Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1685/2021 14.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona dəymiş 1000 (bir min) manat məbləğində ziyan, həmçinin 500 (beş yüz) manat məbləğində vurulmuş maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1530 (bir min beş yüz otuz) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Cəfərabad kəndində anadan olmuşdur və orada yaşayır. Ailəlidir və himayəsində üç övladı var. Oğlu 1992-ci ildə Qarabağda torpaqların müdafiəsi zamanı gedən döyüşlərdə şəhid olmuşdur. Cəfərabad kənd sakinləri “Pornək” adlı sahədə pay torpağı olanlar həmin pay torpaqlarının dəyişdirilməsi üçün X7 və “Nəsimi” X6 Komissiyasına ərizə ilə müraciət etmişlər. Bu müraciətdən sonra DT və XÇ Komitəsi Şəki şöbəsindən və Nəsimi Kolxozu YAİK tərəfindən Cəfərabad bələdiyyəsinə məktub göndərilmişdir. Kənd sakinlərinin müraciətindən sonra “Pornək” adlanan yararsız torpaqların bələdiyyənin yararlı sahəsi ilə dəyişdirilməsi ilə bağlı Şəki rayon Cəfərabad bələdiyyəsi iclas keçirərək razılıq vermişdir. X1 21 may 2002-ci il tarixli, 10 №li iclas protokolundan çıxarışda göstərilir ki, Cəfərabad kənd sakinlərinə məxsus əkinə yaramayan pay torpaqlarının bələdiyyənin əkinə yararlı torpaq sahələri, ilə dəyişdirilməsinə razılıq verilsin. Cəfərabad bələdiyyəsinin 21 may 2002ci il tarixli, 10 №li iclas protokolunun qərarına əsasən onun mülkiyyətində olan 1.27 ha pay torpaq sahəsi əkinə yararsız olduğundan bələdiyyənin əkinə yararlı pay torpaq sahəsi ilə dəyişdirilsin. O və ailəsi Cəfərabad kəndi ərazisində yerləşən həmin əkin sahəsinin bir hissəsində yonca əkmişlər. Lakin ferma binasında mal-qara saxlayan Ağdərə rayon məcburi köçkünləri Cavabdeh1 və onun qardaşı Cavabdeh2 onun xəbəri olmadan dəfələrlə mallarını həmin sahədə otararaq öz hesabına və zəhməti ilə əkdiyi yonca sahəsini yararsız hala salmışlar. Sonuncu dəfə əkdiyi yonca sahəsində Cavabdeh1 və Cavabdeh2 80 başa yaxın mal-qaranı xəbərləri olmadan otarması ilə bağlı oğlu X2 ilə aralarında 06 iyul 2021-ci il tarixdə mübahisə yaranmışdır. Oğlu mal-qaranı onlara məxsus sahədən çıxarmasını deyəndə onlar oğlunu hədələmiş və ağır söyüşlərlə təhqir etmişlər. Bununla bağlı o, DİN-nin 102 qaynar xəttinə zəng vurmuşdur. Onun zəngindən sonra Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları gələrək ondan ərizə almışlar. Lakin buna baxmayaraq, onun nə 102 qaynar xəttinə vurduğu zəngə, nə də polis şöbəsinə yazdığı ərizəyə heç bir cavab verilməmişdir. Cavabdehlər bu gün də onu və ailəsini təhqir edib hədələyirlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən əkdiyi yonca sahəsinə və ona xeyli maddi ziyan dəymişdir. Buna görə də ona dəymiş ziyanın və maddi ziyanın cavabdehlər tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, Ağdam rayonundan məcburi köçkündür. Uzun müddətdir ki, Şəki rayonu Cəfərabad kəndində məskunlaşmışlar. Mahiyyəti üzrə bildirdi ki, mübahisəli torpaq sahəsinə həqiqətən də onlara məxsus mal-qara girmişdir. Lakin iddiaçının iddia etdiyi torpaq sahəsi iddiaçıya məxsus deyil, zəbt torpaq sahəsidir. Əgər torpaq iddiaçının olmuş olsa belə, iddiaçıya ən çoxu 50-100 manat ziyan dəyə bilərdi. Odur ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh1 Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan Şəki şəhər İHB-nin Cəfərabad İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli, 27 nömrəli arayışdan görünür ki, həqiqətən Cəfərabad bələdiyyəsinin 21 may 2002-ci il tarixli, 10 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.27 ha pay torpaq sahəsi əkinə yararsız olduğundan bələdiyyənin əkinə yararlı pay torpaq sahəsi ilə dəyişdirilmiş və həmin torpaq sahəsində hal-hazırda vətəndaş tərəfindən yonca bitkisi əkilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Cəfərabad İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatsız Şəki rayonu Cəfərabad kəndi ərazisində olan, Cəfərabad kənd sakinlərinə məxsus ferma binasında məskunlaşmışlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı Şəki rayonu Cəfərabad kəndində yerləşən torpaq sahəsinin mülkiyyətçisi olmadığından həmin torpaq sahəsində əkilmiş yoncaların məhv edilməsinə görə dəymiş zərərin cavabdehlərdən alınmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi şəxsin tələblə məhkəməyə müraciəti zamanı ilk növbədə onun həmin tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması və cavabdeh tərəfindən şəxsin subyektiv hüququnun pozulub-pozulmaması halları araşdırımalıdır. Subyektiv hüququn yaranması üçün ən vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar hazırkə tələbdə iddiaçıya məxsus deyildir. Birinci element olmadığı təqdirdə subyektiv hüququn digər elementlərindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. İddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət sənədləri olmadığından hazırkı iddiaya baxılması mümkün deyildir. Məhkəmə iddiaçıya qeyd edilənlərə riayət etməklə mülkiyyət sənədləri əldə etdikdən sonra məhkəməyə müraciət etməsini tövsiyə edir. Halhazırda isə iddiaçı mübahisəli torpaq sahəsinə vurulmuş ziyanı tələb etməkdə haqlı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyan» tələbinə dair iddiaları əsaslı olmadığından təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı «Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona dəymiş 1000 (bir min) manat məbləğində ziyan, həmçinin 500 (beş yüz) manat məbləğində vurulmuş maddi ziyan və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1530 (bir min beş yüz otuz) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1685/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1685/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver