Məhkəmə qərarları › İş №2(075)-1805/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1805/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1805/2021 07.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2100 (iki min bir yüz) manat borc pul və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 baldızı və Cavabdeh2 qayınanasıdır. Cavabdehlər ondan 2018-2019-cu illərdə müxtəlif vaxtlarda, müxtəlif adlarla (oğlunu işə qoymaq, ev təmiri, evə alası şeylər, maşın almaq, təmiri və s.) borc istəmişlər. Həmin vaxt əlində məktəbdə lotereya oynayıb yığdığı 1000 manat pul olmuş, həmin pulu cavabdehlərə vermişdir. Cavabdehlər daha sonra yenə gəlib pul istəyəndə banka girib pul almış, onlara 1000 manat borc pul vermişdir. Belə ki, cavabdehlərin banka borcu olduğuna görə bank onlara pul verməmişdir. Üçüncü dəfə yenə pul istəyəndə müəllim yoldaşından 1000 manat borc pul alıb vermişdir. Qayınanası Nəcibə sonuncu dəfə ondan 160 manat borc pul almışdır. Baldızı və qayınanası ondan aldıqları 3160 manatdan 1000 manat, qayınanası Nəcibə isə sonuncu dəfə aldığı 160 manatdan 20 manat olmaqla, 3 dəfəyə cəmi 60 manat pul qaytarmışdır. Baldızı Nəsibənin və qayınanası Nəcibənin ona 2100 manat borcu qalmışdır. Üçüncü dəfə borc pul alanda cavabdehlərə bildirmişdir ki, “borclu olmağınıza dair bir əlyazma kağız verin”. Baldızı Nəsibə oğluna ərizəyə əlavə etdiyi əlyazmanı yazdırmışdır. Tələb etdiyi pullar onun bankdan alıb onlara verdiyi, müəllim yoldaşlarla lotereya oynayıb topladığı və müəllim yoldaşlardan borc alıb verdiyi pullardır. Bu pulları əzab-əziyyətlə toplamış və vermişdir. Hazırda borc götürdüyü müəllim yoldaşı ondan həmin pulu geri tələb edir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, ünvan 1 ünvanında yaşayır. İddiaçı qardaşı X1 həyat yoldaşı, Cavabdeh2 isə onun anasıdır. Əri 2003-cü ildə, bir qızı 18 yaşında vəfat etmişdir. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən çıxarışa əsasən Şəki şəhəri, Bağbanlar küçəsi, döngə 16 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə onun və qardaşı Elşad Feyzullayevin adına qeydiyyata alınmışdır. Onun ailə qurub ər evinə köçüb yaşadığı ev təmirsiz vəziyyətdə olmuşdur. Elşad Feyzullayev onunla ümumi birgə mülkiyyətlərində olan evin özünə bağışlanması qarşılığında ona 3000 manat pul təklif etmiş, lakin o, sonuncu ilə razılaşmamışdır. X4 anasının və digər yaxın qohumlarının yanında öz payını ona bağışlamasını təklif etmiş, bunun qarşılığında ona 3000 manat verəcəyini, öz hesabına onun evinin üstünü dəyişdirəcəyini, otaqlarını təmir etdirəcəyini, ona mətbəx və hamam tikdirəcəyini, oğluna toy edəcəyini və toy zamanı lazım olan qızıl-ziynət əşyalarını alacağını bildirmişdir. O da Elşad Feyzullayevin həmin vədlərinə inanaraq ünvan 2 ünvanında evin və evin yerləşdiyi torpaq sahəsinin özünə məxsus pay hissəsini sonuncuya bağışlamışdır. Lakin X4 aralarında bağışlama müqaviləsinin bağlanması üçün üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçı ona və anasına heç bir məbləğdə borc verməmişdir. Onların iddiaçıya borcları yoxdur və olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki proses tərəflərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X3 bildirdi ki, İddiaçı onun iş yoldaşıdır. O, həmişə iddiaçıya borc vermiş, sonuncu vaxtıvaxtında qaytarmışdır. 2018-2019-cu ildə iddiaçı ona yaxınlaşmış, qayınanasına 1000 manat borc pul lazım olduğunu, qayınanasının həmin pulu pensiyasından hər ay qaytaracağını bildirmişdir. O da iddiaçıya etibar edib 1000 manat pul vermişdir. Lakin İddiaçı qayınanası ona indiyə kimi heç bir məbləğdə pul qaytarmamışdır. O, pulunu tələb edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, o, pulu Mehribana vermişdir. Bir dəfə İddiaçı qayınanasıgilə getmiş, pulu istəmişdir. Qapını İddiaçı baldızı Nəsibənin oğlu açmış, onu nalayiq sözlərdə təhqir etmiş, “pulu kimə vermisənsə, get ondan al, hara şikayət edirsən et” demişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, tələblə bağlı etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı 2100 manatın cavabdehlərə borc verildiyini və onlar tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2100 manat pulun alınaraq ona verilməsini tələb etsə də, cavabdehlərin ona hər hansı pul borcunun olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə iş üzrə tərəf olmayan Orxan İbrahimxəlilov tərəfindən yazıldığı iddia edilən “...işə girdiyim üçün dayım Feyzullayev Elşad banka girov pul götürüb məni işə qoyub. Mən də işə girib maaşımı alanda hər ay 100 manat köməklik edəcəyimə söz verirəm. Sözümə əməl etməsəm maşınım və evdə olan əşyalar götürülsün” əlyazması əlavə edilsə də, həmin əlyazmanın iddiaçının hazırda cavabdehlərdən tələb etdiyi borcla əlaqəsi müəyyən edilmir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsində Cavabdeh1 verdiyi ifadədən görünür ki, “iddiaçı Cavabdeh1 və cavabdeh X1 anasıdır. Heç biri ilə ədavəti, düşmənçiliyi yoxdur. O, 1968-ci ildə ailə qurmuş və əri Yusifin evinə gəlin gəlmişdir. Əri Yusif 2008-ci ildə vəfat etmişdir. Onun Elçin adlı da bir uşağı vardır. Elçin kənarda yaşayır. O isə 1968-ci ildən ünvan 3 ünvanında yerləşən evdə yaşayır. Ərinin sağlığında evlərini iki hissəyə bölüb bir hissəsini Elşada, bir hissəsini isə Nəsibəyə vermişlər. Oğlu Elşad ailə qurub həmin evə gəlin gətirmişdir. Qızı Nəsibə isə 1992-ci ildə ailə qurub ər evinə köçmüşdür. Nəsibənin əri və 18 yaşlı qızı vəfat etmişdir. Nəsibə öz payını Elşada bağışlamışdır. Bunun qarşılığında Elşad Nəsibəyə 3000 manat pul vermiş və Nəsibənin ər evində mətbəx, hamam, tikdirəcəyini, evini yenidən təmir etdirəcəyini, oğlu evlənəndə lazım olan qızıl-zinət əşyalarını alacağını öz öhdəsinə götürmüşdür. Həmin işlər verilən 3000 manatdan əlavə olmalı idi. Bundan sonra Elşad ona əvəzində 3100 manat qaytarmaq şərti ilə 2600 manat pul vermiş və həmin pula Nəsibənin yaşadığı ər evində hündürlüyü 1,6 metr olan quru divar tikilmişdir. Elşad verdiyi həmin pulu onlara hissə-hissə vermiş və sonuncu 600 manatı verəndə onun sırğalarını götürmüş və pulu qaytaranda sırğalarını verəcəyini bildirmişdir. O, hissə-hissə, yəni hər ay 100-150 manat olmaqla, Elşada cəmi 1050 manat pul qaytarmışdır. Lakin, Elşad ondan aldığı qızılları qaytarmamışdır. Bundan başqa, Elşad Nəsibəyə hər hansı bir şəkildə köməklik etməmişdir. O, bununla bağlı Elşada irad tutmuşdur. Hətta, qızı Nəsibə də Elşada onu aldatdığını bildirmiş, Elşad da Nəsibəyə “ağlın var idi aldanmayardın” deyə cavab vermişdir”. İddiaçı tərəfindən mötəbər sübut kimi təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsində cavabdehlərə 3000 manat pulun verilməsi göstərilsə də həmin pulun məhz hazırkı mülki üzrə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilməsi sübut olunmur. Bundan başqa iddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahid də pulu məhz İddiaçı qayınanasına borc verməsi üçün verdiyini bildirmişdir. Şərh edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «Cavabdeh1 və Cavabdeh2 2100 (iki min bir yüz) manat borc pul və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar