Məhkəmə qərarları › İş №2(075)-408/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-408/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-408/2021 16.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14500 manat pulun və 2000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 2019-cu ildə Abşeron rayonu ərazisində ev inşa edib satmaqla məşğul olurdu. 2019-cu ilin iyul ayında Cavabdeh onun ofisinə gələrək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sifarişlə yaşayış evi tikmək istədiyini bildirmişdir. O, da Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi ərazisində əvvəlcə torpaq sahəsi almaq lazım olduğunu, əgər istəyərsə həmin ərazidə torpaq sahəsi alaraq ona istədiyi ölçüdə və dizaynda ev inşa etdirə biləcəyini bildirmişdir. Bundan sonra o, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 1,8 sot torpaq sahəsi göstərmiş və cavabdeh həmin torpaq sahəsini bəyənərək ona qeyd edilən torpaq sahəsində 2 ədəd yataq otağı, 1 ədəd qonaq otağı, 1 ədəd mətbəx və 1 ədəd sanitar qovşağından ibarət, cəmi sahəsi 100 kvadrat metr olmaqla, 1 mərtəbəli evin tikilməsini sifariş vermişdir. Həmin evin torpaq sahəsi ilə birlikdə tikinti qiyməti 35000 manat təşkil etmişdir. Belə ki, həmin 35000 manatın 12000 manatı torpaq sahəsi üçün, 23000 manatı isə tikinti üçün nəzərdə tutulmuşdur. Aralarındakı razılığa əsasən Cavabdeh ona əvvəlcə 10500 manat ödəməli, ev 3 ay ərzində inşa edilib başa çatana kimi 19500 manat ödəməli və qalan 5000 manatı isə hər ay 500 manat olmaqla 10 ay müddətində ödəməli idi. Həmin ev emusiya vurulmuş vəziyyətdə cavabdehə təhvil verilməli idi, qalan işlər isə ona aid olmamışdır. Cavabdeh ona ilkin olaraq 10500 manat vermişdir. O, da bundan sonra göstərilən torpaq sahəsini alaraq üzərində verilən sifarişə uyğun ev inşa etmiş, evin suvaq işlərini başa çatdırıb, işıq və su sistemini çəkib qurtarmışdır. Lakin, evin tikintisi aparıldığı müddətdə Cavabdeh ona ödəniş etməmişdir. O, həmin evin damını quraşdırdıqdan sonra Cavabdeh ondan tikinti işlərinin dayandırılmasını tələb etmiş və tikinti işlərinə bir müddət sonra davam edəcəyini bildirmişdir. Həmçinin, cavabdehin əri qalan tikinti işlərini özünün görəcəyini bildirmişdir. Həmin vaxt Cavabdeh ona 14500 manat ödəməli idi. Çünki, Cavabdeh ona 10500 manat vermiş, halbuki torpaq sahəsinin alınmasına 12000 manat xərclənmişdir. Evin həmin yerə qədər tikintisinə isə 13000 manat xərc çəkilmişdir. Cavabdeh evin tikintisinə çəkilmiş 13000 manat və torpaq sahəsindən qalan 1500 manat olmaqla, cəmi 14500 manatı 10 gün müddətində ona ödənilməsinə söz versə də, müxtəlif bəhanələrlə bu günədək onun pulunu verməmişdir. Cavabdeh həmin hərəkətləri nəticəsində əsəb və stres keçirmiş, uzun müddət psixoloji gərginlik altında olmuş və nəticədə ona 2000 manat məbləğində mənəvi zərər dəymişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı 01 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında ailə vəziyyəti ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və onun iştirakı olmadan iddiaya baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, özünə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sifarişlə yaşayış evi tikdirmək məqsədi ilə mərhum əri Mehmanla Abşeron rayonu ərazisində fəaliyyət göstərən İddiaçı yaxınlaşmışdır. Beləliklə onunla İddiaçı arasında özünə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fərdi yaşayış evi inşa etdirmək məqsədi ilə 2019-cu ilin iyun ayında müqavilə bağlanmışdır. Aralarındakı müqaviləyə əsasən İddiaçı onlara Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 1,8 sot torpaq sahəsi almalı və üzərində 2 ədəd yataq otağı, 1 ədəd qonaq otağı, 1 ədəd mətbəx və 1 ədəd sanitar qovşağından ibarət, cəmi sahəsi 100 kvadrat metr olmaqla, 1 mərtəbəli evi tikərək təhvil verməli idi. O, da bununla bağlı iddiaçıya 30000 manat verməli idi və qalan 5000 manatı hər ay 500 manat olmaqla 10 aya ödəməli idi. Həmin 35000 manat pulun 12000 manatı torpaq sahəsinin alınması üçün, 23000 manatı isə tikinti üçün nəzərdə tutulmuşdur. İddiaçı ilə aralarında müqavilə bağlanarkən o, İddiaçı 6000 manat və inşa işləri gedərkən 7000 manat vermişdir. Bundan bir müddət sonra o, İddiaçı yenə də pul vermək məqsədi ilə oğluna məxsus “Mercedes” markalı avtomobili satmaq qərarına gəlmişdir. Həmin vaxt notariusa gedərkən İddiaçı ona həmin avtomobillə bağlı Çingizə etibarnamə verməsini, ona olan borcundan 16500 manatın silinməsini təklif etmişdir. Onlarda İddiaçı ilə razılaşaraq 16500 manat pulun borclarından çıxılacağının qarşılığında oğluna məxsus avtomobili etibarnamə əsasında İddiaçı bildirdiyi Çingizə vermişlər. Bundan sonra da iddiaçıya 1000 manat vermişdir. Lakin, evin dam örtüyünə çatdıqda İddiaçı gəlməmiş və məcbur olaraq evin dam örtüyünü özləri inşa etməli olmuşlar. Halbuki, aralarında bağlanmış müqaviləyə əsasən İddiaçı onlara çıxarışı olan və tam təmirli evi təhvil verməli idi. Lakin, İddiaçı aralarında bağlanmış müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməmişdir. Nəticədə iddiaçının icra etməli olduğu işlərin bir qismini özü icra etməklə o, əlavə ziyana düşmüşdür. Buna görə də İddiaçı iddiasını qəbul etmir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, 2016cı ildən İddiaçı ilə birlikdə işləmişdir. Onun işi reklam yerləşdirməkdən ibarət olmuşdur. Cavabdeh da onların müştərisi olmuşdur. Cavabdeh özünə Abşeron rayonu ərazisində ev tikdirmək istəyirdi. Buna görə də Cavabdeh ilə İddiaçı birlikdə torpaq sahəsinə baxmışlar və Cavabdeh torpaq sahəsini bəyəndikdən sonra onlar arasında 100 kvadrat metr sahəsi olan evin tikintisi məqsədi ilə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı 100 kvadrat metr sahəsi olan evi inşa edərək Cavabdeh təhvil erməli idi. Həmin işlər 3-5 ay müddətində yekunlaşdırılmalı idi. Müqavilə bağlanandan sonra evin bünörəsi qazılmışdı. Əvvəlki kürsü 5 daş hündürlüyündə olsa da, Cavabdeh kürsünün 8 daş hündürlüyündə olmasını tələb etmiş və Cavabdeh tələbi ilə kürsü 8 daş hündürlüyündə olmuşdur. Həmçinin, smetada 1 kəmərin fırlanması nəzərdə tutulsa da, Cavabdeh tələbi ilə kəmər 2 yerdən fırlanmışdır. Həmin vaxt Cavabdeh smeta şərtlərini dəyişdirəndə, bunu nəzərə alacağını bildirirdi. Evin dam örtüyünü də Elmir vurdurmuşdur. Həmin vaxt Cavabdeh dam örtüyü üçün çerepicza vurulmasını istədiyi üçün evin dam örtüyü də çerepicsadan vurulmuşdur. Cavabdeh 10500 manat pulu ofisdə onların yanında Elmirə vermişdir. Lakin, Cavabdeh onlara başqa məbləğdə pul verməmişdir. Onun avtomobil məsələsindən məlumat yoxdur. Həmin evin inşa edildiyi torpaq sahəsi isə 12000 manata alınmışdır. O, tərəflərin danışıqlarının əksəriyyətində iştirak etmişdir. Elmir Nəzakətin ona 10500 manatdan sonra pul vermədiyini deyirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, 2019cı ildən İddiaçınin ofisində işləyir. Onun işi tikinti aparılan ərazilərə nəzarət etmək olmuşdur. O, Cavabdeh inşa edilən tikiliyə də nəzarət etmişdir. Belə ki, Elmir Cavabdeh üçün 1,8 sot torpaq sahəsində ev inşa etdirirdi. Bununla bağlı Elmirlə Nəzakət arasında müqavilə bağlanmışdır. Nəzakətin Elmirə 10500 manat pul verməsini eşitsə də, qalan pulun verilməsini eşitməmişdir. Lakin, inşa edilməli ev torpaq sahəsi ilə birlikdə 35000 manata razılaşdırılmışdır. Həmin evin tikintisi başa çatanadək 19500 manat da Nəzakət tərəfindən Elmirə ödənilməli, qalan 5000 manat isə hər ay 500 manat olmaqla 10 aya ödənilməli idi. Lakin, sonradan Cavabdeh tikintini dayandırmışdır. Həmin vaxt Elmirlə Nəzakətin ərinin arasında söz-söhbət yaranmışdır. Həmin evin dam örtüyü və şkaturu Elmir tərəfindən aparılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Mehman Əhmədov adlı şəxsi tanıyır. Mehman Nəzakətin əri idi və hazırda Mehman vəfat etmişdir. Mehman da onun evlərinin yanında kirayədə qalırdı. Mehman özünə məxsus avtomobili satırdı. O, Sənanla yaşadıqları yerdə dayanmışdılar. Bu hadisə təxminən, 2019cu ilin yay aylarında olmuşdur. Mehman həmin vaxt Sənana avtomobilini satmaq üçün notariusa getdiyini bildirmiş və arxasınca gələrək onu geri qaytarmasını xahiş etmişdir. Buna görə də onlar Mehmanla dal-qabaq Xırdalan şəhərində yerləşən notariusa getmişlər. Notariusun qarşısında tikniti işləri ilə məşğul olan şəxs Elmir və Çingiz var idi. Mehmanın avtomobilini Çingiz almalı idi. Həmin vaxt Mehman Çingizlə avtomobili 16500 manata razılaşmışlar. Çingiz tərəfindən də Mehmana veriləsi pul Mehmangil üçün inşa edilən evlə bağlı Elmirə verilmişdir. Mehman da notariusda Çingizə avtomobili satması üçün etibarnamə vermişdir. Yəni, Mehmanın avtomobilinin pulu Elmirə çatmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Mehman dayı ilə Qurtuluşda bir yerdə qalmışlar və Mehman dayını oradan tanımışdır. Mehman dayı Nəzakətin əridir. Hazırda Mehman dayı vəfat etmişdir. Mehman özünə məxsus avtomobili satırdı. O, 2019-cu ilin sentyabr ayında Kərəm adlı tanışı ilə yaşadıqları yerdə dayandıqları vaxt Mehman dayı ona avtomobilini satmaq üçün notariusa getdiyini bildirmiş və arxasınca gələrək onu geri qaytarmasını xahiş etmişdir. Buna görə də onlar Mehmanla dal-qabaq Xırdalan şəhərində yerləşən notariusa getmişlər. Notariusun qarşısında tikniti işləri ilə məşğul olan şəxs Elmir və Çingiz var idi. Mehman dayının avtomobilini Çingiz almalı idi. Həmin vaxt Mehman dayı Çingizlə avtomobili 16500 manata razılaşmışlar. Çingiz tərəfindən də Mehman dayıya veriləsi pul Elmirə verilmişdir. Mehman dayı da notariusda Çingizə avtomobili satması üçün etibarnamə vermişdir. Yəni, Mehman dayının avtomobilinin pulu Elmirə çatmışdır. O, özü də həmin ərazidə ev almaq məqsədi ilə Mehman dayı ilə məsləhətləşdikdə, Mehman dayı ona həmn yerdə ev almasını məsləhət görməmiş və özünün də aldadıldığını bildirmişdir. Həmin vaxt Mehman dayı ona evini inşa edən şəxslərin onun evinin damını inşa etmədən, ümumiyyətlə evi ona aralarındakı razılıq üzrə tam təmirli vəziyyətdə təhvil vermədən qoyub getdiklərini, evin qalan hissəsini öz hesabına təmir etdiyini bildirmişdir. İşdə olan sifarişçi qismində Cavabdeh ilə podratçı qismində İddiaçı arasında bağlanmış 02 iyul 2019-cu il tarixli 03 nömrəli podrat müqaviləsinin 1.1-ci maddəsindən görünür ki, həmin müqaviləyə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı İddiaçı xidmətlər və işlər görməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü maddəsinə əsasən podratçı fərdi yaşayış evini vaxtında təhvil verməlidir. Həmin müqavilənin 3.1.1-ci maddəsinə əsasən ümumi mənzilin sahəsi 100 kvadrat metr, 2 yataq otağı, 1 zal, 1 mətbəx və sanitar qovşaqdan ibarətdir. Mənzilin (torpaqla birlikdə) qiyməti 35000 manat təşkil edir. İlkin beh 10500 manat təşkil edir. Mənzil bitənə qədər ödəniş 30000 manat, qalan 5000 manat ödəniş aylıq 500 manat olmaq şərti ilə 10 aya ödənilir. 12000 manat torpaq üçün ödəniş olunur. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən iki ay ərzində mənzil təhvil verilməkdədir. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən mənzil 3 ay müddətində tam təhvil verilir. İşdə olan 19 iyun 2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh torpaq sahəsi üçün 6000 manat ödəmişdir. İşdə olan 25 sentyabr 2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh mənzil tikintisi üçün 7000 manatı İddiaçı ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş hesab olunur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi Bakı şəhəri, Abşeron rayonu ərazisində ümumi mənzilin sahəsi 100 kvadrat metr, 2 yataq otağı, 1 zal, 1 mətbəx və sanitar qovşaqdan ibarət mənzilin tikintisi ilə bağlı sifarişçi qismində Cavabdeh ilə podratçı qismində İddiaçı arasında 02 iyul 2019cu il tarixli 03 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı İddiaçı xidmətlər və işlər görməyi öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, podratçı fərdi yaşayış evini vaxtında təhvil verməyi, iki ay ərzində mənzilin təhvil verilmək vəziyyətində olmasını və mənzili 3 ay müddətində tam təhvil verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh isə mənzilin (torpaqla birlikdə) qiyməti olan 35000 manatın ilkin beh olaraq 10500 manatını ödəməyi, mənzil bitənə qədər cəmi 30000 manatı yerdə qalan 5000 manatı isə aylıq 500 manat olmaq şərti ilə 10 aya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ilkin olaraq 6000 manat və 7000 manat olmaqla, 13000 manatın nəğd şəkildə ödənilməsi barədə məhkəməyə qəbzlər təqdim edilsə də, İddiaçı Cavabdeh tərəfindən ona 10500 manat ödənildiyini bildirmişdir. İlkin olaraq ödənilmiş məbləğlərlə bağlı tərəflər arasında mübahisə olsa da, İddiaçı öz izahatı ilə Cavabdeh aralarında bağlanmış müqavilə üzrə öz üzərinə düşən ilkin öhdəlikləri yerinə yetirdiyi müəyyən edilir. Lakin, İddiaçı öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və aralarında bağlanmış podrat müqaviləsinə əsasən 100 kvadrat metr, 2 yataq otağı, 1 zal, 1 mətbəx və sanitar qovşaqdan ibarət mənzili tam inşa edərək 3 ay müddətində Cavabdeh təhvil verməmiş, bununla da aralarında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı bunun əksini təsdiq edəcək hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçının iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərlə evin taxtasının, suvağının, emusiyasının vurulmadığı, ümumiyyətlə evin aralarında bağlanmış müqavilədə nəzərdə tutulan şəkildə tam hazır vəziyyətə gətirilmədiyi müəyyən edilir. Göründüyü kimi İddiaçı aralarında bağlanmış podrat müqaviləsi üzrə 100 kvadrat metr, 2 yataq otağı, 1 zal, 1 mətbəx və sanitar qovşaqdan ibarət mənzili inşa edərək təhvil verməsi üçün Cavabdeh əvvəlcədən beh alması, razılaşdırılmış işin müəyyən hissəsini icra etməsinə baxmayaraq sifarişin tam başa çatdırılmasını təmin etməmişdir. Həmçinin, məhkəmə iclası zamanı razılaşdırılmış işin tam başa çatdırılmaması İddiaçı özünün izahatı ilə də təsdiq edilmişdir. Lakin qanunvericiliyin tələbinə görə podratda muzdun hissə-hissə ödənişinin nəzərdə tutulduğu hallarda sifarişçinin podratçının muzdunu işin yerinə yetirilməsindən sonra ödəməsi qeyd edildiyindən İddiaçı ötən müddət ərzində razılaşdırılmış işi başa çatdırmalı olmuşdur. Beləliklə də İddiaçı tərəfindən işin qalan hissəsinin icrasından imtina edilmişdir. Həmçinin İddiaçı Cavabdeh ona ödədiyi pul müqabilində işin müəyyən hissəsini icra etsə də, razılaşdırılmış iş başa çatmadığından, cavabdehin iddiaçı ilə razılıq əldə edərkən nail olunmasına cəhd etdiyi evin 3 ay müddətində tikilərək tam vəziyyətdə ona təhvil verilməsi təmin edilməmişdir. Bu baxımdan Cavabdeh İddiaçı ilə razılıq əldə edərkən nail olunmasına çalışdığı nəticəni İddiaçı öz öhdəliyini icra etməməsi səbəbindən əldə edə bilməmişdir. Həmçinin, iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin evlə bağlı ona cəmi 10500 manat pul verdiyini bildirsə də, məhkəmə iclası zamanı iddiaçının və dindirilmiş şahidlərin ifadələri ilə aralarında bağlanmış müqavilə üzrə inşa edilərək təhvil verilməli olan evlə bağlı Cavabdeh tərəfindən İddiaçı naturada ödəniş, yəni İddiaçı dəyərini aldığı şəxsə “Mercedes” markalı avtomobil təqdim edilməklə onun adına həmin avtomobillə bağlı etibarnamə verilməsi, həmçinin, 6000 və 7000 manat şəklində pul ödənişi edilməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə İddiaçı öz öhdəliklərini icra etmədiyi podrat müqaviləsi üzrə Cavabdeh 14500 manat pulun və 2000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə iddiasını əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 14500 manat pulun və 2000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməməlidir. İddiaçı məcburi köçkün olduğuna görə iddia ərizəsi ilə bağlı dövlət rüsumu ödəməkdən azad olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 14500 manat pulun və 2000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-288/2018 16 aprel 2021-ci il İddiaçı: İddiaçı (Füzuli şəhəri, XX Qurultayi küçəsi ev 17) (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hüseynov küçəsi, döngə 2, ev 2, mənzil 32) Cavabdeh: Cavabdeh (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 31) Şəki Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2 (075)-288/2018 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 04 vərəqə, 07 səhifə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar