Məhkəmə qərarları › İş №2(075)-1880/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1880/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1880/2021 09.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 9300 (doqquz min üç yüz) manat borcun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 13 sentyabr 2021-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclasları 11 oktyabr 2021-ci, 11 noyabr 2021-ci il tarixlərdə keçirilmiş və mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni 09 dekabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclaslarına gəlməmişlər. İddiaçı məhkəmənin yalnız 11 oktyabr 2021-ci il tarixli iclasında iştirak etmiş, ondan sonra təxirə salınan 11 noyabr 2021-ci və 09 dekabr 2021-ci il tarixli məhkəmə baxış iclaslarında isə əsaslı səbəb göstərmədən iştirak etməmişdir. Belə ki, İddiaçı 11 noyabr 2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq nəqliyyat problemi yarandığı üçün məhkəməyə çata bilməməsini üzürlü hesab edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı 09 dekabr 2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhətində ciddi problem yarandığı üçün məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və bu halın üzürlü hesab edilməsini xahiş etmişdir. Həmçinin 11 oktyabr 2021-ci il tarixdə məhkəmə tərəfindən İddiaçı iddia tələbində dəqiqləşmə aparması və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin bütün bu müddət ərzində iddiaçı iddia tələbində hər hansı dəqiqləşmə aparmamış, həmçinin sonuncu iki məhkəmə baxış iclaslarında əsaslı səbəb göstərmədən iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X1 qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar