Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-490/2021 17.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 Xırdalan şəhəri, Heydər Əliyev prospekti 39A ünvanında yerləşən “Gözəl evim” mebel mağazasından qonaq otağı, yataq otağı dəstləri və divan almaq üçün xx xxxxxx 2020-ci il tarixdə ilkin olaraq 2000 manat məbləğində pul ödənişi etmiş və cavabdeh mebelləri bir ay ərzində təhvil verəndən sonra 1090 manat ödəməli olmuşdur. Özü Azərbaycan ordusunun zabitidir. Vətən Müharibəsi başladığı üçün döyüş əməliyyatlarına qatılmış və bu işi həyat yoldaşına həvalə etmişdir. O olmadığı müddət ərzində cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, sonuncu isə öz növbəsində vaxtı uzadaraq onları aldatmışdır. Həyat yoldaşı pulu geri almaq üçün mağazaya getdikdə artıq mağazanın bağlandığını görmüş, cavabdehi axtarmış, lakin tapa bilməmiş və heç bir şəkildə onunla əlaqə qura bilməmişdir. Bununla əlaqədar Abşeron Rayon Polis idarəsinə müraciət etmiş və məsələnin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı “Gözəl evim” mebel mağazasından (VÖEN **********) sifariş etdiyi 5 adda mebel əşyasının ümumi dəyəri 3090 manatdır. 2000 manat beh olaraq ödənilmişdir. Sözügedən qaimə-faktura “Gözəl evim” mebel mağazasının sahibi Cavabdeh imzası ilə təsdiq edilmiş və möhürlənmişdir. İşdə olan Abşeron ROİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Şahkərəmov Rövşən Əli oğlunun xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh ilə mebel əşyaları üçün 3090 manata razılaşmış, 2000 manat beh vermişdir. Lakin sonuncu bugünədək mebel əşyalarını təhvil verməmiş və ya pulu qaytarmamışdır. Araşdırma zamanı cavabdehin yerini müəyyən etmək mümkün olmamış, cinayət işinin başlanması rədd edilərək şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı özünə məxsus mağazada yerləşən 3090 manat dəyərindəki mebel əşyaları üçün 2000 manat beh almış, lakin bugünədək nə pulu qaytarmış, nə də mebelləri təhvil vermişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə “Gözəl evim” mebel mağazasının (VÖEN **********) sahibi Cavabdeh möhürü və imzası ilə təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli qaiməfakturaya hüquqi qiymət verərək, onu borcun etirafı kimi qəbul edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 2230 (iki min iki yüz otuz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-490/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-490/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver