Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1863/2021 04.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1368 manat pulun və 30 manat rüsumun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, cavabdehlərdən Cavabdeh1 onun həm kəndçisi həm də sinif yoldaşı olmuşdur. Elnurla isə həmkəndlidir. Bildirmişdir ki, 02.03.2021-ci il tarixdə Həzi ilə Şəki rayonunun Qoxmuq kəndində çayxanada oturub çay içən zaman ev ustası olduğu üçün Həziyə demişdir ki, ev tikdirmək istəyir və buna görə də kərpic almaq istəyir. Həzi isə ona demişdir ki, “kərpici neynəyirsən, onunla ev tikdirmək baha başa gəlir, gəl sənə mişar daşı alaq onunla tik”. Ondan mişar daşının neçəyə olmasını soruşmuşdur. Həzi mişar daşının qiymətinin 67 qəpik olduğunu, lakin ona 60 qəpiyə təşkil edə biləcəyini demişdir. Həzi ilə razılaşmış və ona bir şaqman mişar daşı gətirməsini bildirmişdir. Bir neçə gün sonra Həzi bir şaqman maşınla onun həyətinə mişar daşları gətirmişdir. Şaqman həyətə girəndə maşından adını bilmədiyi sürücü və kəndçiləri Cavabdeh2 da düşdüyünü görmüşdür. Həmin zaman düşünmüşdür ki, Elnur nə yaxşı burdadır. Çünki Elnurun bəzi adamları aldatması barədə eşitmişdir. Həziyə demişdir ki, burda nə qədər mişar daşı var. Həzi də demişdir ki, 2280 ədəd. Sürücü şaqmandakı bütün daşları həyətə boşaltmış və maşını sürərək həyətdən çıxmışdır. Həmin zaman Elnur da həyətdən çıxıb küçədə dayanmışdır. Sonra anası evə gedərək pul götürüb gəlmişdir. O da öz həyətlərində anasının yanında 2280 ədəd mişar daşının dəyəri olan 1368 manat pulu Həziyə vermişdir. Bundan sonra Həzi də həyətdən çıxıb getmişdir. Səhərisi günü fəhlə tutaraq mişar daşlarını həyətin bir tərəfinə səliqə ilə yığdırmışdır. Həmçinin daşları yığan zaman onları saymışdır. Daşları nizamla yığdırdıqdan sonra 250 ədəd mişar daşı kəm olmuşdur. Buna görə də bu barədə zəng edərək Həziyə demişdir. Həzi isə Elnurla bu barədə danışacağını bildirmişdir. Lakin bir müddət keçsə də cavabdehlər ona heç nə deməmişdir. Hətta onlarla danışaraq həmin daşların əvəzinə 250 ədəd kəm olsa da daha keyfiyyətli mişar daşları gətirmələrini bildirmişdir. Cavabdehlər buna məhəl qoymadıqda polisə şikayət etmişdir. Şikayətlərini polisdə qeydiyyata almadan sahə müvəkkilləri Zahid araşdırmış və cavabdehlərə məsələni həll etmələrini demişdir. Bundan sonra Cavabdeh2 onlara gələrək həyətə tökdükləri mişar daşlarının hamısını yığaraq aparmışdır. Elnur daşları apararkən onun yerinə daha keyfiyyətli başqa daşlar gətirəcəyini bildirmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdehlər nə daşları gətirmiş, nə də 1368 manat pulunu geri qaytarmamışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Sonda iddiasının təmin edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1368 manat pulun və 30 manat rüsumun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, Gəray onun sinif yoldaşıdır. Hər ikisi Şəki rayonunun Qoxmuq kəndindəndir. Bildirmişdir ki, ev ustası kimi fərdi əməklə məşğul olur. Göstərmişdir ki, təxminən 2021-ci ilin mart ayında Gərayla kəndlərindəki çayxanaların birində çay içərkən Gəray ona demişdir ki, ev tikdirmək istəyir, buna görə də ondan yaxşı mişar daşı təşkil edə biləcəyini soruşmüşdür. Demişdir ki, maraqlanaraq deyər. Bundan sonra həm kəndçiləri həm də tanışı Cavabdeh2 zəng edərək mişar daşı istəyən olduğunu, təşkil edə biləcəyini soruşmüşdür. Elnur da ona bir-neçə günə təşkil edə biləcəyini demişdir. Həmçinin Elnura demişdir ki, mişar daşını aşağı qiymətə təşkil etsin. Elnurla daşı 60 qəpikdən razılaşdırmışdır. Bildirmişdir ki, Elnur kəndçiləri olduğundan onun mişar daşı satanlarla əlaqəsi olduğunu bilmişdir. Beləliklə də Elnurdan Gəray üçün bir Şaqman mişar daşı gətirməsini demişdir. Bir neçə gün sonra Elnur ona zəng vuraraq Şaqmanla mişar daşı gətirməsini demişdir. O da öz növbəsində Gəraya zəng vuraraq demişdir. Gəray da gətirmələrini demişdir. Bundan sonra Elnurgili qarşılamış və Şaqmana əyləşərək Gəraygilin həyətinin qarşısana gəlmiş və maşını həyətə salaraq daşları Gəraygilin həyətinə boşaltmışlar. Həmin vaxt Elnur boşaldılan daşların 2280 ədəd olduğunu demişdir. Sonra Şaqmanın sürücüsü və Elnur həyətdən küçəyə çıxmış və orada gözləmişlər. O isə həyətdə qalaraq Gəraydan 2280 manat daşın dəyəri olan 1368 manat pulu ondan almışdır. Həmin vaxt onların yanında Gərayın anasından başqa heç kəs olmamışdır. Pulu aldıqdan sonra sağollaşıb bayıra çıxmış və 1368 manat pulu Elnura vermişdir. Elnur da həmin puldan ona 40 manat hörmət etmişdir. Bundan bir müddət sonra Gəray ona zəng vuraraq daşlardan 250 ədəd kəm olduğunu və daşların keyfiyyətsiz olduğunu demişdir. Bütün bunlarla bağlı Elnurla danışmışdır. Elnur da bu məsələni tezliklə aradan qaldıracağını demişdir. Lakin aradan qaldırmamışdır. Buna görə də Gəray polisə şikayət etmişdir. Sahə müvəkklili və Elnurla birlikdə Gəraygilin həyətinə də getmişlər. Belə razılaşmışlar ki, Elnur daşları yığıb aparır və əvəzinə daha keyfiyyətli daşlar gətirəcəkdir. Bundan sonra Elnur Gərayın həyətinə tökülmüş daşları yığaraq aparmışdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Elnur nə yeni daşlar gətirməmiş nə də aldığı pulu Gəraya qaytarmamışdır. Dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq Elnur dediklərini etməmişdir. Hər dəfəsində isə Elnur daşları gətirəcəyini demişdir. Göstərmişdir ki, qeyd edilən puldan ona cəmi 40 manat çatmışdır. Qalan pulları isə Elnua vermişdir. Bildirmişdir ki, sonradan Həzinin yanına gedərək daşların ona verilməsini və əvəzində pulunun qaytaracağını demişdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və iddiaya qarşı hər hansı etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa o, bütün məhkəmə iclaslarının yeri və vaxtı barədə istifadəsində olan ***-***- **-** nömrəli mobil nömrəsinə zəng vurulmaqla da xəbərdar edilmişdir. Telefon danışığı zamanı həqiqətən də Həzinin deməsinə görə Gəraygilə apararaq onların həyətinə boşaldığını, lakin sonradan həmin daşları yığaraq apardığını bildirmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işin araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ev tikdirmək üçün cavabdehlərən biri olan Həziyə mişar daşı gətirməsini xahiş etmişdir. Həzi də bununla razılaşaraq tanışı Elnurdan mişar daşı gətirməsini bildirmişdir. Elnur da bir maşın mişar daşı gətirərək iddiaçının həyətinə tökmüş və daşlarını 2280 ədəd olduğunu bildirmişdir. Həmin zaman cavabdeh Həzi 2280 manat mişar daşının dəyəri olan 1368 manat pulu iddiaçıdan almış və həmin pulu Cavabdeh2 vermişdir. Sonradan daşın sayı və keyfiyyəti ilə bağlı iddiaçı ilə cavabdehlər arasında narazılıq yaranmış, tərəflər problemin həllinə yuxarıda şərh edilən qaydada çalışmışlar. Cavabdehlərdən Elnur daşları iddiaçının həyətindən yığaraq aparmışdır. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh Həzi isə iddianı qismən qəbul etmişdir. Digər cavabdeh Elnur isə məhkəmə iclasına gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. MM-nin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. MM-nin 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: - 587.1.1. alış qiymətinin mütənasib azaldılması; - 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; - 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə isə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. - 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Bundan başqa öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 470.1, 472.1, 739.2). Məhkəmə yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1368 manat pul və 30 manat rüsumu müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1368 (min üç yüz altmış səkkiz) manat pul və 30 manat rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1863/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1863/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver