaşdırılmasını təklif edəndə onun özü və özü ilə gətirdiyi usta razılaşdılar. Onlar tərəfdən olan mütəxəssis akt tərtib etdi, Asimə və ustaya ucadan oxudu, İmza etmələrini xahiş etdi. Birdən Asim özü ilə gətirdiyi ustaya bərkdən qışqırdı və həm özü imza etməkdən imtina etdi, həm də ustaya imza etməyə icazə vermədi və onuda özü ilə götürüb getdi. Bundan iki ay müddət keçikdən sonra hazırki iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçıların gördükləri işlərin siyası ilə razılaşır. Həqiqətən də 12 ədəd 0,37x0,38 metr ölçüdə 1,7 metr hündürlükdə çiy daşdan sütunlar hörülmüş, 0,20x0,40 metr ölçüdə, ümumi uzunluğu 44,34 metr olan içərisi armaturla lentvari beton (riger) hörülmüş, pillə eni 1,5 metr, pillə hündürlüyü 0,15 metr olan 12 ədəd armatursuz pilləkən qurulmaqla tökülmüş, həmin pilləkənin maili hündürlükdə qalxmaqla alt hissəsi daşla doldurulmuş, kənarları yuxarıya doğru çay daşları ilə hörülmüş, bundan başqa qalınlığı 0,15 metr olan ümumi sahəsi 13,44 kv.metr monolit beton tökülmüş, 0,30x0,20 metr ölçüdə 29,60 metr uzunluğunda armatursuz lentvari kəmər beton (riger) tökülmüş, 0,15x0,30 metr ölçüdə 12,1 metr uzunluğunda armatursuz lentvari kəmər beton (riger) tökülmüş, 30,5 kv.metr ölçülü divarın mişar daşı qoşa vəziyyətdə hörülmüş, 61,3 kv.metr ölçülü divar 0,29x0,19 ölçüdə kərpiclə eninə şəkildə hörülmüş, 23,2 kv.m ölçülü divar 0,29x0.19 ölçüdə kərpiclə uzununa şəkildə hörülmüş, 6,69 kv.metr ölçülü divar 0,29x0,19 ölçüdə kərpiclə qoşa şəkildə hörülmüş, işləmə sahəsi 172 kv.m olan adi dəmir şiferdən ibarət çardaq qurulmuş, bununla yanaşı dam örtüyü də vurulmuş, ümumi sahəsi 82 kv.metr olan kirəmitdən ibarət dam örtüyü də onlar tərəfinən sökülmüşdür. Lakin hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan aktda qeyd edilmişdir ki, cavabdehin anası X3 Adil qızı 2020-ci ilin may ayının sonlarından qohumları Azər vasitəsilə Şəki şəhəri, “Oğuz yolu” küçəsi, ev 9-da yaşayan İddiaçı2 ilə evdə tikinti işləri görməyi bildirmişlər. X9 ilə razılaşmış və 01 iyun tarixdəndən təmir işlərinə başlamış, 15 iyul tarixində təmir işlərini başa vurmuş, 3080 manat məbləğində pul alaraq getmişdir. Bundan təxminən 2 ay sonra İddiaçı2 X19 barəsində Şəki Rayon Prokurorluğuna şikayət edərək bildirmişdir ki, X19 onların gördükləri 6.000 – 6.500 manat zəhmət haqqısı olan iş üçün cəmi 3080 manat zəhmət haqqı vermişdir. Bundan bir müddət əvvəl isə X5in oğlu, yəni Cavabdeh işədiyi Şəki Mühafizə İdarəsinə gedərək, idarənin rəisinə bu barədə yalan məlumat vermişdir. 17 sentyabr 2020-ci il tarixində müstəntiqin Asim və digər ustaların iştirakı ilə yenisən işlərin ölçülüb qiymətləndirilməsi və razılaşması təklif edilmişdir. Bunun üçün Asim, onun özü ilə gətirdiyi usta və X19 mütəxəssislə birlikdə tikinti işləri aparılan ünvanda olmuşlar. Həmin ərazidə saat 12:00-da ölçü işlərinə başlanılaraq saat 14:00-da yekunlaşmışdır. Bundan sonra heç kimin müdaxiləsi olmadan Asim gördüyü işləri qiymətləndirmiş və cəmi 4355 manat zəhmət haqqılıq iş gördüyünü bildirmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, X16in Asimə 3420 manat deyil, 1275 manat borcu qalmışdır. Bundan başqa ustalar qeyd edilən ərazidə əvvəlcədən razılaşaraq işləmişlər. 48 gün müddətə təmir işlərini yekunlaşdırmışlar. Həmin 47 gün ustaların hər bir nəfərinə gündəlik 8 manat olmaqlaonların yeməklərinə pul xərclənmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh evində usta olaraq tikinti işləri görmüşlər. Tərəflər işlərin görülməsi müqabilində ödəniləcək zəhmət haqqının məbləği barədə əvvəlcədən söhbət aparmamışlar. Sonradan görüləcək işlər bitdikdən sonra iddiaçılar görülmüş işlərin müqabilində cavabdehdən 6309 manat pul tələb etmişlər. Cavabdeh isə görülmüş tikinti işlərinin dəyərinin daha az olduğunu əsas gətirərək iddiaçılara 3080 manat pul ödəmiş, iddia olunan qalan məbləği ödəməmişdir. Ona görə də, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi tərəflər arasında podrat müqavilsindən irəli gələn münasibətlər olmuşdur. Belə ki, cavabdeyin sifarişi əsasında iddiaçılar razılaşdıqları tikinti işlərini icra etməyi öhdələrinə götürmüşlər və həmin işlər iddiaçılar tərəfindən icra olunmuşdur. Lakin tərəflər görülən işə görə işin haqqını əvvəlcədən müəyyənləşdirilməmişlər. Məhkəmə hesab edir ki, muzdun məbləği əvvəllcədən tərəflər arasında şərtləşdirilmədiyindən adi muzdun şərtləşdirildiyi hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin hər ikisinin göstərdiyi görülən işlərin orta bazar qiyməti müəyyən olunmalıdır. Bu səbəbdən də məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 10/997 nömrəli rəyində evin tikinti işlərinin görülməsinə Şəki şəhəri üçün orta bazar qiyməti ilə müəyyən edilmiş usta xərclərinin 4143.85 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalanan prosessual normaların mənasına görə, iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlılığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında həticəyə gəlməsinin ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3)bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu baxımdan məhkəmə tərəflərin izahatını iş üzrə toplanmış sübutlar əsasında və formal həqiqət prinsipinə uyğun şəkildə qiymətləndirməklə belə qənaətə gəlir ki, iddiaçıların gördükləri tikinti işlərinin qarşılığı olaraq cavabdeh tərəfindən iddiaçılara verməli olan ümumi məbləğ ekspert rəyində qeyd edilən qədər, yəni 4143.85 manat məbləğində müəyyən edilməli, həmin məbləğdən cavabdehin iddiaçılara ödədiyi 3080 manat çıxılmaqla qalan 1063.85 manat hissədə iddia təmin olunmalıdır. Məhkəmənin gəlmiş olduğu bu qənaət iş üzrə alınmış ekspert rəyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X10rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1063.85 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1063.85 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manatı alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. Ödənilmiş dövlət rüsumunun 20 manatı iddiaçıların özlərinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat ekspertiza xərcinin 70 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və 30 manatı Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X7 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-15/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-15/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver