Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1638/2021 15.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 atasının xalası, onun iki övladı X20 və X11 atasının xalası övladları olması və onların subay olub heç bir övladının olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçisi onun atasının xalası X15 və onun iki övladı X16 və X20 olmuşdur. Atasının xalası X15 25 aprel 1945-ci ildə, onun övladları X20 1942-ci ildə, X16 isə 1945-ci ildə vəfat etmişdir. Atasının xalası oğlanları subay olmuş və onların övladı olmamışdır. X2 isə 1962-ci ildə vəfat etmişdir. Atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün nənəsinin ölümü haqqında şəhadətnaməni almamışdır. Atasının xalası və onun iki övladının ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış torpaq sahəsinin qəbul edilməsi üçün atası çalışmış, vərəsəliyi qəbul etmək üçün məhkəmə qərarı əsasında onların ölüm haqqında şəhadətnaməsini almış, lakin xəstəliyi ilə əlaqədar mirası qəbul edə bilməmişdir. Miras qalmış torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şəki regional “ASAN” xidmət mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Atası və onun xalası, eləcə də xalasının övladları arasında qohumluq əlaqəsini təsdiq edən sənədlər olmadığından və həmin sənədləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 filialından əldə edə bilmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. X6 atasının xalası olması, X6 övladları X16 və X14 atasının xalası övladları olması, onların subaylıq faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirdi. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, bütün sübutlarını məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə etdiklərindən başqa hər hansı sübutu yoxdur. Maraqlı şəxs Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi 04 oktyabr 2021-ci il tarixdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslı deyildir. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X7 göstərdi ki, Ərizəçi onun qonşusudur. O, ünvan 2 ünvanında yaşayır. O, həmin məhləyə gəlin düşmüşdür. Qayınanasından eşitdiyinə görə qonşuluqda Mələk xala adlı şəxs olmuş, onun iki subay oğlu olmuş və taun xəstəliyindən vəfat etmişlər. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Mələk xala ilə Möhübbəli dayının qohumluqları olmuşdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X8 göstərdi ki, Ərizəçi onun qonşusudur. Anasından eşitdiyinə görə Möhübbəli dayının xalası Mələk xanımın 1917-1919-cu il təvəllüdlü iki subay oğlu olmuşdur. Mələk xalanın ərinin adı Şirəli olmuş, onun oğulları – Əli və Qulu 1944-1945-ci illərdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 1942-ci il tarixdə vəfat etmişdir. İşdə olan arayışın təsdiq edilmiş surətindən görünür ki, X15 30 dekabr 1944-cü ildə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 1945-ci il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 22 oktyabr 1990-cı il tarixdə vəfat etmişdir. İşdə olan torpaq qeydinin təsdiq edilmiş surətindən görünür ki, Azadlıq küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən mənzil Mələk Rəhim qızı, onun uşaqları Əli və Qulu Şirəli oğullarına məxsusdur. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Şəki filialı tərəfindən 14 iyul 2021-ci il tarixdə verilmiş 516 nömrəli məlumatdan görünür ki, Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu Xətai Səmədov tərəfindən verilmiş qərara əsasən X3, X11, X14, X6, X10 ərizədə neçənci illərdə təvəllüdləri barədə və həmin vətəndaşların qohumluq əlaqələri olunması üçün sənədləri olmadığı üçün sorğuya cavab verməkdən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Şəki filialı tərəfindən 11 avqust 2021-ci il tarixdə verilmiş 609 nömrəli məlumatdan görünür ki, 1930-cu illərin “Doğulanların qeydiyyatı” kitabında X3 həmin ildə təvəllüdü barədə qeydiyyatı tapılmamışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Şəki filialı tərəfindən 11 avqust 2021-ci il tarixdə verilmiş 610 nömrəli məlumatdan görünür ki, 1893, 1917 və 1919-cu illərin “Doğulanların qeydiyyatı” kitabında X15, X20 və X11 həmin illərdə təvəllüdü barədə qeydiyyatı tapılmamışdır. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş qərardan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Ərizəçi Möhübbət qızının etibarnamə üzrə nümayəndəsi X8 notariat ofisinə müraciət edərək Ərizəçi mərhum atasının xalası X5 və atasının xalası övladları X16 və X12 qalmış miras əmlakdan atası X4 düşən hissədən özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında qohumluğun müəyyən edilməsi mümkün olmamışdır. Miras qoyan X6 X11 və X14 vərəsəsi X3 doğumu, X11 və X14 doğumu, miras qoyan X6 doğumu, miras qoyanın bacısı X10 doğumu barədə heç bir məlumat əldə edilməmişdir. Belə olan halda miras qoyan şəxslə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Həmin Qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinə əsasən məhkəmə qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Ərizəçinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, ərizəçinin atası X9 22 oktyabr 1990-cı il tarixdə vəfat etmişdir. Möhübbəli İsayevin xalası X15 30 dekabr 1944-cü ildə, Mələk Abbasovanın uşaqları X20 1942-ci il tarixdə və X16 1945-ci il tarixdə vəfat etmişlər. X20 və X11 uşaqları olmamışdır. Ərizəçi hazırda atasının xalası və xalası uşaqlarından miras qalmış evdən atasına düşən payı qəbul etmək istəyir. Lakin ərizəçi bu qeyd edilənlərlə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Belə ki, ərizədə qeyd edilən halların təsdiq edilməsi üçün Ərizəçi sübutlarını məhkəməyə təqdim etməsi təklif olunmuş, ərizəçi heç bir sübutu olmadığını, mövcud sübutlarını məhkəməyə təqdim etdiyini bildirmişdir. Bundan başqa göstərilən faktların şahid ifadələri ilə təsdiqlənməsi üçün Ərizəçi tərəfindən şahidlər dəvət edilmiş, lakin həmin şahidlər mövcud faktı birbaşa təsdiq edə bilməmiş, başqalarından eşitdiklərini demişlər. Göründüyü kimi ərizəçi tərəfindən onun atası X3, miras qoyan X11, X14, X6 və miras qoyanın bacısı X10 doğumlarını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Həmçinin, ərizəçi tərəfindən əvvəlki növbə vərəsələrin mövcud olmaması sübuta yetirilmir. Odur ki, Ərizəçi tərəfindən həmin sübutlar təqdim edilmədiyindən ərizəçi Mələk Rəhim qızı, onun uşaqları Əli və Qulu Şirəli oğullarına məxsus Azadlıq küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən mənzildən pay hüququnun alması üçün həmin şəxslərlə qohumluğunu təsdiq etmək hüququnu tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi «X6 onun atasının xalası, onun iki övladı X20 və X11 atasının xalası övladları olmaları faktının müəyyən edilməsi» hissəsində təmin edilməməlidir. Tələbin «X20 və X1 olub heç bir övladının olmaması faktının müəyyən edilməsi» hissəsinə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Ərizə təmin edilmədiyinə görə Ərizəçi ödədiyi 10 manat dövlət rüsumunu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.2.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi «X6 onun atasının xalası, onun iki övladı X20 və X11 atasının xalası övladları olmaları faktının müəyyən edilməsi» hissəsində təmin edilməsin. Tələbin «X20 və X1 olub heç bir övladının olmaması faktının müəyyən edilməsi» hissəsinə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardadı nəzərə alınsın. Ərizəçinin ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1638/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1638/2021
15.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver