Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-531/2021 10.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdehlər Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X1, Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Nümayəndə, 4 saylı Ərazi Hesablaşma Mərkəzinin nümayəndəsi X6 oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbi, Şəki Şəhər Təhsil Şöbəsi və 4 saylı Ərazi X2rşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla direktor və Təhsil Şöbəsi tərəfindən bağlanan müddətsiz müqavilənin şərtləri kobud surətdə pozulduğundan, diaqnostik qiymətləndirməyə buraxılmadığına görə ona dəyən 2000 manat maddi ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 1984-cü ildə V.İ.Lenin adına APİ-ni bitirmişdir. Həmin ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbdə əmək fəaliyyətinə başlamışdır. 2003-cü ildən həmin məktəbdə məktəb praktik psixoloqu və müəllim kimi fəaliyyətini davam etdirmişdir. Bir sözlə, 1984-cü ildən bu ilə qədər Baş Göynük kənd 1 saylı tam orta məktəbdə fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ilin may ayında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2015-ci il tarixli, 994 nömrəli əmrinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər diaqnostik qiymətləndirməyə cəlb olunmuşlar. Müəllimlərin sənədləri diaqnostik qiymətləndirməyə hazırlanarkən elektron sənədə diqqət yetirilməmiş, bu səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Halbuki 37 ildir ki, Baş Göynük kənd 1 saylı kənd tam orta məktəbdə müddətsiz müqavilə əsasında müəllim və 2003-cü ildən müddətsiz müqavilə əsasında müəllim-psixoloq kimi əmək fəaliyyətini davam etdirir. Təhsil Nazirliyinin xx xxxxxx 2017-ci il tarixli, 236/1 saylı əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində müəllimlərin və ümumtəhsil fənlərini tədris edən digər pedaqoji heyətinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” nəzərdə tutulmuşdur. O, yenidən 2018-ci ilin may ayında keçirilən növbəti müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün Şəki şəhər Təhsil Şöbəsinə müraciət etmişdir. Yenə də bu diaqnostik qiymətləndirməyə buraxılmamaq cavabını almışdır. Bu müraciətdən sonra o, xx xxx 2018-ci ildə sabiq Təhsil Naziri cənab Ceyhun Bayramova elektron ərizə ilə müraciət etmişdir. Elektron müraciətin cavabını Təhsil Şöbəsinə və məktəb direktoruna vermişdir. Yenə də onun sənədlərini hazırlayıb bu diaqnostik qiymətləndirməyə göndərməmişlər. Təhsil Nazirliyinin cavabında göstərilmişdir ki, əsas iş yeri olaraq müddətsiz müqavilə əsasında işləyən müəllimlər diaqnostik qiymətləndirməyə cəlb olunurlar. Elekton müraciətdən alınan cavabı yenidən Şəki Şəhər Təhsil Şöbəsinə vermiş və nəticəsi olmadığına görə Təhsil Nazirinə yenidən teleqram vurmuşdur. Bu teleqrama görə Şəki Şəhər Təhsil Şöbəsinə cavab vermək üçün sorğu göndərmişlər. Şəki Şəhər Təhsil Şöbəsi və məktəb direktoru Təhsil Nazirliyinə sorğuya cavab olaraq bildirmişlər ki, guya onun əsas iş yeri olaraq müəllim vəzifəsində çalışmadığı üçün diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Təhsil Nazirliyinin xx xxxxxxx 2019-cu ildə ona ünvanladığı məktubun cavabı ünvan 1 saylı tam orta məktəb tərəfindən verilən cavab əsasında hazırlanmışdır. 2019-cu ilin dekabr ayında keçirilmiş psixoloqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş və diaqnostik qiymətləndirmədən keçmişdir. Təhsil Şöbəsi və məktəb direktoru ona bildirmişlər ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etsə, diaqnostik qiymətləndirmə ilə eyni səviyyədə olacaq. O müəllimlərin işə qəbulu imtahanına sənəd vermək istəsə də sənədləri qəbul edilməmiş, Dövlət İmtahan Mərkəzindən MİQ imtahanının iş yeri olan, işləyən müəllimlərə aid olmadığı bildirilmişdir. Tədris etdiyi dərs üzrə diaqnostik qiymətləndirmədən keçmədiyi üçün aşağı dərəcə ilə maaş alır. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı 2018-ci ilin yanvar ayından 18 saat dərs yükünə görə 595 manat hesablanır. O, 6 saat dərs tədris edir və həmin dərs yükünə görə 115 manat əmək haqqı alır. 2018-ci ilin yanvar ayından bu vaxta qədər diaqnostik qiymətləndirməyə buraxılmadığına görə 6 saat dərs yükü üçün ona 2000 manat maddi ziyan dəymişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, müəllim kimi iki dəfə diaqnostik qiymətləndirmədən keçmək şansı yaransa da, bilərəkdən və ya bilməyərəkdən imtahana göndərilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbinin direktoru X3 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı 1984-cü ildən Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbdə əmək fəaliyyətinə başlamışdır. 2003cü ildə həmin məktəbdə müvəqqəti psixoloq təyin edilmişdir. 2007-2008-ci illərdə istehsalatdan ayrılmaqla AMİ-də psixoloq əlavə ixtisasına yiyələnmişdir. 2008-ci ildən həm psixoloq, həm də əmək təlimi müəllimi kimi müddətsiz əmək müqaviləsi ilə fəaliyyətini davam etdirmişdir. 2015-ci ildən ölkədə diaqnostik qiymətləndirmələr başlanılmışdır. 2017ci ildə bölgədə diaqnostik qiymətləndirmələr aparılarkən həmin qiymətləndirmələrin aparılma qaydalarında nəzərdə tutulmuşdur ki, vəzifəli şəxslər (direktor, direktorun müavini, psixoloq, uşaq birliyinin rəhbəri və s.) diaqnostik qiymətləndirməyə buraxılmır. Həmin qaydalara görə yuxarıda qeyd olunan vəzifəli şəxslər vəzifəsindən azad olunaraq diaqnostik qiymətləndirməyə buraxıla bilərlər. Odur ki, o özü də bir direktor kimi diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. İddiaçının qeyd etdiyi kimi sənədlərin Təhsil Nazirliyinə göndərilməməsi və ya natamam göndərilməsi ilə bağlı onu qeyd edir ki, o və ya məktəbin digər vəzifəli şəxsi məktəbdə işləyən heç bir şəxsin (diaqnostik qiymətləndirmədə iştirak edən və ya etməyən) sənədini heç bir yerə aparmamışlar. Qiymətləndirmə qaydaların təsdiq edildikdən bir neçə ay sonra məktəbdə işləyən bütün şəxslərin sənədləri elektron qaydada Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tələb edilmiş və elektron qaydada Təhsil Nazirliyinə göndərilmişdir. Bundan sonra Təhsil Nazirliyi tərəfindən sənədlərə baxılaraq diaqnostik qiymətləndirmədə iştirak edəcək şəxslərin siyahısı Şəki Şəhər Təhsil Şöbəsinə, oradan da müvafiq məktəblərə göndərilmişdir. Yəni burada hər hansı insan faktoru rol oynamamışdır. Bundan başqa İddiaçı MİQ imtahanında iştirak edərək qiymətləndirmədən keçə bilər. Hansı ki, MİQ imtahanı diaqnostik qiymətləndirməyə bərabər tutulur. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ştat üzrə psixoloqdur. Şəki rayonunda fəaliyyət göstərən 96 tam orta məktəbin 71-də psixoloq ştatı mövcuddur. 2015ci ildən diaqnostik qiymətləndirmələr aparılmağa başlamışdır. Həmin diaqnostik qiymətləndirmədə bir nəfər də olsun psixoloq iştirak etməmişdir. Belə ki, diaqnostik qiymətləndirmə üzrə Təhsil Nazirliyi tərəfindən yaradılmış elektron sistem mövcuddur ki, həmin sistemdə vəzifəli şəxslərin adları daxil edilərkən sistem onları qəbul etmir. Həmin vəzifəli şəxslər yalnız MİQ imtahanında iştirak etdikdən, lazımi keçid balını topladıqdan və məktəbdə dərs bölgüsü zamanı ştat üzrə müəllim kimi fəaliyyət göstərən şəxslərin dərs saatı 18 saatı keçdikdən sonra onlara dərs yükü verilə bilər. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh 4 saylı Ərazi Hesablaşma Mərkəzinin nümayəndəsi X4 iddianı qəbul etməyərək göstərdi ki, ölkədə diaqnostik qiymətləndirmə müəllimlər üçün nəzərdə tutulmuşdur. İddiaçı müəllim yox, psixoloqdur. Yəni məktəblərin tarifləşmə cədvəlində müəllim kimi deyil, məktəbin vəzifəli şəxsi – psixoloq kimi qeyd olunur. Belə ki, dərs saatı məktəbdə fəaliyyət göstərən müəllimlər arasında bölüşdürüldükdən sonra əgər əlavə dərs saatı qalarsa, həmin vəzifəli şəxslər (direktor, direktorun müavini, psixoloq və s.) dərs deyə bilər. Hazırda iddiaçı əlavə olaraq müəllim kimi fəaliyyət göstərsə də, yeni tədris ilində dərs saatı olmadığı təqdirdə məktəb ona dərs verməyəcək. Bundan başqa ölkədə də heç bir vəzifəli şəxs (direktor, direktorun müavini, psixoloq, uşaq birliyinin rəhbəri, katibə və s.) diaqnotik qiymətləndirməyə buraxılmayıb. Çünki həmin şəxslərin diaqnostik qiymətləndirməsi ayrıca aparılır. Əlavə olaraq bildirdi ki, diaqnostik qiymətləndirmələr birbaşa Təhsil Nazirliyi tərəfindən aparılmışdır. Həmin imtahanlarda hazırkı iş üzrə cavabdehlərin heç bir müdaxiləsi, birbaşa və ya bilavasitə iştirakı olmamışdır. İddiaçının hər hansı etirazı varsa, bu etirazını Təhsil Nazirliyinə edə bilər. Bundan başqa əmək haqqına əlavələr ancaq diaqnostik qiymətləndirmələrdə iştirak edən müəllimlərə aid edilir. Odur ki, iddiaçının əmək haqqına əlavələr haqlı olaraq aparılmır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, Ə-10495/1024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş ərizəsinə (xx.xx.2019-cu il tarixli, Ə-10495 nömrəli) baxılmışdır. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və xüsusi tipli ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, ixtisas üzrə tədris apardığı təqdirdə direktor, direktor müavinləri, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluqçusu və metodist vəzifələrində çalışanlar diaqnostik qiymətləndirmədə iştirak edə bilər. İddiaçı əsas iş yeri üzrə müəllim vəzifəsində çalışmadığı üçün onun müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakını təmin olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 4.6-cı bəndinə əsasən müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız Müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində o şəxslər iştirak edə bilər ki, onlar müddətsiz müqavilə əsasında ümumi təhsil müəssisələrində və ilk peşəixtisas təhsili müəssisələrində müəllim vəzifəsində işləyirlər. Bundan əlavə, ümumi təhsil müəssisələrinin direktor, direktor müavini və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də qiymətləndirilmədə iştirak edirlər. Təhsili yerliidarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində işləyənlərin də qiymətləndirilmədə iştirakına icazə verilib. Lakin İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində psixoloq vəzifəsində çalışır. Ona əlavə olaraq dərs saatının verilməsi onun müəllim vəzifəsində çalışmasına və diaqnostik qiymətləndirilməyə buraxılmasına dəlalət etmir. Odur ki, İddiaçı haqlı olaraq bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün buraxılmamış, ştat üzrə psixoloq kimi fəaliyyət göstərdiyindən onun diaqnostik qiymətləndirmədə iştirakı təmin edilməmişdir. İddiaçı onunla direktor və Təhsil Şöbəsi tərəfindən bağlanan müddətsiz müqavilənin şərtləri kobud surətdə pozulduğundan, diaqnostik qiymətləndirməyə buraxılmadığına görə ona dəyən 2000 manat maddi ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etməsinə baxmayaraq, cavabdehlərin qanunsuz hərəkətlərinin nədən ibarət olması, diaqnostik qiymətləndirməyə buraxılmalı olduğu halda cavabdehlər tərəfindən qəsdən iştirakının təmin edilməməsi ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı 2019-cu ildə yenidən Təhsil Nazirliyinə şəxsən sənədlərini təqdim edərək diaqnostik qiymətləndirməyə buraxılmasını xahiş etsə də, rədd cavabı almışdır. Beləliklə, iddiaçının tələbinin heç bir qanuni və hüquqi əsası yoxdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbi, Şəki Şəhər Təhsil Şöbəsi və 4 saylı Ərazi X2rşı «maddi ziyan» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbi, Şəki Şəhər Təhsil Şöbəsi və 4 saylı Ərazi X2rşı «onunla direktor və Təhsil Şöbəsi tərəfindən bağlanan müddətsiz müqavilənin şərtləri kobud surətdə pozulduğundan, diaqnostik qiymətləndirməyə buraxılmadığına görə ona dəyən 2000 manat maddi ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-531/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-531/2021
10.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver