Məhkəmə qərarları › İş №2(075)-1958/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1958/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1958/2021 21.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verilməli olan 1550 manatın, 1550 manatının gec bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 500 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi, həmçinin Cavabdeh mərhum anası X1 mülkiyyətində olan “VAZ-2103” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilin onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh anasının müalicəsi ilə bağlı qızıl əşyalarını banka girov qoyaraq əvəzinə pul götürdüyünü, banka olan borcunu ödəyə bilmədiyini, əgər borcunu ödəməsə qızıllarının əlindən alınacağını bildirmiş və ondan borc istəmişdir. O, iş üzrə Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə olmaqla, 2020-ci ilin noyabr ayından etibarən cəmi 1550 manat məbləğində borc vermişdir. Lakin, Cavabdeh həmin borcunu bu günədək ona qaytarmamışdır. Cavabdeh yazdığı iltizamında da ona 1550 manat borcunun olduğunu etiraf etmiş və borcunu ona qısa müddətdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Artıq uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh borcundan hər hansı bir məbləğdə ödəniş etməmiş və hər dəfə onunla əlaqə saxladıqda maddi və əmlak vəziyyətinin ağırlaşdığını bildirmişdir. Cavabdeh bildirmişdir ki, avtomobili satıb onun borcunu qaytaracaqdır. Lakin bu günə qədər nə avtomobilini satmış nə də ki, ona olan borcunu qaytarmışdır. Bundan başqa cavabdeh anası X1 mülkiyyətində olan “VAZ-2103” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobili borcun əvəzi olaraq ona vermiş, lakin onun adına rəsmiləşdirməmişdir. Həmin avtomobil hazırda da onun istifadəsindədir. Göstərmişdir ki, cavabdeh həm yazılı iltizamla, həm də videogörüntü vasitəsilə ona 1550 manat borcunun olmasını etiraf etmişdir. Qeyd etmişdir ki, bu zaman cavabdehə hər hansı təsir edilməmişdir. Cavabdehin bununla bağlı məhkəmə iclasında göstərdikləri həqiqəti əks etdirmir. Həmçinin cavabdeh indiyə qədər 1550 manat puldan ona geri hər hansı ödəniş etməmişdir. O, avtomobili cavabdehə qaytarmaq istəyir. Ona avtomobil yox, borcunun qaytarılması lazımdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, Hafizdən 2020-ci ilin noyabr ayından etibarən hissə-hissə olmaqla borc almışdır. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi 1550 manat məbləğində borc həqiqətə uyğun deyil. Həmin pul ondan borc kimi aldığı 940-970 manat pulun faizləridir. Belə ki o, iddiaçıdan müxtəlif vaxtlarda 180, 200, 310, 250 və 30 manat olmaqla təxminən 970 manat borc almışdır. İşdə olan iltizam həqiqətən də onun tərəfindən yazılmış və diskdə olan görüntülər də həqiqətən də ona aiddir. Lakin iddiaçı bunları etməyə onu məcbur etmişdir. O, sözügedən iltizamı və görüntülərdəki ifadələri onun öz iradəsi ziddinə yazmışdır. Belə ki, iddiaçı onu buna məcbur etmişdir. Lakin bununla bağlı heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Bundan başqa o iltizam yazanda anasına məxsus 006 markalı avtomobili aldığı borc pulun müqabilində iddiaçıya girov kimi qoymuşdur. İddianı qismən qəbul edir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Cavabdeh tərəfindən yazılmış iltizamdan və videogörüntüdən görünür ki, o, İddiaçı 1550 manat məbləğində borc aldığını etiraf etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə olaraq, ümumilikdə 1550 manat borc pul vermişdir. Lakin cavabdeh bu günə kimi aldığı 1550 manatı ona qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə iddianın “1550 manatının gec bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 500 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi, həmçinin Cavabdeh mərhum anası X1 mülkiyyətində olan “VAZ-2103” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi” hissəsinə münasibət bildirərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə avtomobilin rəsmləşdirilməsi ilə bağlı qeyd edir ki, hər hansı daşınar və daşınmaz əmlakın alqı-satqısı və rəsmiləşdirilməsi ilə bağlı qanunvericilikdə müəyyən proseduraya riayət edilməsi göstərilmişdir. Bununla bağlı ya alqı-satqı müqaviləsi bağlanmalı və yaxuddakı müvafiq icra hakimiyyəti orqanında hər iki tərəfin razılığı ilə müəyyən qaydalara əməl olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 1550 manat məbləğində borc pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Tələb edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1550 (min beş yüz əlli) manat borc pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar