Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1860/2021 02.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Nəbiyeva (Əmiyeva) Nişadə Elşad qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Nəbiyeva (Əmiyeva) Nişadə Elşad qızının Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış və Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydə alınmış 07 may 2020-ci il tarixli nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Nəbiyeva (Əmiyeva) Nişadə Elşad qızı izahat verərək bildirdi ki, o, 07 may 2020-ci il tarixdə Cavabdeh oğu ilə nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikaha daxil olsalar da, ailə kimi bir yerdə yaşamamışlar. Belə ki, onlar valideyinlərinin məsləhəti ilə tanış olmuşlar, aralarında biri-birilərinə istək və məhəbbət olmamışdır. Cəsur onun anasının qohumlarından olmuşdur. Onlar ilk gündən ailə qurmaq istəməmişlər. Lakin valideyinlərinin təhriki ilə nikah bağlamağa razı olmuşlar. Valideyinləri fikirləşmişlər ki, onlar biri-birilərini tanıdıqdan və xasiyyətlərinə bələd olduqdan sonra fikirlərini dəyişəcəklər. Onlar da əlacsız qalaraq, razılaşmışlar. Cavabdehlə görüşləri zamanı aralarında çox sahədə, eləcə də ailə və məişət sahələrində çoxsaylı fikir ayrılığı olduğunu görmüşlər. Dəfələrlə bu barədə mübahisələri düşmüş, lakin valideyinlərinin təkidi ilə onlar barışmışlar. Lakin sonda belə qərara gəlmişlər ki, ailə qurub sonradan boşanmaqdansa, elə ailə qurmamış ayrılsınlar. Hər ikisi qəti fikirlərini valideyinlərinə bildirmişlər, əvvəl valideynləri razı olmasalar da, sonradan onların fikirləri ilə razılaşaraq, el adəti ilə nişan geri qaytarılmışdır. Artıq onların ailə quraraq birlikdə yaşamaq fikirləri yoxdur. Göstərmişdir ki, el adəti üzrə toyları olmamış, 9 ay nişanlı qalmış, nikahları olsa da faktiki olaraq bir yerdə yaşamamış və ər-arvad münasibətlərində olmamışlar. Həmçinin göstərmişdir ki, aralarında nikah rəsmləşdiriləndən sonra hər hansı daşınar və daşınmaz əmlak əldə etməmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icalsında Cavabdeh izahat verərək göstərdi ki, o, 07 may 2020-ci il tarixdə iddiaçı ilə formal olaraq nikaha girmişdir. Belə ki, onlar ailələrinin təkidi ilə nişanlanmışlar. Cəmi 9 ay nişanlı qalmışlar. Sonra ailələrinin təkidi ilə rəsmi olaraq nikaha daxil olmuşlar. Göstərmişdir ki, el adəti üzrə toyları olmamış, nikahları olsa da faktiki olaraq bir yerdə yaşamamış və ər-arvad münasibətlərində olmamışlar. Həmçinin göstərmişdir ki, aralarıda nikah rəsmləşdiriləndən sonra adlarına hər hansı daşınar və daşınmaz əmlak əldə etməmişlər. Nikaha girməkdə məqsədləri toy etmək olmuşdur. Lakin pandemiya ilə əlaqədar toyları yubanmışdır. Bu dövrdə bir-birlərini daha da yaxından tanımış və ayrı-ayrı dünyanın insanları olduğunu anlamışlar. İddiaçı Nəbiyeva (Əmiyeva) Nişadə Elşad qızının nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiasını qəbul edir və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan AZ-İİ 342396 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 07 may 2020-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 33 nömrə ilə qeyd edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki iddiaçı cavabdehlə nişanlanaraq 07 may 200-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Ancaq tərəflər ər-arvad münasibətlərində olmamış, Azərbaycan adət-ənənəsinə uyğun toy mərasimi keçirməmişlər. Həmçinin faktiki olaraq ailə münasibətlərində olmamışlar. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 07 may 2020-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 33 nömrəli nikah bağlandığı andan etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Nəbiyeva (Əmiyeva) Nişadə Elşad qızı ilə Cavabdeh arasında 07 may 2020-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 33 nömrəli nikah bağlandığı andan etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1860/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1860/2021
02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver