Məhkəmə qərarları › İş №2(075)-2087/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2087/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2087/2021 26.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı X4 və onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi ilə bağlı Şəki Regional Vəkil Bürosunun bank hesabına ödədiyi 150 manat pulun, 30 manat dövlət rüsum və 0.40 manat xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 25 fevral 2020-ci il tarixdə həyat yoldaşı rəhmətə getmişdir. Şəxsiyyət vəsiqəsinin nömrəsi AA******* olan Cavabdeh ona başsağlığı üçün gəlmişdir. Həmin vaxt mal-qaradan söz düşəndə Arif mallara müştəri olduğunu bildirərək üç baş inəyə baxaraq nə qiymət qoymuşsa o da onun qoyduğu qiymətlə, yəni üç min manatla razılaşmışdır. Bundan bir müddət sonra gəlib ağ rəngdə inəyini, iki illik düyəni və bir il iki aylıq dişi inək düyəsi olan mallarını kəndlərinə apararaq yaxın vaxtda üç min manatını verəcəyini bildirmişdir. Dəfələrlə cavabdehin evlərinə getmişdir ki, ya pulunu, ya da mallarımı qaytarsın. Sonra Arif ərizə yazaraq malların pulu olan üç min manatı 31 dekabr 2020-ci il tarixədək verəcəyini bildirmişdir. Çoxsaylı müraciətlərindən sonra 12 sentyabr 2020-ci il tarixdə və bir müddət sonra pulunu hissəhissə olaraq 2 dəfə, hər dəfəyə bir min manat olmaqla, iki min manatı cavabdeh yoldaşı Rəna vasitəsi ilə versə də qalan bir min manatı bu günə kimi verməmişdir. Dəfələrlə müraciət etsə də müxtəlif bəhanələrlə qalan pulunu verməkdən imtina etmişdir. Özü təqaüdçüdür, tənha qadındır və xəstədir. Cəyirli kəndinin yollarında qalmaqdan yorulmuş və dərmanlarını belə almağa pulu olmamışdır. Cavabdehin pulunu vermədiyini görüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Şəki ŞRPŞ-nə müraciət etsə də ona ünvanlanmış 09 sentyabr 2021-ci il tarixli məktubdan məlum olmuşdur ki, 03 avqust 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətindən daxil olmuş müraciəti və Şəki şəhər-rayon Polis Şöbəsinə yazdığı ərizəsi araşdırılmış və araşdırılma zamanı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Şəki şəhər-rayon Polis Şöbəsi araşdırmadan sonra ona məktub göndərərək işin mülki xarakterli olduğunu və buna görə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, malların birini 1500 manat, digərini 800 manat, o birini isə 400-500 manata razılaşmışlar. Həmin qiymətləri cavabdeh müəyyən etmişdir. Əslində mərhum həyat yoldaşı malları daha baha almışdır. Lakin o, mala-heyvana baxa bilməyəcəyini düşünüb 3 heyvanı birlikdə 3000 manata satmağa razılaşmışdır. Cavabdeh 12 sentyabr 2020-ci ildə 1000 manat və 05 noyabr 2020-ci il tarixdə 1000 manat olmaqla, cəmi 2000 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 vəkili Nümayəndə X2 verdiyi izahatla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçı X1 qiymətləri 1500 manat, 800 manat və 350 manat olmaqla, üç heyvan almışdır. Heyvanlardan biri aldıqdan 10-15 gün sonra ölmüşdür. İddiaçıya indiyədək 2000 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçıya hazırda faktiki olaraq 650 manat borcu var. Həmin borcu indiyədək maddi imkansızlıqla bağlı ödəyə bilməmişdir. Lakin borc-xərc edib ödəyəcəkdir. Bundan başqa polis şöbəsində verdiyi ifadədə 300 manat borcunun qaldığını bildirməsi onunla əlaqədardır ki, iddiaçı həmin vaxt qalan pulun 350 manatını ona bağışlamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X9 göstərdi ki, iddiaçı X4 zəng edib heyvanları aparmaq üçün onu çağırmışdır. O, heyvanları Cəyirli kəndinə 50 manat qarşılığında aparmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, heyvanların neçəyə satılması barədə məlumatı yoxdur. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X6 göstərdi ki, iddiaçı X4 onun bacısıdır. Bacısı mal satarkən iştirak etməmişdir. Lakin bacısı ilə birlikdə Arifgilin qapısına getmişlər. Orada Arifin diktəsi ilə iltizam yazılmışdır. Arif orada malları 3000 manata aldığını qeyd etmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X7 göstərdi ki, iddiaçı X4 onun qonşusudur. İddiaçı heyvanları satarkən o iştirak etməmişdir. Sonradan iddiaçıdan eşitdiyinə görə malları 3000 manata satmışdır. Cavabdeh 2000 manatını ödəmiş, qalan məbləği ödəməmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materialarına əlavə edilmiş ünvan 2 ünvanında yaşayan İddiaçı Şəki ŞRPŞ-nə daxil olmuş 02 avqust 2021-ci il tarixli, HK- 2/2617 nömrəli və 03 avqust 2021-ci il tarixli, 189-20845Ş-3121 nömrəli müraciətinin həllinin nəticəsinə dair arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı 02 avqust 2021-ci il tarixdə DİN-nin “102" xidmətinə zəng edərək əvvəllər tanıdığı Cavabdeh ilə aralarında olan şifahi razılığa əsasən 2020-ci ilin may ayında 3000 manata 3 baş iribuynuzlu heyvan satdığını, həmin məbləğin 2000 manatını alsa da qalıq 1000 manatını Cavabdeh ala bilmədiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı ilə Cavabdeh əvvəllər Şəki rayonu Cəyirli kəndində yaşadıqları, İddiaçı həyat yoldaşının yas mərasimində Cavabdehya 3 baş iribuynuzlu heyvanın olduğunu və onlara baxa bilmədiyi üçün satmaq istədiyini bildirdiyi məlum olmuşdur. Cavabdeh ilə İddiaçı aralarında olan şifahi razılığa əsasən 2020-ci ilin may ayında 3000 manata 3 baş iribuynuzlu heyvan satdığını, həmin məbləğin 2000 manatının ödənildiyi məlum olmuşdur. Cavabdeh izahatında 300 manat pul verməli olduğunu bildirərək qısa müddət ərzində həmin pulu İddiaçı verəcəyini bildirmişdir. Cavabdeh ilə İddiaçı arasında dava-dalaş və biribirilərinə bədən xəsarəti yetirmə halları baş verməmişdir. İddiaçı müraciəti mülki məsələ olduğu üçün məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında mülki proses tərəflərinin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh iddiaçı X1 üç baş heyvan almış, lakin bugünədək malların pulunu tam şəkildə qaytarmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı 650 manat borc hissəsində qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı 650 manat borc hissəsində etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iddia tələbinin qalan 350 manat borc hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, həmin hallar şahid ifadələri ilə təsdiqlənməmiş, iddiaçı tərəfindən dəvət edilmiş şahidlər isə alqı-satqı prosesində birbaşa iştirak etməmiş, iddiaçının deməsinə görə ifadə vermişlər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia qismən təmin edildiyindən hüquqi yardım üçün vəkilə ödənilmiş 150 manatın 52.5 manatı iddiaçının özünə aid edilməklə, 97.5 manatı, ödənilmiş 30.40 manat dövlət rüsumunun 10.64 manatı iddiaçının özünə aid edilməklə, 19.76 manatı Cavabdeh alınaraq iddiaçı X3 verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 650 manat alınaraq X3 verilsin. Hüquqi yardım üçün vəkilə ödənilmiş 150 manatın 52.5 manatı iddiaçının özünə aid edilməklə, 97.5 manatı Cavabdeh alınaraq X3 verilsin. Ödənilmiş 30.40 manatın 10.64 manatı iddiaçının özünə aid edilməklə, 19.76 manatı Cavabdeh alınaraq X3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar