Məhkəmə qərarları › İş №2(075)-212/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-212/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-212/2024 18.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Quliyev Vüqar Şahbaz oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 150.000 (bir yüz əlli min) manat məbləğində əsas borc məbləğinin, 440 manat məbləğində dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə aylıq 3000 manat olmaqla xx.xx.2022-ci ilədək müddətə 150.000 ( bir yüz əlli min) manat borc pul vermişdir. 10 iyul 2018-ci il tarixli zaminlik müqaviləsinə görə Cavabdeh1 həmin müqavilə üzrə pulun qaytarılmasını zamin olaraq üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd edilən məbləğdə pulu borcalanın mülkiyyətinə verir və borcalan isə həmin puldan təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin bu müqavilə üzrə 150.000 manat borcunu qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və borcverən İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı 150.000 manat pulu 18 dekabr 2017-ci ildə vermiş və müqavilə şərtinə görə pul məbləğinin qaytarıldığı son tarix xx.xx.2022-ci ildir. Bununla belə müqavilə şərti pozularaq borcalan pulun ödənilməsinə heç bir təşəbbüs göstərməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən ona 150.000 manat dəyərində mebel əşyaları verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən o götürdüyü mebellərin dəyərinin əvəzi olaraq 5 il müddətində hər ay 3000 manat məbləğində pulu qarşı tərəfə qaytarmalı idi. İddiaçı 150000 manat məbləğində nəğd şəkildə pulu ona verdiyini qeyd etsə də, ondan nəğd şəkildə pul almamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; Bakı şəhəri 14 saylı notariat ofisində İddiaçı (borcverən) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin 1-ci və 2-ci bəndlərindən görünür ki, borcverən borcalana 150000 (bir yüz əlli min) manat məbləğində pulu borc verir və borcalan isə həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. 10 iyul 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 « İddiaçı qarşısındakı 18 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh2 tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli etiraz ərizısindən görünür ki, iddianı qəbul etmir. Hazırki tələblə məhkəməyə müraciət edərkən, prosessual qaydaları da pozmuşdur. Belə ki, iddiaçı pritenziya qaydalarına riayət etməmişdir. İddiaçı hazırki iddia tələbində aralarında bağlandığını iddia etdiyi müqaviləyə istinad etmişdir. Həmin müqavilənin 9 və 10-cu bəndlərinə konkret olaraq, aralarında mübahisə yarandığı halda həmin mübahisəni məhkəmədən öncə öz aralarında həll etməli olduğunu razılaşmışlar. Yəni, belə olan halda iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl həmin müqavilənin 9 və 10-cu bəndlərinə əsasən ona müraciət etməli idi. Yəni, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl pritenziya qaydasına riayət etməli idi. Göründüyü kimi hazırki iş üzrə iddiaçı aralarında bağlandığını iddia etdiyi həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsini, ondan da onun üzərinə düşən öhdəliyi icra etməməyini əsas göstərərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı həmin müqaviləyə istinad edərək ondan ona verilməli olan pul tələbinə dair məhkəmədə iddia qaldırmamışdan əvvəl aralarında yaranmış həmin borcun ona qaytarılması ilə bağlı mənə hər hansı bir bildiriş göndərməmişdir. Odur ki, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən o, cavabdehə 150000 (bir yüz əlli min) manat borc vermiş və həmin borcu bugünədək qaytarmamışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı 150000 (bir yüz əlli min) manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 verilməsini təsdiq edən sübutu, yəni notarial qaydada bağlanmış müqaviləni məhkəməyə təqdim etmişdir. Cavabdehlər isə iddiaçıya olan 150000 (bir yüz əlli min) manat borcunu və ya onun bir hissəsini qaytarması barədə sübutlarını məhkəməyə təqdim etməmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdehlər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 15000 (bir yüz əlli min) manat məbləğində pulu Cavabdeh2 borc kimi vermiş, Cavabdeh1 isə zaminlik müqaviləsinə əsasən İddiaçı qarşısında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlə birgə öhdəlik götürmüşdür. Lakin cavabdehlər öhdəliyin icrası müddətinin başa çatmasına baxmayaraq, müqavilə üzrə öhdəliklərini icra etməmişlər, borc kimi aldıqları pul məbləğini iddiaçıya qaytarmamışlar. Odur ki, iddiaçı cavabdehlərə borc kimi verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçı iddia ərizəsində Vəkil Burosuna hüquqi yardım ücün ödədiyi pulun cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etsə də, o Vəkil Bürosunun hesabına pulun ödənilməsini, ümumiyyətlə vəkilin göstərdiyi hüquqi yardımın məbləğinin neçə manat təşkil etməsinə dair hər-hansı bir sübutu (qəbz,arayış) təqdim etməmişdir. Odur ki, iddiaı həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 150000 (bir yüz əlli min) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 440 (dörd yüz qırx) manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150000 (bir yüz əlli min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 440 (dörd yüz qırx) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hisssədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar