Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-212/2021 09.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evdən istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən cavabdehlərə məxsus evdən istifadə hüququnun tanınması, azyaşlı uşağı xx xxxxxx 2019cu il təvəllüdlü X3 ilə birlikdə həmin evə köçürülmələri, cavabdehlər tərəfindən evdən istifadəyə edilən maneələrə qadağa qoyulması və dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında rəsmi nikah xx xxxx 2019-cu il tarixdə Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsində bağlanmışdır. Toyları xx xxxxxx 2019-cu il tarixdə olmuş, o, cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, həmin evə də pasport qeydiyyatına düşmüşdür. Birgə nikahlarından xx xxxxxx 2019-cu il təvəllüdlü X3 adlı uşağımız olmuşdur. Gəlin düşdüyü ünvan 1 ünvanında yerləşən evdə o, xx xxxxxxxx 2020-ci il tarixədək yaşamış, cavabdehlərlə ümumi birgə təsərrüfat aparmışdır. Sözügedən mübahisəli evdə pasport qeydiyyatımdadır. Cehiz əşyaları da hazırda həmin evdədir. xx xxxxxxxx 2020-ci il tarixdə isə cavabdehlər onu iradəsi ziddinə həmin evdən çıxmağa məcbur etmişlər. Həmin tarixdən o, ünvan 2 ünvanında yerləşən atası evində yaşayır. Azyaşlı uşağı onun himayəsindədir. Hazırda gəlin düşdüyü həmin evə köçmək, orada yaşamaq və övladını boya-başa çatdırmaq istəyir. Cavabdehlər isə buna imkan vermir, həmin evə köçməyə, yaşamağa maneələr törədirlər. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1352/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat alimentin Cavabdeh1 tutulub ona verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh1 aralarındakı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda Cavabdeh1 tələbi məhkəmənin icraatındadır. Məhkəmə tərəfindən onların barışmaları üçün üç ay vaxt verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh2 məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə etiraz ərizəsi göndərərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüuqu üzrə ona məxsusdur. Çıxarışdan göründüyü kimi həmin sənəd ona 2008-ci il tarixdə verilmişdir. Bu səbəbdən qaldırılan iddiaya etiraz edir. Tərəflər arasında münasibətlər 2019-cu ildən yaranmışdır. Buna görə də mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X5 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********42 nömrəli məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx xxxx 2008-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1352/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment Cavabdeh1 tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxxxx 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1352/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment Cavabdeh1 tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxxxx 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1861/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından və məhkəmə bildirişindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə araşdırmaları nəticəsində aydın oldu ki, İddiaçı 2019-cu ildə Cavabdeh1 ilə ailə qurmuş və qayınanası Cavabdeh2 evinə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh1 birgə nikahdan bir uşağı anadan olmuşdur. İddiaçı Cavabdeh1 ilə xx xxxxxxxx 2020-ci il tarixdən faktiki olaraq ayrılmışlar. Tərəflər arasındakı nikahın pozulması ilə bağlı iddia hazırda Şəki Rayon Məhkəməsinin icraatındadır. İddiaçı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə gəlin düşdüyünü, həmin evdə qeydiyyatda olduğunu, həmin evdə yaşayıb istifadə hüququnun yarandığını əsas gətirərək uşağı ilə birlikdə oraya köçürülməsi və maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh2 məhkəməyə ərizə göndərərək iddianı qəbul etmədiyini bildirmişdir. Digər cavabdehlər isə məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Belə ki, xx xxxxxxx 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2 ilə İddiaçı arasında razılaşma yoxdur, İddiaçı Cavabdeh2 gəlini olsa da, İddiaçı ilə Cavabdeh1 arasında faktiki nikah münasibətlərinə son qoyulmuşdur. Odur ki, İddiaçı Cavabdeh2 ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq faktiki ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2018-ci il tarixdə qərarından göstərilmişdir ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq hər bir halda mübahisəli mənzilə istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməsi tələbi də özlüyündə təmin edilə bilməz. Azərbayan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən iddiaçının himayəsində olan uşağın yaşayış yeri elə onun yaşadığı yer hesab edildiyindən, iddia tələbi xx xxxxxx 2019-cu il təvəllüdlü X2 həmin mənzilə köçürülməsi, həmçinin cavabdehlər tərəfindən evdən istifadəyə edilən maneələrə qadağa qoyulması hissəsində də əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evdən istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin qadağan edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “ünvan 1 ünvanında yerləşən cavabdehlərə məxsus evdən istifadə hüququnun tanınması, azyaşlı uşağı xx xxxxxx 2019-cu il təvəllüdlü X3 ilə birlikdə həmin evə köçürülmələri, cavabdehlər tərəfindən evdən istifadəyə edilən maneələrə qadağa qoyulması və dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-212/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-212/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver