Məhkəmə qərarları › İş №2(075)-2148/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2148/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2148/2021 23.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 807.55 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Lakin, Azərbaycan Respublikasının MPM-nin 284-4-cü maddəsi rəhbər tutularaq ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçı və cavabdehin adları, onların poçt ünvanları; 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılarkən tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh X2 poçt ünvanı olaraq ünvan 1mi qeydiyyatda olmaqla faktiki olaraq yaşaması barədə irəli sürdüyü dəlil iddiaçının tələbidir və iddiaçı həmin tələbini təsdiq edən sübutları ərizəyə əlavə etməlidir. İş materiallarına iddiaçı tərəfindən cavabdehin faktiki olaraq həmin ünvanda yaşaması ilə bağlı məlumat iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı tərəfindən işə əlavə edilmiş 09 mart 2021-ci il tarixli, 269029 saylı “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X4 həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilədə abonentin şəxsiyyətini təsdiq edən sənədin seriya nömrəsi göstərilsə də, həmin seriya nömrəsinin “Elektron Məhkəmə Sistemi”ndə yoxlanılması zamanı sözügedən seriya nömrəsinin X3 məxsus olmadığı müəyyən edilir. Hazırkı vəziyyətdə məhkəmə bu halı cavabdehin poçt ünvanı barədə məlumatın olmaması kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən cavabdehin yaşayış ünvanı ilə bağlı iddia ərizəsinə sübutlar əlavə edilmədən hazırkı tələbə baxılması mübahisənin çəkişmə prinsipi üzrə aparılmamasına səbəb ola bilər. Məhkəmə, həmçinin, bu xüsusatla bağlı qeyd edir ki, cavabdehin faktiki yaşadığı yer barədə məlumatın olmaması məhkəmə sənədlərinin rəsmi qaydada cavabdehə təqdim edilməsinin mümkünlüyünü şübhə altında qoyur. Buna görə də, iddiaçıya təklif olunur ki, gələcəkdə təkrar iddia qaldırarkən cavabdehin qeydiyyatda olduğu yer barədə Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) arayışını və ya şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə etsin. Odur ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı «borc» tələbinə dair ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı «borc» tələbinə dair ərizəsinin qəbul olunmasından imtina olunsun. İddiaçı "xxxx" ASC-yə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar