Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-193/2025 04.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi cavabdeh Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4ndan miras qalmış Şəki şəhəri, 123-cü kvartalda yerləşən torpaq sahəsindən ibarət mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən torpaq sahəsi onun mərhum X4na məxsusdur. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra ondan miras qalmış həmin torpaq sahəsinə sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsinə o sahiblik edir. Beləliklə o mərhum X4ndan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Buna görə də o mərhum anasından miras qalmış həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. X16 “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Əli Hacıyev xx.xx.2024-cü il tarixli X-2888 saylı Notariat hərəkətlərinin aparılmasının imtina haqqında qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, o, mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırda mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsi X6 mülkiyyətindədir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 16 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 09 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq anasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmişdir və etmək niyyətindən deyildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 09 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq anasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmişdir və etmək niyyətindən deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X6 mülkiyyətindədir. Mülkiyyətçi X11 13 yanvar 2022-ci il tarixdə vəfat etmiş və ölümündən sonra Ərizəçi, X7 və X8 adlı vərəsələri qalmışdır. X7 və X1 regional “ASAN xidmət” ərkəzində notariat ofisinə ərizə təqdim edərək miras əmlakdan imtina etmişlər. Həmin şəxslər payı qəbul etmədiklərindən onların heç bir pay və hüquqları yoxdur. Ərizəçi anasının vəfatından sonra həmin torpaq sahəsinə sahiblik etmişdir. Bununla da anasından qalmış miras əmlakı qəbul etmişdir. İddiaçı Ərizəçi anasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməsi nəzərə alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etdiyini, lakin hüquqi məlumatsızlığı səbəbindən vaxtında müraciət etməməsi nəzərə alınaraq müraciətindən imtina edildiyini göstərmiş, məhkəmədə qaldırdığı iddiasının təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı anasından qalmış miras əmlakda yaşamaqla mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, miras əmlakdan istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, hüquqi məlumatsızlığından notariat kontoruna vaxtında müraciət etməmişdir. Bununla da ərizəçi anasından qalmış mirası qəbul etmiş sayılsa da, o, həmin əmlakın adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır. Buna görə də məhkəmə ərizəçinin anasından qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzürlü hal kimi qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X5 miras qalmış Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X5 miras qalmış Şəki şəhəri, 123-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-193/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-193/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver