Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1809/2021 16.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 2200 (iki min iki yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək bildirdi ki, Şəki rayonunun Aşağı Küngüt kəndində yaşayır və təsərrüfatla məşğuldur. Həmçinin ilə 2-3 dana alaraq bağlamada saxlayaraq kökəldib satır. 10.03.2021-ci il tarixdə, əvvəllər də danalar satdığı Şəki rayonu Oxud kənd sakini Cavabdeh ona zəng vuraraq satlıq heyvanının olub olmamasını soruşmuşdur. O, da cavabında iki baş danasının olduğunu və sata biləcəyini demişdir. Bir neçə saat sonra, təxminən axşam 19:00-20:00 radələrində Xaqani onlara gəlmiş, danalara baxmış və yeznəsi X2 yanında həmin heyvanları birlikdə 2200 (iki min iki yüz) manata satmağı razılaşmışlar. Razılaşdıqdan sonra Xaqani demişdir ki, qoy maşın çağırım danaları mindirib aparım. Maşın gələnə kimi Xaqanini evə dəvət etmiş evə yemək yeyib çay içmişlər. Təxminən evdə 1 saat oturduqdan sonra ** BL *** dövlət nömrə nişanlı Qazel markalı avtomobil gəlmişdir. Köməkli şəkildə heyvanları Qazelə mindirmişlər. Bundan sonra Xaqani onlara hazırda üstündə pul olmadığını və səhər heyvanları kəsib axşama kimi pulu gətirəcəyini bildirmişdir. Xaqani əvvəl də bir dəfə əmisi oğlu ilə birlikdə ondan heyvan almış və heyvanı yükləmək üçün avtomobil gəldikdə heyvanın pulunu ona vermişdir. Buna görə də o, Xaqaniyə inanaraq ona etibar etmiş və danaları yerə düşürməmişdir. Həm də bir az üzə düşmüşdür. Lakin aradan xeyli müddət vaxt keçməsinə baxmayaraq, dəfələrlə telefon danışıqlarında müxtəlif vaxtlara söz verərək pulu gətirəcəyinə söz versə də bu günədək ona 2200 manat pulu qaytarmamışdır. Bu məsələ ilə əlaqədar Şəki rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin polis şöbəsində bildirmişlər ki, Xaqani digər şəxslərin də etibarından sui istifadə edərək müxtəlif məbləğlərdə pullar mənimsəmişdir. Hətta Xaqaninin atasının yaşadığı Oxud kəndinə də getmiş, lakin valideyinləri də onun yerini bilməmişlər. Buna görə də ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iddiaçı onun həyat yoldaşıdır. Bildirmişdir ki, Xaqani əvvəl də əmisi oğlu ilə birlikdə onlara gəlib Ələsgərdən mal almış və malın pulunu dərhal da nağd şəkildə vermişdir. 10.03.2021-ci il tarixdə Xaqani onların evinə gəlmiş, danalara baxmış və həmin danaları ona 2200 manata satılmasına razı olmuşlar. Xaqani danaları aparmaq üçün maşın çağırdığından onlar yəni, Ələsgər, yeznələri, qardaşı və Xaqani onların evlərinə qalxmış və 1 saat qədər evdə yemək yeyib, söhbət etmişlər və danaları aparmaq üçün avtomobil gözləmişlər. Maşın gəldikdən sonra danaları maşına mindirmişlər. Lakin həmin anda Xaqani hazırda üzərində pul olmadığını və danalara görə 2200 manat pulu səhər verə biləcəyini demişdir. Ələsgər də onunla razılaşmışdır. Lakin bu günə qədər Xaqani pulu onlara verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı onun qaynatasıdır. O, "xxxx" ASC-də kredit şöbəsində mütəxəssiz vəzifəsində işləyir. Həmin gün qaynatasıgilə getmiş və evdə əlavə bir nəfərin də olduğunu görmüşdür. Qaynatası Ələsgərdən həmin şəxsin kim olduğunu soruşduqda, Ələsgər həmin şəxsin qəssab Xaqani olduğunu 2 danasını ona 2200 manata satdığını və danaları aparmaq üçün avtomobil gözlədiklərini bildirmişdir. Oturub çay içib söhbət etmişlər. Maşın gəldikdən sonra danaları maşına mindirmişlər. Lakin həmin anda Xaqani hazırda üzərində pul olmadığını və danalara görə 2200 manat pulu səhər verə biləcəyini demişdir. Ələsgər də onunla razılaşmışdır. Həmin vaxt qaynatasına sakitcə danaları nahaq nisyə satmağa razılaşmasını demişdir. Qaynatası da Xaqaninin əvvəl də ondan mal aldığını buna görə də ona inandığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, iddiaçının qonşusudur, həmin kənddə yaşayır. Ələsgərin 1 dişi və 1 erkək danası olmuşdur. O həmin danaları satmaq üçün bordağa bağlamışdır. Həmin gün danaları avtomobilə yükləməyə o özü də kömək etmişdir. Ələsgər iki dananı cəmi 2200 manata Xaqaniyə satmasına razılaşmasına şahidlik etmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, 35 nömrəli arayışdan görünür ki, bir baş, çəkisi təxmini 150 kq olan erkək dananın orta satış bazar qiyməti 1350 manat, bir baş təxmini çəkisi 100 kq olan dişi dananın orta satış bazar qiyməti 850 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı qarşılıqlı razılaşmaya əsasən evində bağlamada saxladığı iki baş dananı 2200 manata cavabdehə satmışdır. Cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək 2200 manat pulu iddiaçıya ödəməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə borc müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: -570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bundan başqa öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448ci maddəsinin 1-ci və 2-ci bəndləri, 470.1, 472.1, 739.2). Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh cəmi 2200 manat borc pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh cəmi 2200 manat borc pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1809/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1809/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver