Məhkəmə qərarları › İş №2(075)-546/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-546/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-546/2020 04.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan alınmış 6016 (altı min on altı) manat borc pulun və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahat verərək göstərdi ki, əvvəllər Şəki rayon məhkəməsində məhkəmə iclas katibi işləmiş, lakin sonradan işindən aralanmışdır. Bundan sonra uzun müddətdir ki, Şəki şəhəridə kirayə yer tutaraq nümayəndəlik fəaliyyəti ilə məşğul olmuşdur. Ofisi Şəki əşərində yerləşsə də digər yaxın rayon məhkəmələrində də vətəndaşlara hüquqi yardım göstərmişdir. Bildirdi ki, Cavabdeh xeyli vaxtdır ki, tanıyır. Cavabdeh əvvəllər Şəki İnzibati-İqtisad Məhkəməsində məhkəmə iclas katibi işləmiş, lakin 2017-ci il tarixdə işindən ayrılmışdır. Cavabdeh işindən ayrıldıqdan sonra onunla eyni otaqda nümayəndəliklə məşğul olmuşlar. Cavabdehlə bir otaqda işlədiyi müddət ərzində, o, özünü ona çox yaxşı kimi göstərmiş və bununla da onun etibarını qazanaraq müəyyən vaxtlarda öz problemlərini həll etmək üçün ondan borc pullar almışdır. O, heç düşünmədən ona borc pullar vermişdir. Lakin sonradan borc məbləğləri artdığından və cavabdehə olan etibarı azaldığından sonradan pulları qəbz yazaraq ona imza atdırmaqla vermişdir. Hətta cavabdehə vermiş olduğu pulları əks etdirən qəbzlərdən birində cavabdeh qəsdən öz imzasını imitasiya etməklə icra etmişdir. Göstərmişdir ki, onun cavabdehə vermiş olduğu borc məbləği 14 000 manatdan çoxdur. Lakin onda yalnız 6016 manatı əks etdirən qəbzlər vardır. O, borcunun qaytarılması ilə bağlı dəfələrlə cavabdehlə danışıqlar aparsa da bütün danışıqları bir nəticə verməmişdir. Bundan sonra cavabdehlə aralarında bəzi problemlər yaranmış və cavabdehi iş otağından uzaqlaşdırmaq məcburiyyətində qalmışdır. Bundan sonra cavabdehdən dəfələrlə ona olan borcunu qaytarmağı xahiş etsə də cavabdeh, buna məhəl qoymamış və ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də indiki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahat verərək göstərdi ki, təxminən 2012-ci ilin payız aylarında Şəki İnzibati-İqtisad Məhkəməsində işə düzəlmiş və həmin məhkəmə iclas katibi vəzifəsində işləmişdir. Lakin 2017-ci ilin təxminən may ayında öz ərizəsinə əsasən işindən ayrılmışdır. Göstərmişdir ki, iddiaçını xeyli vaxt olar ki, tanımışdır. İşdən ayrıldıqdan sonra həqiqətəndə iddiaçı il eyni otaqda vətəndaşlara hüquqi xidmət üzrə nümayəndəliklə məşğul olmuşlar. Bildirmişdir ki, onların iş prinsipi belə olmuşdur ki, vətəndaşların hüquqi xidmətə görə onlara ödədikləri pul məbləğinin yarısı ona yarısı isə iddiaçıya çatırdı. Bununla bağlı ortaq bir qeyd kitabçaları olmuş, alınan məbləğin yarısının ona yarısının da iddiaçıya verilməsi həmin kitabçada qeyd olunmuş və onlar da həmin qeydi öz imzaları ilə təsdiqləmişlər. Göstərdi ki, iddiaçıdan ümumiyyətlə borc almamışdır. Əksinə iddiaçının özünün ona borcu vardır. Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilən hər iki qəbzdəki imzalara baxış etdikdən sonra münasibət bildirərək göstərmişdir ki, nisbətən böyük qəbzdəki birinci imza istisna olmaqla digər imzalar ona məxsusdur. Lakin həmin imzaların üzərindəki yazılar və rəqəm göstəriciləri onun tərəfindən deyil, iddiaçının özü tərəfindən yazılmışdır. Göstərmişdir ki, ümumiyyətlə həmin qəbzlərdə onun tərəfindən iddiaçıya hər hansı borcunun olmasını əks etdirən yazıları varsa onda bütün pulları ödəməyə razıdır. Lakin onun tərəfindən belə bir yazı yazılmamışdır. Bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. Hesab edir ki, iddia əsassızdır və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan nisbətən kiçik qəbzdən görünür ki, Cavabdeh imzasının üzərində 2536 manat pul məbləği öz əksini tapmışdır. İşdə olan nisbətən böyük qəbzdən görünür ki, Cavabdeh imzaları üzərində 3480 manat pul məbləği öz əksini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 4/419 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki; - Ekspertizaya təqdim olunmuş, mülki işin 11-ci vərəqəsində olan qəbzdəki imza, 12ci vərəqəsində olan qəbzdə “pulundan evə material” yazılardan aşağıdakı imza, “Turaldan 500” yazıları önündəki imza, “məndən borc aldı” yazılardan aşağıdakı imza və mülki işin 37-40-cı vərəqələrində olan xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2017-ci il tarixli ərizələrdə “İmza" qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, mülki işin 11-ci vərəqəsində olan qəbzdəki imza, mülki işin 12-ci vərəqəsində olan qəzbdə “pulundan evə material” yazılardan aşağıdakı imza, “Turaldan 500” yazıları önündəki imza, “məndən borc aldı” yazılardan aşağıdakı imza, mülki işin 37-40-cə vərəqələrində olan xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü tarixli, xx.xx.2015-ci tarixli, xx.xx.2017-ci il tarixli ərizələrdə “İmza” qrafasındakı imzalar ilə mülki işin 36-cı vərəqəsində olan xx.xx.2012-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 124 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatı iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xeyli müddət bir-birini tanımışlar. Onlar təxminən 2017-ci ildən birlikdə yer kirayə edərək vətəndaşlara hüquqi yardım göstərmiş, bunun müqabilində müəyyən pul almışlar. İddiaçı cavabdehə cəmi 6016 manat borc pul verdiyini iddia edərək bu məbləği və cavabdehin də imzasını özündə əks etdirən iki qəbzi məhkəməyə təqdim etmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə tərəflərin izahatını və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hər iki qəbzi təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında borcla bağlı hüquq münasibət yaranmış, buna görə də bu münasibətə borc müqaviləsindən irəli gələn müddəalar tətbiq edilməlidir. Belə ki, işdə olan və iddiaçı tərəfindən təqdim edilən hər iki qəbzə nəzər saldıqda aydın olur ki, həmin qəbzlərdə cavabdehin imzası mövcuddur. Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilən hər iki qəbzdəki imzalara baxış etdikdən sonra münasibət bildirərək göstərmişdir ki, nisbətən böyük qəbzdəki birinci imza istisna olmaqla digər imzalar ona məxsusdur. Beləliklə də cavabdeh həmin qəbzlərə imza atdığını etiraf etmişdir. Lakin cavabdeh həmin qəbzlərdə yazıların onun tərəfindən deyil, iddiaçının özünün tərəfindən yazıldığını bildirmişdir. Göstərmişdir ki, ümumiyyətlə həmin qəbzlərdə onun tərəfindən iddiaçıya hər hansı borcunun olmasını əks etdirən yazıları varsa onda bütün pulları ödəməyə razıdır. Lakin onun tərəfindən belə bir yazı yazılmamışdır. Cavabdeh belə bir ifadə verməklə həmin izaların üzərindəki rəqəmlərdə ifadə olunan borc məbləğinin ona aid olmadığını nümayiş etdirməyə çalışmışdır. Halbuki məhkəmə tərəfindən “əgər elədirsə, siz hər iki qəbzə nəyə görə imza atmısınız” sualına məntiqli cavab verməmişdir. Əgər nəzərə alsaq ki, cavabdeh özü 5 il müddətində Şəki İnzibati- İqtisadi Məhkəməsində məhkəmə iclas katibi işləmişdir, belə olan halda onun boş qəbzlərə imza etməsini məhkəmə ağlabatan hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh həmin qəbzlərə imza atarkən imzasının üzərindəki rəqəmlərdə ifadə olunan borc məbləğini oxumuş, onlarla razılaşaraq, bu borc məbləğlərini imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 6016 (altı min on altı) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə 124 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 6016 (altı min on altı) manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə 124 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar