Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-463/2021 13.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi zərər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1089 manat və dövlət büdcəsinə ödədiyi 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:30 radələrində özünə məxsus “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil ilə Yevlax-Gürcüstan yolunun 44-cü km-liyində Şəki rayonu Göybulaq kəndinin qarşısından keçən zaman qəflətən qarşısına bir baş inək qaçmış, inəyin maşınına çırpılması nəticəsində maşını yararsız vəziyyətə düşmüşdür. Bundan sonra o, Şəki şəhərrayon Polis Şöbəsinə zəng vurmuşdur. Hadisə yerinə patrul əməkdaşları gəlmişdir. Daha sonra ərazinin “Sübhan” adlı icra nümayəndəsinə müraciət etmişdir ki, inəyin sahibinin tapılmasına kömək etsin. Heyvanın sahibi çıxmadığına görə o, heyvana tibbi yardım göstərmək məqsədilə cibindən 60 manat pul verərək maşın tutub aparmışdır. Baytar xidmətinə görə də 20 manat pul xərcləmiş və heyvan sahibi tapılan kimi ona təhvil vermişdir. Bütün olanların nəticəsində ona 1089 manat zərər dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin gün mal növbəsində Cavabdeh1 adlı şəxs olmuşdur. Cavabdeh1 mal-qaranı nəzarətsiz qoymuş və heç heyvanları güdməmişdir. O, Cavabdeh2 və Cavabdeh1 1089 manat dəymiş ziyanın ödənilməsini tələb etsə də, onlar ziyanı ödəməkdən imtina etmişlər. Beləliklə, hüquqları tamamilə kobud şəkildə pozulmuş və cavabdehlər göstərilən pulu könüllü olaraq ona qaytarmaq istəməmişlər. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, Şəki rayonu Göybulaq kəndində yaşayır. Kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. xx xxxxxx 2020-ci il tarixdə naxıra nəzarət etmək ona həvalə edilmişdir. Lakin həmin gün işi olduğundan naxıra gedə bilməmiş, naxırçıya 30 manat pul verərək ona əvəz etməsini xahiş etmişdir. Sonradan həmin gün naxırda bir neçə heyvanı maşın vurduğunu eşitmişdir. Həmin gün naxırda olmadığından hesab edir ki, onun heç bir təqsiri yoxdur. Bütün təqsir iddiaçıdadır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, Şəki rayonu Göybulaq kəndində yaşayır. Kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. xx xxxxxx 2020-ci il tarixdə naxıra nəzarət etmək digər Cavabdeh1 həvalə edilmişdir. Lakin Cavabdeh1 səhlənkarlığı nəticəsində ona məxsus bir baş inəyi İddiaçı özünə məxsus “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil ilə vurmuşdur. Hadisədən 4-5 gün sonra inək ölmüş, ona 1000 manat ziyan dəymişdir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 səhlənkarlığı nəticəsində həmkəndliləri X3 və X1 məxsus inəklər də ölmüşdür. Məhkəmə mülki proses tərəflərinin izahatlarını, şahidin ifadəsini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə Cavabdeh2 vəsatəti ilə şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, həqiqətən də Şəki rayonu Göybulaq kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. xx xxxxxx 2020-ci il tarixdə naxıra nəzarət etmək Cavabdeh1 həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: “xxxx” MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş aktın təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir xxxx TXS-in ustasi – Aqamoqlanov R., usta – Tağiyev R. və usta – Əliyev E. həmin aktı tərtib etmişlər ona görə ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nin 5-ci Tağım İdarəsinin sorğusu əsasinda HYUNDAİ ACCENT markalı, **-BH-*** dövlət nömrə nişanlı, buraxılışı 2006-cı il olan avtomobilə texniki baxış keçirərkən müəyyən etmişlər ki, yol qəza hadisəsi nəticəsində avtomobilin qabaq sağ farası, sağ qanadı, sağ yan göstəricisi və sağ güzgünün obşivkası yararsız hala düşmüşdür və dəyişilməlidir. Zərbə zamanı qabaq bamper zədə almışdır, təmir olunmalıdır. Dəyişməli olan hissələrin köməkçi materiallarla birlikdə qiyməti 648(altı yüz qırx səkkiz) manat dəyərindədir. Avtomobilin bərpası üçün xidmət haqqı 361 (üç yüz altmiş bir) manat olmaqla, dəymiş ziyanın yekun miqdarı 1009 (bir min doqquz) manat olduğu məlum olur. xx xxxxxx 2020-ci il tarixli, 198 saylı “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, İddiaçı həmin gün ayıq olmuşdur. 01 (bir) ədəd videodiskdən görünür ki, hadisə günün qaranlıq vaxtı baş vermişdir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:30 radələrində özünə məxsus “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil ilə Yevlax-Gürcüstan yolunun 44-cü km-liyində Cavabdeh2 məxsus bir baş inəyi vurmuşdur. Hadisə nəticəsində avtomobilə 1009 manat maddi ziyan dəymiş, hadisədən bir neçə gün sonra inək ölmüşdür. Həmin gün naxıra nəzarət etmək Cavabdeh1 tapşırılmışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh2 onun malının tələf olduğunu, digər Cavabdeh1 isə həmin gün naxıra çıxa bilmədiyini və müəyyən ödəniş əvəzində başqa şəxsin çıxdığını bildirərək iddianı qəbul etmirlər. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Göründüyü kimi İddiaçı xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:30 radələrində özünə məxsus “Hyundai Accent” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobillə Yevlax-Gürcüstan yolunun 44-cü km-liyində vurduğu bir baş inək Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi, yəni Cavabdeh2 öz heyvanının İddiaçı vurduğu zərərin əvəzini ödəməyə borcludur. İddiaçının avtomobilinə dəymiş ziyan “xxxx” MMC tərəfindən 1009 manat müəyyən edilmişdir. Buna görə də Cavabdeh2 törətmiş olduğu mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı əmlakına vurulmuş zərərin əvəzi, yəni 1009 manat onun tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı 60 manat pul verərək maşın tutub inəyi apardığını və baytar xidmətinə görə 20 manat pul xərclədiyini bildirsə də məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdehlər tərəfin üzərinə düşür. İddiaçı ona 1089 manat maddi ziyan vurulduğunu bildirsə də, məhkəmə iclasında ona 1009 manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən isə ona əlavə 80 manat da maddi ziyan vurulmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia Cavabdeh1 aid və qalan hissədə əsaslı deyildir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1009 (bir min doqquz) manat pul alınaraq İddiaçı verilməlidir. Əsassız olduğundan iddia tələbinin maddi ziyan hissəsi Cavabdeh1 aid və qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçının özünə aid edilməklə, 25 (iyirmi beş) manatı Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh2 1009 (bir min doqquz) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçının özünə aid edilməklə, 25 (iyirmi beş) manatı Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia Cavabdeh1 aid və qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-463/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-463/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver