Məhkəmə qərarları › İş №2(075)-1602/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1602/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1602/2021 24.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı «kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 16202.74 (on altı min iki yüz iki dollar 74 sent) ABŞ dolları məbləğində kredit borcunun - bundan 3961.65 (üç min doqquz yüz altmış bir dollar 65 sent) ABŞ dolları əsas borc, 5061.68 (beş min altmış bir dollar 68 sent) ABŞ dolları faiz, 6621.16 (altı min altı yüz iyirmi bir dollar 16 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 558 (beş yüz əlli səkkiz) ABŞ dolları faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutulması; tutmanın ipoteka predmeti “Mories Garages MG550” markalı, Tip:sedan, BAN nömrəsi WDBEA26D4NB188686, ağ rəngli, buraxılış ili 2012-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 mülki işə mahiyyəti üzrə baxılması barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq mülki iş üzrə məhkəmə prosesi davam etdirilmişdir. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2012-ci il tarixli, 345/A-12 nömrəli kredit müqaviləsinə əsasən “Mories Garages MG550” minik markalı (Tip:sedan, Buraxılış ili- 2012, Ban-18K4GB0********) avtomobilinin alınması məqsədi ilə cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 23034 (iyirmi üç min otuz dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. 10 fevral 2015-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 8150 (səkkiz min yüz əlli) ABŞ dolları təşkil etmiş, kreditin müddəti 07 aprel 2018-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh kredit verilərkən Zamin1 və Zamin2 ilə bank arasında 06 iyun 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mories Garages MG550” markalı (Tip:sedan, Buraxılış ili-2012, Ban-WDBEA26D4NB188686) avtomobilin ipotekaya qoyulması məqsədilə 06 iyun 2012-ci il tarixli, 345/A-12 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Mories Garages MG550” markalı (Tip:sedan, Buraxılış ili-2012, Ban-WDBEA26D4NB188686) avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********736 saylı, 17 fevral 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 18 fevral 2021-ci il tarixə kredit üzrə borcu cəmi 16202.74 ABŞ dolları təşkil edir. Bundan 3961.65 ABŞ dolları əsas borc, 5061.68 ABŞ dolları faiz, 6621.16 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 558 ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 göstərdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2012-ci il tarixli, 345/A-12 nömrəli kredit müqaviləsinə əsasən “Mories Garages MG550” minik markalı (Tip:sedan, Buraxılış ili-2012, Ban-18K4GB0********) avtomobilinin alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 23034 ABŞ dolları məbləğində kredit verilmişdir. 10 fevral 2015-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 8150 ABŞ dolları təşkil etmiş, kreditin müddəti 07 aprel 2018-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh kredit verilərkən Zamin1 və Zamin2 ilə bank arasında 06 iyun 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin1 və Zamin2 Cavabdeh bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. İddianı qəbul etmir. Belə ki, iddiaçı qanunla nəzərdə tutulan iddia müddətini buraxmışdır. İş materiallarına nəzər yetirəndə məlum olur ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti 07 aprel 2018-ci il tarixdə başa çatmışdır. Cavabdeh isə ən sonuncu ödənişi 10 noyabr 2015-ci il tarixdə etmişdir. Həmin dövrdən etibarən heç bir ödəniş olunmamış və iddiaçı da hüquqlarının pozulduğunu bildiyi halda məhkəməyə müraciət etməmişdir. Qanunvericiliyə əsasən şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Odur ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunması məhkəmədən xahiş edir. Digər cavabdehlər Zamin1 və Zamin2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2012-ci il tarixli, 345A/-12 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh “Mories Garages MG550” minik markalı (Tip:sedan, Buraxılış ili-2012, Ban-18K4GB0********) avtomobilinin alınması məqsədi ilə ona 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 23034 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 2.2-2.3-cü bəndlərinə əsasən borcalan aldığı avtomobilin ümumi dəyərinin 20 faiz və ya 4607 ABŞ dolları məbləğində vəsaiti ödəyir. Avtomobilin dəyərinin qalan hissəsi kredit hesabına ödənilir. Bu müqaviləyə əsasən kreditor borcalana 18427 ABŞ dolları məbləğində kredit verir. 06 iyun 2012-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 18427 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2012-ci il tarixli, İP-1-345A/-12 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh “Mories Garages MG550” minik markalı (Tip:sedan, Buraxılış ili-2012, Ban-18K4GB0********) avtomobil ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə Zamin1 və Zamin2 arasında bağlanmış 06 iyun 2012-ci il tarixli, 345A/-12 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər Zamin1 və Zamin2 Cavabdeh bank qarşısında 06 iyun 2012-ci il tarixli, 345A/-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2012-ci il tarixli, 345A/-12 saylı kredit müqaviləsi üzrə 10 fevral 2015-ci il tarixli, 01 saylı əlavə sazişdən görünür ki, bu müqaviləyə əsasən kreditorun borcalana verdiyi kredit məbləği 8150 ABŞ dolları və kreditin ödənilmə müddəti 22 ay uzadılaraq 07 aprel 2018-ci il tarixədək təyin olunur. 10 fevral 2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 8150 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 38 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" ASC ilə Zamin1 və Zamin2 arasında bağlanmış 06 iyun 2012-ci il tarixli, 345A/-12 saylı zaminlik müqaviləsi üzrə 10 fevral 2015-ci il tarixli, 01 saylı əlavə sazişdən görünür ki, zaminlər Zamin1 və Zamin2 Cavabdeh bank qarşısında 06 iyun 2012-ci il tarixli, 345A/-12 saylı kredit müqaviləsi üzrə 10 fevral 2015-ci il tarixli, 01 saylı əlavə sazişdən irəli gələn öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. 23 iyul 2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən sonuncu ödəniş 10 noyabr 2015-ci il tarixdə həyata keçirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2012-ci il tarixli, 345A/-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2012-ci il tarixli, 345A/-12 saylı kredit müqaviləsi üzrə 10 fevral 2015-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən qalıq kredit məbləği 8150 ABŞ dolları, kreditin ödənilmə müddəti 22 ay uzadılaraq 07 aprel 2018-ci il tarixədək təyin olunmuşdur. Kredit müqaviləsi və əlavə saziş üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" ASC ilə Zamin1 və Zamin2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh vəkili isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquq qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, müqavilə öhdəliyi ilə bağlı yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə tərəflər arasında bağlanmış sığorta aktında başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi mövcud olmuş, beləliklə də onlar arasında müqavilə münasibətləri yaranmışdır. Müqavilə əvvəlcə 48 ay müddətinə, yəni 06 iyun 2016-cı il tarixədək bağlanmış, 10 fevral 2015-ci il tarixdə 22 ay müddətinə uzadılmış və müqavilənin müddəti 06 aprel 2018-ci il tarixdə bitmişdir. Lakin iddiaçı müqavilə öhdəliyi üzrə üç illik tələb etmə müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, bu öhdəliklər üzrə icra müddəti bitmişdir və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. Lakin iddiaçı cavabdeh tərəfindən borcun tam ödənilmədiyini bildiyi halda 29 aprel 2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi 06 iyul 2021-ci il tarixdə kuryer xidmətinə qəbul edilmiş, 13 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verdiyi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Lakin iddiaçı məhkəmədə iştirak etməməklə bunu sübut edə bilməmiş, cavabdeh tərəfindən borcun ödənilmədiyini bildiyi halda məhkəməyə iddia ərizəsi ilə yalnız 13 iyul 2021-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2 («Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır»), 375.2-ci («Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır») maddələrini rəhbər tutmaqla bu nəticəyə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “cəmi 16202.74 (on altı min iki yüz iki dollar 74 sent) ABŞ dolları məbləğində kredit borcunun bundan 3961.65 (üç min doqquz yüz altmış bir dollar 65 sent) ABŞ dolları əsas borc, 5061.68 (beş min altmış bir dollar 68 sent) ABŞ dolları faiz, 6621.16 (altı min altı yüz iyirmi bir dollar 16 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 558 (beş yüz əlli səkkiz) ABŞ dolları faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti “Mories Garages MG550” markalı, Tip:sedan, BAN nömrəsi WDBEA26D4NB188686, ağ rəngli, buraxılış ili 2012-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar